görmüşəm. Atam həmişə namaz üstə olardı. Anam hər gün neçə dəfə namaz qılardı (yomiyyə namazı[9]).
Qonşuluqda sağ tərəfdən Məşədi Məhəmmədgildə və sol tərəfdən, dəmirçilər tərəfdən həmə vəqt “Allahu əkbər” sədası qulağıma çatardı. Məscid həyəti gecə və gündüz namazqılan ilə dolu olardı. Və xülaseyi-kəlam, hər gün sübh vaxtı, zöhr vaxtı və şam vaxtı müəzzin Molla Kərimin “Allahu əkbər” nidası asimana bülənd olardı. Haman saat cəmi möminlər əl aftabaya yetirib başlardılar dəstəmazı: “Qül hüvəlla-hü-əhəd, Allahus-səməd…” və dəstəmaz alıb şüru edərdilər namaza. Sübh vaxtı sübh namazına, zöhr vaxtı zöhr namazına, şam vaxtı şam namazına və xiftən namazına.
Və lakin möhtərəm qare[10] elə güman etməsin, bu on yeddi rükət pənckaneyi-yomiyyə namazını əda etmək üçün o qədər vaxt da sərf olunmaya gərək. Bu barədə üzr istəyib ərz edirəm ki, o baxar namaz qılanın həvəsinə və şövqünə. Mümkündür, vaxta qənaət etmək və müxtəsərcə həmd-surəni qiraət edib şüru etmək rüku və sücuda və təşəhhüd və səlam. Allahın da borcunu verdin getdi, dəxi sənin başının üstə durub demir ki, yox, qələt eləmə və tələsmə.
Amma rəvayət etdiyim “qaranlıq” əsrin namazqılanlarını bəndə indi yadıma salanda bunu təsdiq edirəm ki, indi səliqələr büsbütün dəyişilib və bunu indi şəhadət edirəm ki, o zamanın dindar əhli imanlarının və o cümlədən dayımın, qonşuluqda dindar və əhli-iman Molla Əlilərin, Məşədi Məmmədəlinin və cəmi fazillərin və pakdamən hacıların vaxtlarının çox hissəsi namaz qılmağa sərf olunardı. Və çün mən uşaq idim və qeyri-ailələrə o qədər tərəddüdüm yox idi, onunçün də dayımın namaza vaxt sərf etməyi o vaxtın qeyri-möminlərinin ibadət və riyazətinin bir nümunəsi gərək ola.
Sübh azanından dayımın dəstəmaza hazırlıq dua və sənası başlanardı: “Allahu əkbər, Allahu əkbər, bismillahir-rəhmanirrəhim. Qül hüvəllahü əhəd, Allahus-səməd… Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd, bismillahir-rəhmanirrəhim, la hövlə vəla qüvvətə illa-billahü əliyyül əzim. Allahu əkbər”.
O vədələr uşaq idim və yuxum da bu səbəbdən gərək bərk və şirin olaydı və elə indi də. Ancaq o həyəcanla ki dayım namaz qılmağa məşğul olardı, dəxi mümkün deyildi yatmaq və oyanmamaq. Əvvəla, namazını xeyli ucadan qılardı və ikinci elə bətər məxrəclə ərəb ibarələrini tələfüz edərdi və elə bir nazü-qəmzə ilə növ-növ dualar zikr edərdi ki, gün çıxandan da sonra ki, namaz gərək tamam olub qurtara idi, – dayım şüru edərdi Quranın bir neçə surəsini axıradək tilavət eləməyə. Əvvəl başlardı böyük surələrdən, məsələn, yadımda qalan: “Vəşşəms” surəsi, “Qiyamət” surəsi, “Əmmə” surəsidir. Və bunlardan savayı genə bir neçə surəni mərsiyəxantək avazla xanəndə-misal oxuyub keçərdi “İnna ənzəlna” kimi kiçik surələrə və saqqalını tumarlaya-tumarlaya durardı ayağa. Dəxi indi dayım, əlbətə, özünü dünyada yaşayan ən xoşbəxt Allah bəndələrindən dəxi də xoşbəxt hesab edərdi. Bu haman dayımdır ki, otuz il ondan sonra Sabir onun şənində belə bir qəzəl yazdı:
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,
Cənnətə uyqu ipilə bir kəmənd atmaq dilər.
Əbləhin fkrincə, cənnət bir Buxara şəhridir,
Beççətək qilmanları bulduqca oynatmaq dilər.
