Gülxanım Fətəliqızı

Məmməd Arazlı günlərim


Скачать книгу

gələr, uşaqlıqlarından maraqlı söhbətlər edərdi. Onlar Məmmədlə bir kənddən, eyni zamanda uşaqlıq dostu idilər.

      Firidunun söhbətlərindən:

      – Həmişə cütə gedərdik. Bəzən ikimiz də işin öhdəsindən gələ bilməzdik. Bizi çox vaxt öküzlərin boyunduruğunda oturdardılar. “Rəhbərimiz” kəndin ağsaqqalı Xanış kişi işimizdən razı qalmayanda bizi söyməyə ürəyi gəlməz, acıqlı-acıqlı deyərdi:

      – Adə, kəndinizdə “xotuq” (yəni “qoduq”) neçəyədir? Cavab verə bilməzdik, onda bizi qovar, – “əkin yerini tapdalamayın” – əmrini verərdi.

      Məmməd də söhbətə qoşular, öz əlavələrini edərdi:

      – Biz uşaqlar səhərdən gündoğana, axşamlar günbatana “at çapıb” günəşə yetmək, onu səhərlər dağ başında bir qədər tez qaldırmaq, axşamlar batmağa qoymamaq istəmişik. Amma… Biçin çətin işdir, bunu hamı bilir. Biçilmiş sünbülləri toplayıb dərz bağlayardıq. Hamıdan kiçik olduğum üçün kəndin ağsaqqalı Əliş kişi məni işdən xilas etmək məqsədi ilə tez-tez bulağa göndərərdi. Kənddə ancaq qocalar, qadınlar, bir də uşaqlar qalmışdı. Müharibə, aclıq, ehtiyac və qurumayan göz yaşları… Yay vaxtı gündüzün canüzücü ağır işlərindən, sonra gecələr yer şumlamağa gedən, yorğunluqdan, yuxusuzluqdan mürgüləyib boyunduruqdan dəfələrlə yıxılıb-duran, qoşqu mallarını haylamaqdan səsi batan “kişi uşaqlar”dan biri də mən idim. Bəzən mənə elə gəlir ki, insan uşaq dünyasının xatirə cığırları ilə addımlayarkən çox mühafizəkar olur. O cığırlar, o izlər dəyişməz qalır. Bir də saçının ağaran çağlarında yeni mənzərələr tapmaq çətindir.

      Sonralar Məmməd bunları bədii dildə belə təsvir edəcək:

      “Kotan cırıldaya-cırıldaya holavara dəm tutur…

      Qızıl öküzlər mürgülü kotanı dartır. Arabir qoca macqal: – Yeri, başına dönüm, yeri, – deyir”.

      Məmmədin əmisi oğlu Bahadurun söhbətlərindən:

      – Müharibədən sonra bərk qıtlıq idi. Ermənistana duz aparar, onu kartofa dəyişib gələrdik. Babamız da bizimlə gələrdi ki, uşaqlara böyüklük etsin. Elə vaxtlar olurdu ki, yağışa düşürdük, səhərə qədər açıq yerdə, yağışın altında bir-birimizə sığınıb yatardıq. Dağın ayazı ola, yağış ola… səhər ayılanda görürdük ki, az qala donmuşuq. Bir dəfə alverimizi edib geri qayıdırdıq, başımız oyuna qarışdı. Bir də gördüm, ulağın belindəki xurcun yoxdur. Məmmədin xurcunu isə yerində idi. Evdə “məhkəmə” olacaqdı. Fürsət axtarırdım ki, Məmmədin də xurcununu it-bat eləyim. Batabata çatanda çayın gur yerində xurcunu itələyib suya saldım. Su güclü olduğuna görə Məmmədin xurcununu tutmaq cəhdi boşa çıxdı. Daha tək deyildim. İkimiz də xurcunsuz idik.

      Beləcə, uşaqlıq illərini xatırlayaraq ləzzətlə gülərdilər.

      Məmməd həmişə nadincliyindən də ürək dolu danışardı:

      – Çox nadinc idim. Uşaqlardan ayrılıb tək qalanda da özümə “əyləncə” tapardım. Bir dəfə yorğanı başıma salıb itimizi qorxutmaq istədim. İt üstümə cumub ayağımı möhkəm dişlədi. Düz bir ay ayağımı yerə basa bilmədim. Görürsən, yeri indi də qalır.

      Uşaqlarla qayışqapdı oynayanda isə bu iki dişimi itirdim…

      Məmmədin uşaqlığı atası 1945-ci ildə təqsirsiz ləkələnib tutulduqdan sonra daha da çətinləşib. Artıq onlar “xalq düşməni”nin uşaqları idilər. Bütün çətinliklər də buradan başlanırdı. Bu haqda öz əli ilə yazdıqları:

      MƏNİM TALEYİMDƏ YAXŞI ADAMLAR

      Burada mənim şair taleyimdən söhbət getmir, sadəcə insan taleyinin kiçik bir yarpağını tərpədirəm, o, qırıla da bilərdi. Bu dediklərim şair taleyinin nə əvvəli, nə də sonudur.

