Efron Ariadna

Mənim anam – Marina Svetayeva


Скачать книгу

başmaqlı, balaca ağbaş oğlan peyda olmuşdu. Anam dedi ki, bu, sənin qardaşın Andryuşadır. “Andryuşa qardaşım” əlini ehmalca mənə uzadır, mənsə əllərimi dala çəkib qara ayaqqabımla onun qırmızı ayaqqabısını möhkəm tapdalayıram. Susub var gücümlə, paxıllıq və hikkəmdən çatlayaraq tapdalayıram. Mənim yox, onun – “Andryuşa qardaşımın” belə gözəl qırmızı ayaqqabıları var! Əgər mənim deyilsə, onları əzib məhv eləməliyəm. Andryuşa geri çəkilir, mənsə elə yenə də ayağını tapdalayıram. Andryuşa saçımdan yapışır, mən üzünə vururam. Bizi analarımız ayırır, əllərimizə vururlar. Mən hikkəmdən və hisslərimi ifadə etməyi bacarmadığıma görə partlayıram. İzah etmək üçün sözlərim yoxdu, deyim ki, qırmızı ayaqqabılar mənim olmalıdır və ya onlar heç kimin olmamalıdır!

      Krımda keçən məhz bu yayda mənim qorxaq olduğum üzə çıxdı – Pra mənə kirpi hədiyyə etdi. Amma ona olan mərhəmət və sevgi hissimi iynələrindən iyrənməyim və qorxum üstələdi. Kirpini hamı sığallayırdı – anam da, Pra da, hətta Andryuşa da qabağa qaçıb sığal çəkmək istəyirdi. Mənsə özümü bu iynə yığınına əl uzatmağa məcbur edə bilmirdim. Hətta onun ətrafındakı hava da mənə iynəli görünürdü!

      İkincisi, mənim yemək yeyə bilmədiyim də aşkarlandı. Mən ancaq çeynəməyi bacarıram. Sonuna qədər çeynəyirəm, amma bu çeynəntini heç cür uda bilmirəm, tüpürməyə çalışıram. Anam “tərbiyə işlərinə” bu ilk iki çatışmayan cəhətimdən başlayır. Və bu, uzun illər çəkir. O, qorxaqlığımla öyüdləri, cəzaları, sudan çəkinməyimlə isə sadəcə məni çimizdirərək mübarizə aparırdı. Lakin hər ikimiz tərsdik və mövqelərimizi buraxmırdıq.

      – Sən kirpini sığallamağa qorxurdun, Allah da səni cəzalandırdı – kirpi öldü, başa düşürsən? Öldü, yəni yatdı, amma bir də heç vaxt ayılmayacaq. Xeyr, onu oyatmaq mümkün deyil. İndi sən onu sığallamaq istəsən də, gecdir. Yazıq kirpi! Bütün bunlar sən qorxaq olduğuna görə baş verdi!

      Mən möhkəm ağladım, çox ağladım. Heç indi də Pranın mənə hədiyyə etdiyi kirpinin qorxaqlığım ucbatından sığallamadığımçün öldüyünü, əbədi yuxuya getdiyini unutmamışam. Amma buna baxmayaraq kədərə batdığımı görən Allahın onu diriltdiyini görsəm, özümü onu sığallamağa məcbur edə biləcəyimə əmin deyiləm.

      Uşaq vaxtı mən, həqiqətən də, çox pis yeyirdim. O tərəf-bu tərəfə boylana-boylana, yazıq-yazıq hirsli anama baxa-baxa, bu çeynədiyimi udmalı olduğumu düşünə-düşünə çeynəyirdim. Udmurdum. Ən son həddə qədər çeynəyir, sonra da tüpürürdüm. Bilirdim ki, cəzadan qaça bilməyəcəm, amma yenə də ona doğru uzunqulaq inadı və xrisitiansayağı itaətlə gedirdim.

      O yerəcən tüpürdüm ki, anam məni lüt soyundurub, bacısı Asyanın hədiyyə etdiyi, qırmızı tikmələrlə pişik başı çəkilmiş və “Bon appetit” yazılmış qırmızı salfeti boynuma bağladı. Özü də mənim hündür oturacağım qarşısında əlində manna dolu boşqab və qaşıq oturdu. Yemək prosesimdə çox adamlar iştirak edirdi, hamısı da heç vaxt belə şey görmədiyini desə də, hər biri öz məsləhətlərini yağdırırdı. Anamın çox hörmət etdiyi və məsləhətlərinə qulaq asdığı Pra, ümumiyyətlə, mənə yemək verməməyi, ancaq özüm istəyəndə yedizdirməyi məsləhət gördü. Anam razılaşdı. Yay çox isti keçirdi. Mən elə hey süd içirdim. Üç gün ancaq süd içib acmadığımçün anamdan yemək istəmədim. Dördüncü gün anam dedi ki, uşağımın necə məhv olduğuna baxa bilmərəm. Və məni yenidən boğazımda salfet lüt otuzdurdu. Mənsə gözyaşlarımdan başqa heç nə uda bilmirdim.

