qabaqcadan hiss eləsəm də, uşaqlarımın gedişini son ana qədər gecikdirmişdim. Böyük oğlum Rza Amerikada hərbi pilot olmaq üçün təhsil alırdı. O zaman on yeddi yaşındaydı və hər gün bizə zəng eləyirdi. Amerika televiziyalarının araşdırdığı tərzdə olan İrandakı vəziyyət onu son dərəcə qayğılandırırdı. Ölkənin çarəsiz şəkildə xaosa sürükləndiyini görməklə bərabər, oğlumu sakitləşdirməyə çalışır, dözməsi və tamamilə ümidini itirməməsi üçün onu ruhlandırmağa can atırdım.
Ölkənin büsbütün hər yerində insanlar işlərini atmışdılar, müəssisələr dayanmış, iqtisadiyyat pozulmuşdu. Hər gün yeni nümayişlər keçirilir, kinlə dolu yeni təhdidlər səslənir, uydurma xəbərlər sel kimi axırdı. Şah oğluyla telefonla çox qısa danışırdı, o da atasına qayğısını heç bildirməməyə çalışırdı. Və insanlar qaçırdılar. Hər ay firma şefləri, mühəndislər, tədqiqatçılar, dövlət məmurları ölkəni tərk eləyirdilər. Qısa bir müddətdən sonra biz də qara qüvvələrin qətiyyətlə batırmaq qərarı verdikləri bu gəmidə son «mühacirlər» kimi yerimizi tutacaqdıq.
Uşaqların yola düşməsindən lap qabaqkı bir neçə gün qorxulu keçmişdi. Yalnız səkkiz yaşında olan Leyla elə bil, yaşadığımız o insanı dəhşətə salan gərginliyin çox fərqində deyildi, amma on beş yaşlı Əli Rza və on iki yaşlı Fərəhnaz narahatlıqlarını gizlətmirdilər. Böyük qızımızın bağçanın barmaqlıqları önündə uzun müddət durduğunu və sakitcə boş küçələri izlədiyini görürdüm. Əvvəllər ara-sıra oynadığı, söhbətləşdiyi həminki nəşəli uşaqları görməmək onu təəccübləndirirdi. Bütün o uşaqlar hara qeyb olmuşdular? Bu arada generallar, siyasətçilər, pedaqoqlar və bəzi din adamları bir-birinin ardınca saraya gəlib, ərimə düşüncələrini ərz eləyirdilər. Bəziləri barış imkanları və siyasi çözüm yolları göstərirdilər, bəziləri isə vaxt itirmədən orduya atəş açmaq əmri verməsi üçün Şaha yalvarırdılar. Amma o, hər dəfədə: «Hökmdar taxtını yurddaşlarının qanı bahasına xilas eləməyə cəhd göstərməz, diktator bunu düşünə bilər, amma hökmdar bunu əsla eləməz!» deyib hamısını qətiyyətlə rədd eləyirdi.
Şah ən ağıllı çözümün ölkədən getmək olduğunu düşünürdü, beləcə, uşaqlardan ayrılmağı qərara aldıq. Fərəhnaz elə bir ay qabaq, 1978-ci il dekabrın ortalarında böyük qardaşı Rzanın yanına, Amerikaya getmişdi. Leyla və Əli Rzanı da anamla birlikdə onların yanına göndərdik. Əli Rzanın bütün qəlbiylə bağlı olduğu hökmdarlıq bayrağıyla mühafizə alayı uniformasını özüylə götürdüyünü xatırlayıram. Onları bir də nə zaman görəcəkdik, görəsən? Amerika əvvəl bizi qəbul eləyəcəyini açıqlamış, sonra sözünü dəyişdirmişdi; anlaşılırdı ki, orda artıq çox arzulanmırıq. Prezident Sədatın ölkəsi, dost Misir bu səbəblərə görə, ilk dayanacağımız olacaqdı. Uşaqlarımızdan nə qədər uzaq düşürdük!
O səhər qəhvəmizi ayrı-ayrı içdik. Şah erkəndən qalxmışdı və həmişəki kimi, iş otağına getmişdi. Həddən çox sevdiyi bu ölkədə son saatlarını keçirdiyini düşünürdümü? Bundan sonra ölkəsinə heç dönə bilməyəcəyi, görəsən, beynindən keçmişdimi? Bu gün belə, bunları düşünəndə, ürəyim sancır.
