bağırtı davam edirdi. Bir az sonra ayın bir yanı işıqlandı. Anam sevinə-sevinə:
– Aha, ay cinlərin əlindən qurtarır, – dedi.
Çox keçmədi ki, "cinlər qovuldu", ayın üzü açıldı, səsküy yatdı. Hamı sevinə-sevinə evinə çəkildi. O gecə səhərə qədər yata bilmədim. Cinlərin nə olduğunu və onların ayın yanına necə gedib ucaldıqlarını düşünürdüm.
Sonralar coğrafiya dərslərində ayın və günün nə səbəbə tutulduğunu müəllim bizə anlatdı.
Qafqaz və bəzi Şərq xalqları arasında belə bir əfsanə dolaşmaqda idi ki, guya Xızır adlı bir peyğəmbər var, o həmişə diridir. Ona bəzi yerdə Xızır Nəbi, bəzi yerdə Xıdır Nəbi deyirlər. Böyük dərd, fəlakət, ya bədbəxt bir hadisə üz verdiyi zaman, "Ya Xızır" – deyə onu köməyə çağırırdılar. Tiflisdə Xıdır Nəbi adına ayrıca bir kilsə də var idi. İldə bir dəfə fevralın üçüncü həftəsində cümə axşamı o kilsənin günü idi. Çərşənbə axşamı gürcü, erməni və azərbaycanlı arvadlar niyyət edir, buğdanı qovurub kirkirədə üyüdür, sonra onu böyük bir qaba töküb şərbət ilə isladırdılar. Səhərəcən qalıb quruyurdu. Buna "qovut" deyirdilər. Nəzir edən şəxslər hazırladıqları qovutu Xıdır Nəbi kilsəsində dilənçilərə paylayırdılar. Deyərdilər ki, guya kimin nəziri qəbul olubsa, çərşənbə gecəsi Xıdır Nəbi gəlib o qovutdan ya bir az yeyər, ya barmaqlarını üstünə basıb gedərmiş.
Yaxşı yadımdadır, anam da Xıdır Nəbi gecəsi nəzir eləyib qovut hazırlamışdı. Mən qovutu sevməzdim. Anam qovutu böyük bir qabda pəncərəyə qoymuşdu. Mən hər səhər hamıdan əvvəl oyanardım. Həmin gün də tezdən oyananda anamın pəncərəyə qoyduğu qovut yadıma düşdü. Tez pəncərəyə yanaşdım, gördüm ki, Xıdır Nəbi barmağını qovutun üstünə basmayıbdır… Demək, anamın nəziri qəbul olunmayacaq. Tez barmağımı beş-altı yerdən qabdakı qovuta basdım. Anam oyananda pəncərəyə sarı qaçdı. Qovutun üstündə barmaq yerlərini görüb, sevincək çığırdı:
– Xıdır Nəbi qovutuma barmağını basıb!
Tez gedib Məşədi Pərini çağırdı. Barmaq yerlərini göstərib:
– Görürsənmi? – dedi, – Ona şəkk gətirənə lənət!
Məşədi Pəri heyrətlə qovutun üstündəki barmaq yerlərinə baxıb:
– Mehri xanım, Allah nəzirini belə qəbul eləsin: gör, neçə yerdən barmaq basıb, – dedi.
O gün anam qovutu paylamaq üçün Məşədi Pəriyə verib Xıdır Nəbi kilsəsinə göndərdi. Ancaq bu işlərin hamısı atamdan xəlvət olurdu. Bizim ev müəllim evi olduğu halda, mövhumat yuvası idi.
Yeddi-səkkiz yaşında ikən bir dəfə xorzək olmuşdum; səsim tutulmuşdu, danışanda boğulub xoruz kimi banlayırdım. Həmişə evdə uşaqlardan biri xəstələndiyi zaman anam başını itirirdi. O, indi də bərk əl-ayağa düşdü. Qala məhəlləsində dayımgilin qonşuluğunda Gözəldostu adlı bir qoca arvad vardı. Hər kəs xəstələnsə, onu çağırırdı. Hamı ona təcrübəli türkəçarə həkimi kimi inanırdı. Anam tez onu çağırtdırdı. Gözəldostu gəldi. Boğazımı əli ilə yoxlayıb:
– Xorzəkdir, – dedi, – Boğazı da iki tərəfdən gəlib. Bir az yağ ver, ovuşdurum.
Anam nəlbəkidə yağ gətirdi. Gözəldostu barmaqlarını yaladıqdan sonra nə qədər etdisə, ağzımı açmadım. Axırda anam mənə yalvarmağa başladı:
– Oğlum, boğazını basmayacaq, eləcə baxır ki, görsün, qızarıb, yoxsa yox.
