Фарах Пехлеви

Fərəh Pəhləvi: Xatirələr


Скачать книгу

qüvvələrini öyrənməyə başlamışdım: ədalətin olmadığı, rəhmsiz, ibtidai dünyanın… Torpaq islahatı hələ keçirilməmişdi, yoxsul kəndli ailəsini dolandırmaq üçün bir az buğda oğurlayar, ya da yanlış iş görərdisə, torpaq ağası onu döyə, hətta daha ağır cəza verə bilərdi. Bu vəziyyəti qəbul eləmir, üsyana qalxırdım, hətta iki-üç dəfə kəndliləri istismar eləyən torpaq sahiblərinə çox qəzəblənmiş, hirsimdən ağlamışdım. Onları gecə, projektorların işıqlandırdığı cipləriylə ceyranları ovlayanda gördüyüm zaman da eyni üsyanı yaşamışdım. Gözləri işıqdan qamaşan zavallı heyvanların ən kiçik qurtuluş şansları yoxuydu! Sevilən bir uşağıydım, yaxınlarım duyğularımı ciddi qəbul eləyirdilər, amma ağaların bu alçaldıcı və zalım hərəkətlərinin mənim kimi kiçik şəhərli qızı nə qədər çox yaralaya biləcəyini tam dərk eləmirdilər.

      Zəncanda yaşayan bibim Əzizin yanında olanda, ciplə uzaq kəndlərə ziyarətə, ya da şənliklərə qoşulmağa gedirdik. Bibim bu bəhanəylə bəzi ailələrə dərman aparırdı. Səfərlər mənim İranın nə qədər böyük və iqliminin nə qədər sərt olduğunu görməyimə imkan verirdi, çünki təhlükələr heç də əskik deyildi. Çayları keçməyimiz, qorxudan nəfəsimizi kəsən dar aşırımların ətrafında dolaşmağımız, heyvanlardan, xüsusilə, canavarlardan ehtiyatlı olmağımız lazım gəlirdi; kişilər bu səbəbdən silah gəzdirirdilər.

      Ara-sıra ata minib, tarlaların arasında dolaşa-dolaşa kəndlilərlə söhbət elədiyimiz də olurdu. Günorta vaxtı hamımız birlikdə çəmənlikdə oturur, kişilərin kəsdikləri qarpızı bölüşdürürdük. Adamlar Azərbaycanın kommunist kampaniyaya qoşulmağa məcbur olduğu günləri hələ qorxuyla xatırlayırdılar. Bir gün köhnə axuru gəzəndə, yanımdakı kəndli bir atın yanında dayandı:

      «Bu ata yaxşı bax, Fərəh, – dedi, – əmin Mahmud xan elə bu atın belində Tudəylə döyüşdü».

      Çox yaşlı, bəyaz atıydı, bu. Onu görəndə, üstünə gün işığı düşmüşdü. İnsanı həyəcanlandıran həmin mənzərəni yaddaşıma həkk elədim.

      Anamın böyük qardaşı Hüseyn dayımın yaşadığı Gilana getmək üçün Tehranın quzeyində hündürlüyü dörd min beş yüz metri keçən Elburz sıra dağlarını aşmaq lazım gəlirdi. İnsanı heyrətdən-heyrətə salan səfəriydi bu. Çay yatağı boyunca qayalıq və çılpaq əraziylə yuxarı dırmanırsınız, sonra yol qəfildən azacıq əyilib, Xəzər dənizinin çimərliklərinə qədər uzanan yamyaşıl vadiyə uzanır. Rütubətin qəfil artdığı bu yerdə bir-birinin ardınca düyü tarlalarını, çay bağçalarını görürsünüz, göyüzü adətən əllə tutulacaq qədər yaxın və qapalıdı. Yayın, yetişən düyünün qoxusu insanı sərxoş eləyir. Əsasən, quraqlıq olan Elburzun güney bölgəsinin əksinə, Gilan yaylalarının suyu boldu. Birdən-birə qabağınıza əncir, portağal, şabalıd ağacları, küsdümağacı, bizdə «ipək ağacı» kimi tanınan ağ çiçəkli albizyalar çıxır, heyrətə düşürsünüz.

      Dayımın Ləhican yaxınlığında çay plantasiyaları varıydı – çay keçən yüzillikdə Çindən gətirilmişdi. Mən də dayımın uşaqlarıyla birlikdə çay yığmağı sevirdim. Fəhlələrə axşam gün boyu yığdıqları çayın ağırlığına görə haqq ödənilirdi. Biz də ən yorğun olanların səbətlərinin dolmasına kömək eləyirdik. Körpələriylə gəlib işləməkdən başqa çarələri olmayan gənc anaların xatirəsi yaddaşımda eləcə qalıb. Körpələri sakit dursun, yatsın deyə, onlara kiçik dozada nəşə verirdilər. Bir gün körpələrdən biri zəhərlənmişdi, biz də qorxudan qıc olmuş gənc ananın körpəsini həyata qaytarmaq üçün başına su töküb, yanaqlarına vurmasına baxa-baxa qalmışdıq.

