1926-cı ildən isə partiya üzvü olub.
1928-ci ildə partiya “şüurlu fəhlələri” rayonlara işləməyə çağıranda atam da onlara qoşulub Lənkərana gəlmiş, sonra o vaxt Vərgəduz adlanan Yardımlıya təyinat almışdı.
Separadiyə, anası və qardaşlarının yanına tez-tez gələn atam 1925-1926-cı illərdə burada Mirzəli kişinin on dörd yaşlı qızını görüb, istəyib. Əvvəlcə qızın atası verməyib, sonra üstünə
çoxlu adam tökülüb, axırı razılaşıb. Qız azyaşlı olduğuna görə nişanlı qalmış, nəhayət, 1928-ci ildə yaşı on altıya çatanda evlənmişdilər. Onda da kəbin kəsdirmək mümkün olmadığına görə,
“zaqs”a anamdan bir neçə yaş böyük xalam Mədinəni aparıblar.
Beləliklə, atam Qulamla anam Qızbəs evləniblər.
Mirzənin gərək ki, dalbadal iki qızı olduğuna görə, üçüncü qız – anam doğulanda adını Qızbəs, yəni “qız, bəsdir” qoymuşdular. Bundan sonra onun daha bir qızı olub, yalnız dördüncü qızdan sonra bir oğlu dünyaya gəlib. Qurban adı qoyulan oğlandan sonra Mirzənin daha iki qızı – Dilavər və Şahbikə dünyaya gəliblər. Beləliklə, xalalarım Həlimə, Mədinə, Mülkü, Dilavər və nəhayət, Şahbikə, anam da daxil olmaqla altı qız və bir qardaşları olub.
Yadımdadır, müharibə dövrü idi, altı-yeddi yaşım olardı. Dayım Qurbanı qarlı bir qış günü orduya apardılar və sonra heç bir xəbər-ətər gəlmədi.
Çox mehriban, yumşaq təbiətli cavan idi.
Xalalarım hamısı mehriban və gözəldilər. Bircə Mədinənin övladı olmadı. O və ən kiçiyi Şahbikə çox vaxt bizdə yaşadıqlarına görə onlarla bağlı xatirələr daha çox yadımda qalıb. Bu barədə hələ söhbət edəcəyik.
Atam əvvəllər Yardımlı və Lerikdə, sonralar Lənkəranda müxtəlif vəzifələrdə qulluq edib, arada partiya kursunu bitirib. Amma 1943-cü ilə kimi öz evimiz olmadığına görə orda-burda qalırdıq.
Ata babamı və nənəmi görməmişik. Ana babam Mirzəli və nənəm Gülbəyim isə hələ də
yadımdadırlar. Hədsiz mehriban və mülayim təbiətli insanlardı. Separadidə çox böyük həyətləri, həyətdə saysız meyvə ağacları vardı. O ağacların, xüsusilə armudların artıq nəsli kəsilib. Evin qabağında nəhəng armud ağacı vardı. Ona “Qara hülə”, yəni “Qara armud”
deyərdilər. Dadı hələ də yadımdadır girdə, boz rəngli, iri meyvə idi.
Lənkərandan araba ilə kəndə səfərlərimiz yadımdadır. Orda bütün günü həyəti gəzər, bir də
görərdim ki, həyətin ayaq dəyməyən kol-koslu bucaqlarında gözəl şaftalı, albalı, heyva ağacları toxunulmadan qalıb. Onların meyvəsi heç dərilməz, bu da mənimçün bayram olardı.
Mirzəli ilə Gülbəyim müharibə illərində altmış-altmış beş yaşlarında, heç şübhəsiz ki, ehtiyacdan öldülər. Çünki o illərdə hərə öz hayında idi. Yadıma gəlir ki, Lənkəranda elə
yollarda, yaxud şəhərin ortasındakı bağda neçə-neçə adam uzanıb acından ölərdi. Dəhşətli illər idi. Heç kim heç kimin hayına qalmır, hərə özünün, öz ailəsinin dərdini çəkirdi. Şəhərdə
yaşayanlar üçün nisbətən yaxşı idi. Çünki talonla “qalac” – qara çörək alırdılar. Kərpic şəklində, amma bir az qalın, hərəsi bir kilo olan, qapqara undan bişirilmiş çörək idi. Onu elə-belə yemək ləzzət vermədiyinə görə dilimləyib sobanın üstündə qızardar, sonra xırçıltı ilə yeyərdik.
