Muğanna İsa

Məhşər


Скачать книгу

olmasaydı, İbrahim bəlkə soruşa da bilərdi ki, kimsiniz və məndən nə istəyirsiniz. Lakin onun cəsarətinə və müdrikliyinə səcdə edən oğlunun qarşısında həddindən artıq riyakar görünməmək xatirinə susub, qiyam elçilərinin özlərinin dillənməsini gözləmişdi. Elçilər onu böyük minnət və yalvar-yaxarla təxtsəltənətə dəvət edəndə, Mənüçöhr törəməsinin ala gözlərinin üstünə çəpər kimi enən uzun, qonur kirpiklərinin arxasında necə incə bir təbəssüm gizləndiyini hətta indi, on iki il keçdikdən sonra da bir kimsə bilmirdi. Çünki incə mətləblərini İbrahim, hətta «Gövhərim» adlandırdığı oğluna da açmırdı. Şirvanşah İbrahim belə adam idi.

      Hələ Əmir Teymurla müqavilə bağlanılan ildən İbrahimə məlum idi ki, bu müqavilə vəliəhd Miranşahın ürəyindən deyil. Müqaviləyə əsasən, Miranşahın ulusunda – Dərbənddən başlamış Bağdada və Həmədandan Rum sərhədinə qədər, vaxtilə Çingiz xan törəməsi Qazan xan Hülakunun hökmranlıq etdiyi böyük ərazidəki hakimlər arasında təkcə şirvanşaha müstəqil ordu saxlamaq ixtiyarı verilmişdi, vəliəhd Miranşah isə, hakimiyyətə qiyamla gəlmiş İbrahim kimi tədbirli bir adamın Hülaku ərazisin daxilində müstəqilliyinə dözmür, şahla bütün görüşlərində ona açıq-aydın nifrətlə baxıb, sinirli, hətta çılğın danışırdı… Əmir Teymurun yaşı artıq altmışdan ötmüş, üstəlik də, cavanlıqda ox yaralarından zədələnmiş bədəninin bir şaqqası qurumuş, deyilənə görə, sağ qolu və sağ qıçı şam kimi ağarmışdı. Səfər vaxtı düzənlik yerlərdə, dəniz otu və ya yunla doldurulmuş arabada uzanır, dağlıq və dərə-təpəli yerlər-də, at belində uzun müddət yol gedəndə dodaqlarını bir-birinə sıxıb, bir kəlmə də danışmırdı. Bütün bunlar İbrahimi gələcəyə baxmağa, hakimiyyət vəliəhd Miranşahın əlinə keçdikdə nələr baş verəcəyini müəyyənləşdirib qabaqcadan tədbir görməyə vadar edirdi… Yeddi gün bundan əvvəl, Şeyx Fəzlullahın Şirvana təzə gəldiyi vaxtlar, İbrahim Bakı hakimi Hacı Firidunu saraya çağırıb, şeyxə Bakıda iqamətgah verməyi, onun müridlərini isə karxanalarda, dükan-bazarda yerləşdirməyi tapşıranda, kölgəsi kimi dayanıb daim onun fikirlərini təkrar edən köhnə müəllimi-vəzirlər vəziri Qazi Bayəzid də bu tapşırıqla razılaşmadıqlarını bildirdilər. «Dinimiz içində on iki sufi təriqətindən ikisi xüsusən qeyri-məqbul və zərərlidir ki, onun da ən zərərlisi hürufilikdir», – dedilər. «Fəzlullahın elmi küfrdür.

      Müsəlmanla tərsaya[18], yəhudi ilə bütpərəstə fərq qoymur. Onun elminə görə toz-torpaq da, kəlb, kərkəs[19] də Allahdır» – dedilər.

      İbrahimin təxtə çıxdığı gündən bəri birinci dəfə idi ki, alimənsəb təbəələri onun sözünü çevirib üzünə ağ olurdular. İbrahim kirpiklərini gözlərinin üstünə endirib, daş kimi tərpənməz üzlə oturub, qapalı bir dünyaya çevrilmişdi. Təxtin arxasında, gümüş haşiyəli xırdaca qalxanları sinələrinə sıxıb, əlləri qılıncların qəbzəsində, hərəkətsiz dayanmış, danışmağa ixtiyarları olmayan candarlardan[20] başqa, bu məclisdə təkcə Gövhərşah dillənmirdi. Bir də ki, qurşağının üstündən sallanan bir batman əti qucaqlayıb, hamıdan aşağıda oturmuş tacirbaşı Hacı Nemətullah, şahın sözünün yerə düşməyindən pərt olub susurdu. Lakin bir azdan İbrahim, nəhayət, kirpiklərini qaldırıb Hacı Nemətullaha baxdıqda, Hacı şahın ondan nə istədiyini başa düşdü və buxağının ətini əsdirə-əsdirə danışmağa başladı: «Dünya kaf-nun[21] üstə bərqərardır. Söz və hikmət əhlinə, o cümlədən Şeyx Fəzlullaha hörmət borcumuzdur… Yaxşı və yamanı da, müsəlmanı və tərsanı da, pakı və murdarı da bir olan Allah özü yaradıb. İti-pişiyi də, qarğa-quzğunu da özü yaradıb. Əgər Fəzlullah bu məxluqatda da Allahın əlamətini görürsə, deməli, onun gözü bizimkindən işıqlıdır». Hacı Nemətullahın bu məntiqi müqabilində yalnız Şeyx Əzəm danışa bilərdi və şahın səbrinə bələd olan məclis indi onun məhz Şeyx Əzəmə üz tutacağını gözləyirdi. Lakin Hacı sözünü tamamlayanda İbrahim dərhal ayağa qalxdı: «Şeyx Fəzlullah bizim düşmənimizin düşmənidir. Elmi küfr də olsa, özü bizə gə-rəkdir», – dedi və bununla da məclis qurtardı.