Və hələ elə güman etməyin ki, dayım öz təklifni qurtardı və dua-sənadan azad oldu. Xeyr, görərdin ki, namazı bu qədər həngamə ilə qılıb qurtarandan sonra durardı ayağa və təsbeh çevirə-çevirə genə öz-özünə dodaqlarının altında vird elərdi: “Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd”, “lahövlə vəla qüvvətə illa billahi əliyyil-əzim, lahövlə vəla qüvvətə illa billahi əliyyil-əzim”.
Buna da diqqət eləmişəm ki, daim namazı əda edib qurtarandan sonra xoş-əhval nəzərə gələrdi. Bunun səbəbini o vədələr mən başa düşə bilməzdim, amma sonra başa düşdüm ki, namazdan sonra dayım üçün üz verən səadətin əsl mənbəyi budur ki, indi dəxi dayım özünü Quranda iman əhillərinə vədə verilən nemətlərə haqlı hesab edir. O kəslərin ki, “amənu və əməlüs-səlihat”, o kəsləri ki, iman gətirib əməlləri salehdir, yəni öz vaxtında namazlarını belə eşqi-übudiyyətlə əda ediblər. “İnnə ləhüm cənnat”, onlar üçündür behiştin bağları ki, “tücri min təhtihəl-ənhar”, haman bağlar ki, orada ağacların altında həmişə arxlar axacaq. Və hələ bu kifayət deyil və dayım üçün tək bircə sulu bağın vədəsi o qədər də qiymətli olmaya gərək, çünki dayımın özünün o günləri yaxşı meyvəli ağacları və sulu arxları var idi. Amma dayım üçün ən qiymətli və ən maraqlı o idi ki, bu bağlarda seyr edən qadınlar, əvvəla, pakizədirlər (“vələhüm fha əzvaci mütəhhirətin”) və saniyən, bu bağın pakizə huriləri orada həmişəlik və baqi idilər: “Və hüm fha xalidun”.
Buna biçarə dayım kəmali-etiqadla inanırdı, əlbətə ki, inanırdı. Yoxsa əgər inanmasa idi, güman edə bilmənəm ki, bütün ömrünün şirin sübh yuxusunu özünə və öz biçarə oğul-uşağına haram edə idi. Onunçün də Sabir burada söylədiyinin bu qisminin dayıma gərək dəxli olmaya:
Məqsədi sövmü səlatildən bu imişkən, yazıq
Həm xudanı, həm də məxluqatı aldatmaq dilər.
Burada biçarə kişi tərəfndən bunu sədaqətlə ərz edə bilərəm ki, dayımın sövmu-səlatindən məqsədi tək bircə həmişəlik cənnətdə mütəhhirə qadınlarla həmişəlik və tükənməyən ömür keçirmək idi. Burada öz ibadəti ilə dayım nə xudanı, nə də bəndəni aldatmaq fkrində yox idi.
Bu, hələ sübh namazıdır. Mülahizə eləmək lazımdır ki, burada dayımın nə qədər vaxtı bu namazı əda etməyə sərf olundu. Və bunu qeyd etmək lazımdır ki, necə ki dayım, habelə də vətənimin qeyri-dindarları.
Hələ bu, sübh namazıdır, hələ bu, ikicə rükət sübh namazıdır. Hələ on yeddi rükət yomiyyə namazının, demək, on beş rükəti qalır.
Doğrudur, zöhr, əsr və şam ilə xiftən namazlarının nədənsə ehtiramı sübh namazı ehtiramınca deyil və bu saydığımız namazlar sübh namazıtək təmtəraq ilə əda olunmurlar. Və lakin genə əda olunurlar.
Xub, əgər söhbət tək bircə on yeddi rükət yomiyyə namazı barəsindədir, bunu iş arasında genə qılıb qurtarmaq olar. Pəs o nədir ki, bu məqalənin yuxarısında zikr olundu ki, o qaranlıq dünya ki, mən ilk dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, haman qaranlıq dünyada valideynimi, qohum-əqrəbamı, qonşularımı və cəmi vətəndaşlarımı həməvəqt, gecə və gündüz namaz üstə görmüşəm? Söhbət əgər tək bircə yomiyyə namazıdır, bu ki cəmən on yeddi rükətdir. Sözdə xilaf yoxdur. Pəs o hansı namazlardır ki, onları il on iki ay gecə və gündüz, mənim yazıq vətəndaşlarım qılmaqdan qurtarmazdılar? Və elə ki sonralar bir az yekəldim və Molla Əlinin məktəbində başladım həmin axirət ülum və fünunundan təhsil eləməyə o vaxt mürur ilə başladım vaqif olmağa ki, dayılarım, qonşularım və cəmi vətəndaşlarım, gecə