Ağzımı açdım. Gözəldostu baxdıqdan sonra:
– İkitərəfli gəlib, görmürsən, vəzləri nə boyda olub? Boğazını basmaq gərəkdir, – dedi.
Gözəldostu ucaboy, əlli beş-əlli altı yaşlarında bir arvad idi. Başına qara kəlağayı örtmüş, üstündən də ağ çarşab salmışdı, əyninə tünd göy rəngdə gen don geymişdi. Uzun, yoğun barmaqları kirdən çatlayıb şişmişdi. Mən onun barmaqlarına baxaraq, özümü kənara çəkməyə çalışdım. Anam yenə yalvarmağa başladı. Mən:
– Barmaqları kirlidir, – dedim.
Sonra o arvadın qolundan tutub dedi:
– Qalx, Gözəldostu, su töküm, əlini sabun ilə təmiz yu.
Gözəldostu əllərini göstərib narazılıqla mızıldandı:
– Mənim əlimə nə olub ki? Tərtəmizdir.
Ancaq yenə də anamın sözünü yerə salmamaq üçün Gözəldostu əllərini yuyub gəldi. Barmaqlarını mənə göstərərək:
– Bax, tərtəmizdir. Yaxşı, oğlum, ağzını aç, boğazını basım. Elə bu gün sağalacaqsan, – dedi.
Nəhayət, ağzımı açdım. O bir əli ilə boğazımdan yapışıb, o biri əlinin şəhadət barmağını ağzıma soxdu. Boğulurdum. Boğazımdakı vəzi barmağı ilə basanda ağrıdan, elə bil ağlım başımdan çıxdı. Qışqırdım. İstər-istəməz onun barmağını dişlərimin arasında bərk sıxmağa başladım. İndi mən də qışqırırdım, o da; səsimiz otağı başına götürmüşdü. Onun əlindən bərk yapışıb çəkə-çəkə ağzımı açdım. O, barmağını tez çıxardıb havada oynada-oynada ufuldayır, anam da mənə acıqlanır, Gözəldostudan üzr istəyirdi. Boğazımın sol tərəfini basmamışdı, ancaq barmağını bir də ağzıma uzatmağa cəsarət etmədi:
– Mehri bacı, sol tərəfdə elə bir şey yoxdur, – deməklə canını qurtardı. Sonra anamdan bir yumurta istədi. Yumurtanın sarısını üstdən boğazıma sürtüb, dəsmal ilə bağladı, tez-tez üzüm turşusu içməyi tapşırdı.
Gözəldostunun "müalicəsi" vəziyyətimi yaxşılaşdırmaq əvəzinə daha da ağırlaşdırdı. Bu xəstəlikdən xeyli əziyyət çəkdim, ancaq o qara kəlağayılı arvadın uzun, yoğun barmaqları yadımdan çıxmadı. Bəzən hətta o barmaqlar yuxuma girir, qaranlıqda ilan kimi boğazıma sarı uzanıb, elə bil məni boğmaq istəyirdi.
İki qardaş
Anamdan eşitdiyimə görə, Cəfər babam öldükdən sonra ailəsini Sənəm nənəm idarə edirmiş. Sənəm nənəm qoçaq və kişi təbiətli bir qadın imiş. Ərindən ona bir yaşadıqları ev, bir də Tiflisin yaxınlığındakı Qarayazda bir bostan yeri qalmışdı. Nənəm Qarayazdakı bostan yerinin ixtiyarını böyük oğlu İsmayıla verib, hər il orda bostan əkdirirmiş. Kiçik oğlu Abbas da Qala məhəlləsində evlərinin qabağında olan Vano bəy Orbelianinin hamamını icarəyə götürmüşdü. Bu iki qardaş həm xarici görkəmcə, həm də təbiətcə bir-birinə bənzəmirdi.
İsmayıl qısaboy, kök, qarayanız, xırda gözlü, Abbas isə ucaboy, qumral gözlü, xoşsifət bir adam idi.
Nənəm oğlanlarını evləndirmək istəyirdi. Ancaq İsmayıl dayımın hər il mədaxili az gətirməsi onu şübhələndirirdi. O, Qarayaza adam göndərib, oğlu İsmayılın orada nə ilə məşğul olduğunu öyrəndi. İsmayıl dayımın Qarayazda pulları siğə etdiyi dul arvadlara yedirtdiyini bilincə birbaş Qarayaza getdi. Dayıma bərk qulaqburması verib, bu işdə yaxından iştirak edənləri məzəmmətlədi. Bu hadisədən sonra nənəm İsmayıl dayımı gözdən saldı, ondan əvvəl kiçik dayım Abbasa Sarban kəndindən