Nağı bəy Şeyxzamanlı

Xatirələr


Скачать книгу

yaranmış vəziyyətin onlara fəlakət gətirəcəyini bilirdilər. Buna görə də yaponların ağır müharibə təzminatını qeyd-şərtsiz qəbul etdilər. Çar hökuməti yaponlarla müqavilə bağladıqdan sonra ölkə daxilindəki hadisələrin qabağını almaq üçün ciddi tədbirlər görməyə başladı. O, bu yolda hər cür qanuni və qeyri-qanuni hərəkətlərdən çəkinmirdi. Əvvəlcə Rusiyanın mərkəzi şəhərlərindəki şovinist ruslar yəhudilərin əleyhinə qaldırıldı. Bir çox şəhərlərdə yəhudi qırğınları baş verdi. Tarixdə misli görünməmiş soyqırım törədildi. Rus millətinin hər sinfi: monarxisti də, sosialisti də soyqırımda iştirak etdi. Çar hökuməti mərkəzi şəhərlərdə istəyinə nail ola bildi. Artıq rus milləti Rusiyanın mərkəzi vilayətlərində sinfi mübarizəni unudub, yəhudi soyqırımı ilə məşğul idi. Ancaq çar hökumətinin böyük bir narahatçılığı da var idi. Azərbaycanın üsyana qalxacağı və Gəncəyə edilmiş rus zülmünün intiqamının gəncəlilər tərəfindən alınacağı ehtimal edilirdi. Bu narahatçılıqla hərəkətə keçən çar hökumətinin yaratdığı faciənin ikinci pərdəsi Azərbaycanda oynanıldı. Gəncə vilayətinin Qarabağ qəzasının mərkəzi Şuşa şəhərində ermənilər türklərin üzərinə hücuma təhrik edildilər. Şuşada olan rus diviziyasının komandanı general Kalaşçapov ermənilərin türklər tərəfindən məğlubiyyətə uğradıldığını görüncə, diviziyasında olan erməni əsgərlərə mülki paltar geyindirib köməyə göndərdi. Gəncə əhalisi Şuşadakı qardaşlarına yardım etməyə başladı. Bundan xəbər tutan Çar hökuməti vaxt itirmədən Gəncədə erməni-türk qırğını törətdi. Rus hökuməti bununla da kifayətlənməyərək milli münaqişəni Azərbaycanın mərkəzi olan Bakıda təşkil etdi. Ermənilər Azərbaycanın hər tərəfində türklərin üzərinə hücum etsələr də, hər yerdə məğlub olmuşdular.

      Azərbaycanın tarixi boyunca ermənilər həmişə türklərdən çəkinmiş, onlarla qarşı-qarşıya gəlməyə cəsarət etməmişlər. Ruslar Qarabağın Şuşa şəhərində açıq-aşkar ermənilərə yardım etsələr də, Bakıda və Gəncədə bunu edə bilməzdilər. Əslində, vilayət mərkəzi olan bu şəhərlərdə rusların hər bir hərəkəti ziyalı azərilərin nəzarəti altında idi. Ancaq vilayət mərkəzlərində ruslar əlaltından da olsa, ermənilərə kömək etməyə çalışırdılar. Çar hökuməti bu şəkildə Azərbaycanda da istəyinə nail olmuşdu. Yəni 1905-ci il inqilabını yatırmaq üçün azərbaycanlıları ölüm-dirim mübarizəsi ilə üz-üzə qoymuşdu. Nəticə etibarilə 1905-ci il inqilabının parlaması ilə sönməsi bir oldu. Mübarizədən qalib çıxan ruslar bir bəyannamə nəşr edərək qeyri-rus millətlərə bəzi haqq və hüquqları bir nemət kimi təqdim etdilər. Əslində, ilk həmlədə geniş şəkildə istifadə edilən haqlar bunlar idi:

      1. "Dövlət Duması"nın (parlament) qurulması və buraya hər millətdən deputat göndərilməsi;

      2. Hər millətə din azadlığı verilməsi və yenə hər millətin öz dilində dərs keçə biləcəyi məktəblər açmasına, qəzet və jurnal nəşr etməsinə icazə verilməsi;

      3. Azadlıq, ədalət və bərabərliyin təmin edilməsi.

      Bir müddət çar hökuməti verilən bu haqlardan öz mənafeyi üçün istifadə etsə də, məhkum millətlər özləri üçün müəyyən işlər görə bildilər. Bu haqların əldə edilməsi ilə Azərbaycanın hər tərəfində ana dilində dərs keçən məktəblər açıldı. Bakıda gündəlik nəşr olu-nan 20 qəzetdən başqa, həftəlik və aylıq çıxan jurnallar da var idi. Bu mətbuat orqanları Azərbaycanın hər tərə-finə göndərilirdi. Bundan başqa, ölkənin hər yerində olduğu kimi, Gəncədə də dörd cəmiyyət quruldu:

      1. "Xeyriyyə" cəmiyyəti;

      2. "Maarif" cəmiyyəti;

      3. "Dram" cəmiyyəti;

      4. "Difai" firqəsi.