      Kommunistlərin Gilana müvəqqəti sahib olmalarının imkan verdiyi sürgün və qorxudan burda da danışılırdı. Amma bir neçə ağanın torpaqların xeyli hissəsini əlində saxladığı və insanların çoxunun muzdlu qol güclərindən başqa bir şeylərinin olmadığı ogünkü sistemdə yoxsul kəndlilərin yaşamasının mümkünsüzlüyü də aydınıydı. Torpaq islahatının keçirilməsi qaçılmazıydı, gənc Şahın da bu islahata tərəfdar olduğu söylənirdi. Elə taxta çıxmağından sonrakı ilk bir neçə ayda özü sahib olduğu torpaqların böyük hissəsini hökumətə verib onun kəndlilərə paylanmasını istəmişdi, bu barədəki qərarının ilk əlamətlərini də göstərmişdi. İslahatı bəzi adamlar narahatlıqla, başqaları da səbirsizliklə gözləyirdilər. Toyumuzdan az müddət sonra Şahın verəcəyi ən əhəmiyyətli qərarlardan birinin də torpaq islahatı olacağı o zamanlar ağlımın yanından da keçməzdi, əlbəttə!..

      On bir-on iki yaşındaydım, ölkəmin Tehran və tehranlılardan ibarət olmadığını anlamağa başlayır, özümdən əvvəlki nəsillər kimi, mən də iranlı olmağı öyrənirdim. Bu aidiyyət duyğusunu məktəbli gənclər şairlərimizdən ən böyüyü olan Firdovsinin «Şahnamə»sinin («Şahların kitabı») gözqamaşdırıcı şeirlərində tapırlar. Biz uşaqlar üçün o, İran şəxsiyyətini və iranlı olmağın qürurunu təmsil eləyirdi. Mən də Firdovsini məktəbdə tanıyıb sevmiş, Rzayla onun kitabını oxumuşduq. «Şahnamə» islamiyyətdən qabaqkı dörd xanədanın, yəni İran qurucularının dastanıdı. 995-ci ildə bu şedevri yazan Firdovsi əsərində əfsanəvi qəhrəmanlarımızın igidliklərini, faciələrini, rəhbərlərin tarixini min ildən bəri heç əskilməyən bir dillə danışır.

      Firdovsi bu ana əsəri çox çətinliklə əldə elədiyini və içində bir çox gözəl hekayə olan, qədim zamanlardan qalma kitabdan təkan alıb yazmağı bacardığını deyir:

      «Bu kitabı əldə eləmək istəməyimin səbəbi içindəki hekayələri şeirə çevirmək arzumdu. Bir çox adamdan onu bilib-bilmədiklərini soruşdum. Vaxt keçdikcə, bu əsəri başqalarının axtaracağı qədər uzun yaşamayacağımın qorxusundan ürəyim sıxılırdı. Bir müddət beləcə kitabı axtarmağa sərf olundu. Məqsədimi gizli saxlayır, kimsəyə söyləmirdim. Şəhərdə sadiq bir dostum vardı: güman ki, mənimlə eyni xəmirdən düzəldilib. Ona sirrimi açanda, mənə bunları söylədi: «Bu gözəl fikirdi, axırda məqsədinə çatacaqsan, bu vaxtacan əbəs yerə axtarmayıbsan, həmin qədim kitabı sənə mən gətirəcəyəm. Gözlə! Səndə şeir duyumu var, gözəl söz söyləyirsən, gəncsən, qədimlərin dilini də bilirsən. «Şahnamə»ni yaz və onun köməyilə böyüklərin yanında şanlı yerini tut». Sonra kitabı mənə gətirdi, içimdəki kədər xoşbəxtliyə çevrildi».

      Məktəbdə yoldaşlarımla, evdə də Rzayla «Şahnamə»ni oxuyanda, eyni coşqunu yaşayırdıq. Onun əsərində döyüş səhnələrindən sonra birdən-birə heç bir uşağın laqeyd qalmayacağı və bu öyüdün fövqəladə təsir göstərdiyi sevgi fışqırır sətirlərdən:

      «Sənə bir həyat bağışlanıb; sən başqalarının canını almağı necə fikirləşə bilərsən?»

      «Bir buğda dənəsini sürütləyən qarışqanı belə, incitmə, çünki onun da həyatı var; qarışqa üçün belə həyat çox dəyərlidi».

      Cəsarət və gücün əxlaqla yarışdığı bu dastanvari şeirlərlə «Şahnamə» gənc iranlılara minillik şəxsiyyətlərinə hörmət eləməyi öyrədir. Onun məqsədlərindən biri budu və əsrlərdən bəri davam elədiyi kimi, uşaqlığımın İranında da gəzərgi ozanlar o kənddən bu kəndə gedib, Firdovsinin şeirlərini