Babamın yerdən bir qarış hündür olan torpaq döşəməli, gərək ki, qamış və torpaq divarlı evi vardı. Bu evdən daim qəribə, xoş torpaq ətri gələrdi.
Yadımda deyil haçan, yəqin ki, 40-41-ci illərdə Mədinə xala ilə gah qardaşım Qəhrəmanla üçümüz, gah da xalamla ikimiz iyirmi kilometrlik yolu payi-piyada kəndə gedərdik. Görünür, uşaq olduğuma görə yavaş-yavaş getdiyimizdən yol sanki bitib-tükənmirdi. Yorulanda xalam 7
məni belinə alardı. Torpaq yolla hey gedərdik. Ayaqyalın olduğumuzdan toz barmaqlarımızın arasından pıf edib havaya qalxardı. O vaxtlar maşın nadir hadisə idi.
Bəzən kəl arabası ilə gedərdik. Özü də çox vaxt gecələr. Araba iyirmi verstlik yolu yeddi-səkkiz saata başa vururdu. Belə səfərlərimizdən birini “Bir ağac tanışım var” hekayəmdə təsvir etmişəm. Saman döşənmiş arabada arxamız üstə uzanıb göyə tamaşa edərdik. Yadımda qalan başımızın üstündəki saysız ulduzlar, uzaqdakı nəhəng ağaclar, kiçik körpülərin ağ divarları və
nəhayət, araba təkərlərinin və məhəccərinin bitib-tükənməz cırıltılarıdır.
Yumşaq saman üstə uzanıb səssiz-səmirsiz çöllərdən saysız böcək, ilbiz və gecə quşlarının səsi ilə yuxuya gedər, oyananda hələ də yolda olduğumuzu, Mədinə xalanın, Qəhrəmanın və
arabaçının yanımda olduğunu görüb sevinər, kənddə dədəgildə (babamızı “dədə” çağırardıq) paxla, doşab, düyü fətiri, ən əsası isə armud, heyva, alça ağaclarına çıxıb doyunca yeyəcəyimi, ciblərimi dolduracağımı, həm də budaqlarda cırcırama tutacağımı düşünüb ləzzət alardım.
Məktəbəqədərki həyatımdan daha nələr yadımda qalıb? Əlbəttə, uşaqlıq oyunları, qonşu uşaqları ilə dalaşmalarımız, yaxın kəndə – Sutamuradova meyvə oğurluğuna getmələrimiz…
Məhəllə uşaqları Paşa, İlyas, Bayram, Alim, Arif və başqaları həm də savaş mənbəyi idilər.
Savaşmalar da ən çox oyun vaxtı kimsə cığallıq edəndə baş verirdi. Uşaqlar içində açıq favorit –
yalnız Fikrət idi. O vaxt deyildiyi kimi, çox “zağar” idi, yəni dalaşqan. Heç kimdən qorxmurdu.
Üstəlik, anası və böyük qardaşı da davakar, aqressiv və həyasız idilər. Bir də keçəl İlyas heç kimdən qorxmurdu. Çünki dörd-beş böyük qardaşı vardı. Bayramdan, Arifdən və bizdən başqa bu uşaqların ataları yox idi. Yəqin ki, müharibədə həlak olmuşdular. Alimin, hansısa rayonda işləyən atasını, yadımda gəlir ki, öldürmüşdülər. Yasını xatırlayıram, bütün məhəllə yığışmışdı.
Alimin Aydın adlı hədsiz davakar böyük qardaşı vardı. Onların hamısını təbii ki, anaları dolandırırdı. Nə ilə? Əlbəttə, alver ilə. O vaxt başqa qazanc yolu yox idi.
“Qoz-qoz”, “aşıq-aşıq” oyunlarından başqa, “çilink-dəstə”, “ağlar-qırmızı”, “hadar-hadar”
və əlbəttə, ən əsası, futbolu qeyd etmək olar. O vaxt futbol oynamaq üçün heç balaca top da yox idi. Topu “kos” və ya “ləp” adlandırardıq. Uşaqlarla “ləp-ləp oynamağa gedirik” – deyərdik.
Çox vaxt elə küçəmizdə oynayardıq. Nadir hallarda araba, fayton və ya maşın keçəndə
dayanar, sonra hansı vəziyyətdə dayanmışdıqsa, o vəziyyətdə də təzədən oynamağa başlardıq.
Ancaq əsas oyun yerimiz çay qırağı, topumuz isə əsgidən düzəldilən yumru kos olardı.
Ümumiyyətlə, uşaqlığımız həmin çay qırağında