      "Xeyriyyə" cəmiyyətinin məqsədi topladığı pullarla xalqımızın bütün ehtiyaclarını ödəmək idi. Çar hökuməti türkcə dərs keçən məktəblərin açılmasına icazə versə də, onun dövlət büdcəsindən maliyyələşdirilməsini qadağan edirdi.

      "Dram" cəmiyyətinin vəzifəsi əsərlər səhnələşdirərək ikinci məktəb olan teatr vasitəsilə xalqın gözünü açmaq və bu yolla topladığı pulları milli mübarizəni dəstəkləmək üçün xərcləmək idi.

      "Difai" firqəsinə gəlincə, bu, ehtiyacdan yaranmış təşkilat idi. Xalqımızla insan kimi davranmayan, onlara qarşı cinayətkar hərəkətlər edən, erməni-azəri milli münaqişəsində açıqdan-açığa ermənilərə yardım edən rus hökumət nümayəndələrinə layiqli cəza vermək ücün yaranmışdı. Xalqımıza qarşı cinayət törətmiş hər bir hökumət nümayəndəsinin hərəkəti tədqiq olunur, sonra o öldürülürdü. Bu dövlət məmurunun nə üçün öldürüldüyü haqqında bir bəyannamə nəşr edilir və bu yolla hadisə barədə məlumat verilirdi. Bəyannamə həmişə "Difai" firqəsinin möhürü ilə möhürlənirdi.

      «Difri» təşkilatının yaranmasının səbəbləri

      Çar üsuli-idarəsi 1905-ci il inqilabını puça çıxarmaq üçün Azərbaycan şəhərlərində əsrlərlə yan-yana dost kimi yaşamış türk və erməni millətlərinin arasına nifaq saldı. Bu zaman ermənilərə kömək etməkdən belə çəkinmədi. Ruslar azərbaycanlıların xoş gününü heç vaxt istəməyiblər. Azərbaycan xalqı, bu gün olduğu kimi, milli varlığı, din, dil, adət və ənənəsi ilə daima rusların diqqətini cəlb etmişdir. Çar Rusiyası tərəfindən Azərbaycan xanlıqlarının istiqlalına zorla son qoyulduqdan sonra xalqın tərəqqi və təkamül yolunda göstərdiyi fəaliyyət, əldə etdiyi uğurlar davam etdiyi üçün ruslar bundan təşvişə düşürdülər. Çar Rusiyasının ən mühüm siyasətlərindən biri Azərbaycan türklərini qaranlıq və cəhalət içində saxlamaq olmuşdur.

      Azərbaycan ziyalılarının ardıcıl şəkildə nümayiş etdirdiyi və göstərdiyi qeyrət sayəsində gündən-günə artan fəaliyyət xalqı rifah içində istiqbala və zəngin vətənlərinin məsud qoynunda ideallarının sonsuz səadətinin əzəli və əbədi nuruna qərq oldu (28 May 1918). İzahına ehtiyac gördüyümüz bu qeydlərdən sonra "Difai" firqəsinin yaranma səbəblərini və hadisələri xatirə dəftərindən nəqlən açıqlamağa cəhd edək.

      Gəncə şəhəri Gəncə çayı ilə ikiyə ayrılmışdır. Şəhərin dağlıq hissəsində və dağlara doğru olan kəndlərdə ermənilər, obalıq hissəsində və obaya uzanan kəndlərdə türklər yaşayırdı. Gəncənin türk məhəllələri arasında Noraşen adlı erməni məhəlləsi də var idi. Əsas türk məhəllələri isə bunlar idi: Ozan, Zərrabi, Əttarlar, İmamlı, Dördyol, Sofulu, Səfərabad, Toyuqçu, Böyük Bağban, Bala Bağban; ermənilərin yaşayış hissəsində üç türk məhəlləsi – Molla Cəlilli, Çaylı, Hacıməlikli məhəllələri var idi. Türklərlə ermənilər arasında nifaq düşəndən sonra bu məhəllələrin sakinləri, xüsusilə qadınlar, uşaqlar və yaşlılar Gəncə çayını keçərək türklər yaşayan məhəllələrə pənah apardılar. Məhəllədə qalan kişilər isə ermənilərə qarşı vuruşdular. Ermənilər isə – qadınlıkişili türk məhəllələrində boş qalmış evlərə soxulur, talan edirdilər.

      İgidliyi ilə məşhur olan Tatoğlu Qara öz adamlarıyla birlikdə ermənilərə ağır zərbələr vururdu. Ermənilərin onu öldürməyə