Bəzi lazımlı əşyaları yığışdırmaq üçün günortaya qədər vaxtım varıydı. Gecə uşaqların şəkilləri, ailə albomları ağlıma gəlmişdi, onları burda qoymaq fikri məni həqiqətən narahat eləmişdi. Albomları tez toplamalıydım. Keçmişdə qalan xoşbəxtliyimizin bütün xatirələri bu səhifələrin içində yaşayırdı. Bəs, başqa nələri götürməliydim? Elə alt-üst olmuş ruhi vəziyyətdəydim ki, qəfildən şəhərdən kənarda geyməyi sevdiyim bir cüt idman ayaqqabısını götürüb ayırdığımı xatırlayıram. Gözüm ayaqqabılara dikilmişdi, çünki bundan belə istədiyimiz qədər gəzməyə vaxtımız olacağını düşünmüşdüm. Cəsarətimizi itirməmək və müvazinətimizi saxlamaq üçün gəzmək son dərəcə vacibiydi. Bəli, bu ayaqqabılar mənim ən dəyərli dostlarım olacaqdı. Ayaqqabıları özümlə götürmək fikri nagəhan şəkildə məni sakitləşdirmişdi. Bir neçə gün sonra onları əşyalarımın içində görəndə, özüm-özümə acı-acı güldüm. Bu cür ayaqqabıların dünyanın hər yerində tapıldığını necə olub ki, ağlıma gətirməmişdim, yarəbbim! Necə zülmət və soyuq sürgünə doğru yol başlayırdıq?
Sonra kitabxananı dolaşdım, ən sevdiyim kitabları, İranda və dünyanın hər yerində tanıdığım şairlərin, dövlət rəhbərlərinin və yazıçıların mənə ithaf elədikləri kitabları ayırdım. Saray xidmətçilərindən mənə yardım göstərməyə gəlmiş bir adamla birlikdə mənim iş otağımdaydıq.
«Miniatürlər sizindi, Şahbanu. Onları götürün!» – dedi mənə. Böyük hüznlə bu adama baxdığımı xatırlayıram.
«Xeyr, olmaz, hamısı qalmalıdı. Bu incilərdən heç birini götürmək istəmirəm».
Qərarsızıydım: bir tərəfdən, bir gün geri dönəcəyimizə ümid eləyir, digər tərəfdən də, gözümün önünə gələn görüntüdən sarsılırdım: qəzəbdən çılğınlaşmış nümayişçilərin saraya girdiklərini, dolablarımızı, siyirmələrimizi yağmaladıqlarını görürdüm. Hər nəyin bahasına olursa-olsun, kiminsə dəyərli əşyalarımızı özümüzlə götürdüyümüzü düşünməsini istəmirdim! Təkcə ölkəmizin xeyrinə yorulmadan çalışdığımızı bilirdik və ölkəmizdən başımız dimdik ayrılırdıq. Bəli, bəzi xətalar eləmiş ola bilərdik, amma həmişə yalnız ölkəmizin rifahını düşünmüşdük.
Bəzi hökmdarlar və dövlət başçıları tərəfindən bizə verilmiş bir neçə hədiyyəni, bəzi şəxsi əşyaları götürmələri üçün bir neçə gün öncə muzey rəhbərlərini çağırmışdım. Heç olmasa, bu əşyalar oğurlanmayacaqdı. Onların maddi dəyərinin mənim üçün əhəmiyyəti yoxuydu. İnsanın keçmişindən, ruhundan bir parça qoyurmuş kimi, istəyə-istəyə, bilə-bilə ənənəvi İran geyimlərim də daxil olmaqla, digər hər şeyin, rəsmlərin, şəxsi əşyalarımızın, xalıların və b. eləcə yerlərində qalmalarını istəyirdim. Talanın, pis niyyətli cəhdlərin qarşısını almaq üçün televiziyadan bir neçə nəfəri sarayın içini lentə almaları üçün dəvət eləmişdim. Bizim həyatımız İranın taleyilə birgə keçmişdi və bu gün şəxsi əşyalarımızın ölkəmizdən çıxarılmadığından qürur duymaqdayam.
Duyğulu əzablardan son dərəcə yorğun anlar, Tehran qışının sərt havasında parkın ağaclarını seyr edərkən fikrə dalmalar, bu qədər qayğısız yaşadığımız, bizdən ötrü ilıq xatirələrlə dolu meydanlar arasında son saatlar çox tez keçib getdi. Bu əhval-ruhiyyədə ola-ola, Amerikada Fərəhnazı aradığımı xatırlayıram. Qəfildən onun bir ay qabaq otağına və gənc yaşına uyğun xoşbəxtliklərinə yenidən qovuşacağına əmin halda getdiyinin fərqinə vardım. Zavallı uşaq! Bu xatirələri yazdığım ana qədər İranı bir daha görməyəcəyi heç ağlıma gəlirdimi? Ondan nə istədiyini soruşdum:
«Yaxşı fikirləş, Nanazcığım, xüsusi götürməyimi istədiyin bir şey varmı? Söylə…»
Qızımın o zaman İranda çox bəyənilən müğənni olan Səttarın, otağının baş tərəfindən asılmış rəsmini istədiyini biləndə, heyrətləndim. Başqa heç bir arzusu yoxuydu. Elə