      O məclis olanda Əmir Teymurla müqavilənin bağlandığı gündən cəmisi bir il keçmişdi, bütün dünyada məşhur ipəyi ilə özü özünə təhlükə yaradıb, tez-tez qonşu xanların, sultanların hücum və talanlarına məruz qalan Şirvanda əmin-amanIıq məhz həmin müqavilənin sayəsində bərpa olunduğu üçün İbrahimin əyan-əşraf və üləmasının hamısı hələ bu müqavilənin sevinci ilə yaşayırdı. Kür boyu Aran torpaqlarından və Şamaxı ilə Mərəzə arasında karvan yolu üstündəki toxmacarlıqların ara-bərəsində tikilmiş kümxanalardan onlarla dəvə belində şəhərə daşınan qızıl qiymətli baramanın daha heç bir talançıya, qarətçiyə qismət olmayacağını düşündükcə, onlar teymuriləri heç də düşmən yox, əksinə, dost və himayədar hesab edirdilər, Əmir Teymurla onun varislərini, o cümlədən Miranşahı da, qan içində üzən dünyada yeganə salamat ada kimi qalmış Şirvanın qələsi, qalxanı hesab edir, gündə beş dəfə qıldıqları namazı Əmir Teymurun adı ilə başlayır, həm öz aralarında, həm şah hüzurunda söhbətlərini də Əmir Teymurla başlayıb onunla da qurtarırdılar. Odur ki, «düşmən» deyərkən İbrahimin teymuriləri nəzərdə tutduğu onların xəyalına da gəlmədi. Çünki bu adamlar hələ nə Miranşahın düşmənçiliyindən xəbərdardılar, nə də İbrahimin teymurilərə gizlin düşmən münasibətindən. Şeyx Fəzlullahın kainatdan və insandan bəhs edən elminin, əslində, teymurilərə qarşı çevrilmiş silah olduğunu isə, İbrahimin özü ilə Gövhərşahdan başqa hələ bir kimsə bilmirdi. Buna görə də o məclis hürufilərin xeyrinə qurtardı və Fəzl Bakıda iqamətgah aldı.

      O vaxtdan keçən yeddi il ərzində Teymur səltənəti nə qədər böyüsə də və Səmərqənd əmiri yenilməz bir cahangir kimi şöhrətlənib yeni qüdrət kəsb etsə də, Fəzl müridlərinin ayağı dəyən yerlərin hamısında yüz minlərlə adam teymurilərə itaətdən çıxıb «batin[22]» olmuş və ya əlçatmaz-ünyetməz dağlara, sıldırım qayalıqlara çəkilmişdi. Hürufilərin «Fəzl günü» yetişəndə batinlərlə birgə bütün o dağlar, qayalar da teymurilərin üstünə yeriməli idi. İbrahimə lazım olan da bu idi. Onun fikrincə, Şeyx Fəzlullah artıq işini görüb qurtarmışdı. İşin sonrasını daha şeyx özü görməməli idi. Əvvəla, ona görə ki, yeddi il bundan əvvəl Şirvana adi şeyx adı ilə gəlmiş bu adam, indi artıq «mühiti-əzəm şeyxi», «xilaskar Mehdi»[23], «Natiq»[24], «Allah» adlanır və yalnız teymurilərin zülmü altında olan şəhərlərdə yox, Şirvanın özündə də əsnafın səcdəgahına çevrilirdi. O biri tərəfdən, Fəzlin gizlin iqamətgahının Bakıda və hürufi ocağının Şirvanda olduğu daha heç kəsdən gizlin deyildi. Kiminsə xəyanəti üzündənmi, yoxsa teymurilərin bütün Şirvanda qorxusuz, qadağasız gəzişən xəbərgir dərvişlərinin səyiləmi, hətta İbrahimin hürufilərlə son dərəcə məxfi əlaqəsi də Miranşaha çatdırılmışdı. İndi söhbət ancaq bu əlaqənin üstündə idi. Ya Miranşah İbrahimin hökmdara və səltənətə xəyanətini