      Bir vaxtlar anket vərəqlərində təxminən belə məzmunda maddə var idi:

      “Ailə üzvlərindən, qohumlarından tutulanı, xaricdə olanı varmı?” Babasının, atasının, bioqrafiyasından xəbəri olmayan ziyalının vəzifəyə təsdiq olunma məqamında “paxırı açılırdı”: Atasının bibinəvəsinin qaynı oğlu nə vaxtsa İranda yaşayıb. Bundan qətiyyən xəbəri olmayan adam sarsaq damğaya məruz qalır, “irəliçəkmə mənfəətindən birdəfəlik məhrum oldu.

      Cavan vaxtlarında mənim də atamın “xalq düşməni” fəxri adını gizlətdiyim məqamlar olub. 44 il bundan əvvəlki əhvalatı uşaq yaddaşımdan alıb bu günə gətirməyim çox da asan başa gəlməyib. “Xalq düşməni”nin oğlu kimi “gözükölgəli” yaşamaq istəməmişəm. On il beləcə yarıgizli, yarıaşkar bioqrafiyamın gizlətdiyim kölgəli cəhətlərini indi açıb elan edirəm. Əslində, çox şey itib. Atam həyatda yoxdur. O, bu inamla köçüb getdi ki, “on il havayı yatmağımda sovet hökümətinin günahı yoxdur”. Onun düşməni haradasa Şura hökümətinin gözünə girən naxələf, dinsiz-imansız saxtakardır.

      1945-ci ilin avqustunda tutulmuşdu, 1955-ci ilin avqustunda özündən bir neçə il əvvəl bir bəraət və üzrxahlıq kağızı gəldi… özü də Tbilisidən! Oradan niyə? – Bilmirəm.

      Atamı 1945-ci ilin avqust ayında günortaya yaxın, payız şumu (əz düzü herik şumu) elədiyi yerdə tutdular. Biz iki hodaq axşam çağına qədər onu gözlədik. Atam qayıtmadı. Dalımızca gələn olmadı. Öküzləri qara şumda ac-susuz, boyunduruq altında qoyub qaçıb gəldik kəndə. Yazıq heyvanları boyunduruqdan kim açdı, kotan-zəncir kimə təhvil verildi, bilmədik. Bir neçə gündən sonra məlum oldu ki, atamı “göyşapqalılar” tutub. Kənd adamları arasında xısınlaşma başladı. İnqilab illərində, kollektivləşmə dövründən, qolçomaqlarla mübarizə təcrübəsindən, ən nəhayət, 1937-ci il tuthatutundan xəbəri olanlar və bütün bu işlərdə “üzəduran ştatında çıxış edənlər” orda-burda ağızlarından qaçırdılar: Basdılar getdi. Bu “ştatlı üzəduran” atamdan bir az əvvəl səksənə yaxın yaşı olan Abdulla bəy adlı bir kişinin üzünə durmuşdu ki, Molotova Molotov deyib.

      Bir həftədən sonra məlum oldu ki, biz “xalq düşməni”nin övladlarıyıq, ehtiyatlı olmaq lazımdır. Bizim ailə “qara siyahı”ya düşdü. Bir qədər geriyə qayıdıb demək istəyirəm ki, atamdan təxminən bir ay əvvəl bizim kənddən qaranlıq gecələrin birində yeddi zəhmətkeşi, yeddi biçinçini, yeddi əkinçini heç bir günahı olmayan yeddi “günahkar”ı ailəsi ilə birlikdə o vaxt markasını bilmədiyim üstüörtülü maşınlara yığıb apardılar. Altı aydan sonra Sibirdən kağızları gəldi. Adamlar çox ayıq idilər, konkret ünvana, qohum-qardaşa, qonşuya gələn məktublara yiyə duran olmurdu! Bu “yazıq” “boynubükük” məktubları poçtalyon oxuyub kəndə yaydı. Sonralar bildik ki, atamın vəzifəsi bir kənd ağsaqqalı kimi bircə kəlmə demək imiş, daha doğrusu, hazır ifadəyə qol çəkməliymiş ki: bu adamlardan belə iş gözləmək olar. Bunlar faşist Almaniyasının qalib gələcəyinə inana bilərdilər. “Ya bu mətnə qol çəkməlisən, ya da 10 ili kürəyinə yapışdırırıq”. İstintaq aparanın axırıncı sözü bu olub. Fiziki əzabdan, sorğu-sualdan, eyni kəlməni yüz dəfə çeynəməkdən bezən qoca atam çox qətiyyətlə deyib: “10 ilimi ver! Mən ağsaqqal çağımda böhtan deyə bilmərəm”.

      O