      Uzun illər sonra iyirmi üç yaşımda Sovet İttifaqına qayıdanda “Revyu de Moskva” jurnalının redaksiyasında işləyirdim. Telefon zəng çaldı.

      – Ariadna Sergeyevnanı, zəhmət olmasa!

      – Mənəm.

      – Danışan Yelena Usiyeviçdir5. Məni xatırlayırsız?

      – Xeyr.

      – Hə, düzdü, siz o vaxt çox balacaydınız… Necəsiz, necə yerləşə bilmisiz?

      – Çox sağ olun, hər şey yaxşıdır!

      – Yeməyiniz necədir?

      – Mən kifayət qədər qazanıram, normal da qidalanıram, – bu cür qayğıkeşlikdən təəccüblənərək cavab verdim.

      – Ah, mən heç də o barədə soruşmuram, – Useviç sözümü kəsdi, – Necə yeyirsiz? Udursuz? Axı siz uşaq vaxtı heç udmurduz… Mən indiyə qədər lüt oturub başdan-ayağa Marina İvanovnanın yedizdirdiyi sıyığa bulanmış sizi unuda bilmirəm! Və ancaq indi sizin gəldiyinizi öyrəndim və zəng etdim öyrənim ki…

      Anamın gənclik və mənim uşaqlıq illərimin keçdiyi ev hələ də salamatdır. Bayır tərəfdən ikimərtəbə, həyət tərəfdən üçmərtəbəli olan və Borisoqlebsk dalanında yerləşən 6 nömrəli bu köhnə ev Arbatın (keçmiş Povarskaya) və İt meydançalarının yaxınlığında idi. O zamanlar evlə üzbəüz iki ağac vardı – anam onlara şeir həsr etmişdi: “İki ağac”. İndi onlardan biri qalıb – yetim kimi. Həmin evin 5 nömrəli mənzilindən – anadan olduğum Zamoskvoreçyadan köçmüşdük. Bu, əsl qədim Moskva mənzili narahat, dolaşıq, mərtəbəyarımlıq və çox səliqəli ev idi. Qabaq tərəfdən iki qapı vardı. Biri – sol qapı heç kimə aid olmayan otağa açılırdı. Orayla bağlı heç bir xatirəm yoxdur. Sağ qapı isə qaranlıq yemək otağına açılırdı. Gündüzlər çox sadə, kasıbyana görünürdü. Və oranı tavanda olan böyük pəncərə-fənər işıqlandırırdı. Qışda bu fənəri tədricən qar örtürdü. Dalandar dama çıxıb onu təmizləyirdi. Yemək otağında fənərin düz altında böyük dairəvi masa, hələ sonra barəsində söz açacağım üstündə iki tülkü müqəvva, tuncdan dəvə-saat və Puşkinin büstü olan buxarı vardı. Divarlardan birində uzun, narahat, qara, ya klyonkalı, ya da ki dəridən olan hündür söykənəcəkli divan və tündrəngli içi dolu qab olan bufet vardı.

      İkinci qapı yemək otağından dar və qaranlıq dəhlizlə anamın balaca və mənim böyük otağıma (uşaq otağına) aparırdı. Bu mənzilin ən işıqlı otağı – uşaq otağında üç pəncərə vardı. Pəncərələr xatirimdə yerdən tavana qədər iri, təmizlikdən, işıqdan par-par parıldayan, o üzündə qar dənəcikləri görünən kimi qalıb. Bu yaxınlarda keçmiş evimizin həyətinə girdim və həmin üç pəncərənin, əslində, tutqun balaca pəncərələr olduğunu gördüm. Onlar o qədər balaca, nəzərəçarpmazdılar ki, uşaq xəyalımda qalan pəncərələrə qalib gələ bilmədilər!

      Qapıdan solda kömür doldurulmuş qara çuqun soba, arxasında böyük və tavana qədər hündür kitab dolabı görünürdü. Dolabda anamın, mənim və nənəm M.A.Meynin uşaq kitabları vardı. Oyuncaqlarım ən aşağı rəfdə olurdu. Onları özüm götürürdüm, kitablarısa həmişə anam verərdi. Çarpayımın ayaq tərəfi dolabla, baş tərəfisə növbəti dayənin sandığı ilə qonşuydu. Bu otaqda nə böyük masalar, nə oturacaqlar xatırlayıram, amma onlar olmalı idi. Qıraq pəncərəylə qapı arasındakı divan yadımdadır. Dairəvi çərçivələrdəki rəsmləri – Qryoz6 əsərlərinin surətini (quşla qız) xatırlayıram. Bu rəsmlərdən hansılarsa, bəlkə də, elə hamısı nənəm Mariya Aleksandrovnanın işləriydi. Uşaq otağı geniş idi və içərisi iri əşyalarla