ulaşamamışdır.
Məhəmməd Əmin Rəsulzadənin Gəncəli Nizami əsərini 40 sənə sonra da olsa Türkiyədə və Azərbaycanda geniş oxucu kütləsinə eynən ulaşdırmanın bəxtiyarlığı qarşısında şükr edirik.
MÜƏLLİFDƏN
Kitabımız Nizaminin 800-cü doğum ildönümü münasibətilə 1941-də bitmiş, fəqət, savaşın doğurduğu çətinliklər üzündən basımı gecikmişdir.
Bu gecikmə bir yandan müəllifin təəssüfünü gərəkdirmişsə də, o biri yandan hər keçən il əsərin bir az daha dolğunlaşmasına və gözəlləşməsinə yaramış: yeni materiallar, ekləmələr, təsvirlər və haşiyələr gətirmişdir. Qaynaqlardakı bəzi, 1941-ci ildən sonrakı tarixlər kitabda bu surətlə yer almışlar. «Ekləmə» bölümündə bilxassə, «Nizamidən çevirmələr» qismi varlığını bu gecikməyə borcludur.
Fəsil başlarındakı Nizamidən alınan beytlərin türkcə çevirmələri bu gecikmədən qazanılan zamanda yapılmışdır. Gərək bu kiçik «not»ların və gərək kitabın haşiyələrilə sonuna eklənmiş bulunan mənzum parçaların, müəllif ustadın əsərinə layiq bir şəkildə türkcəmizə çevrilmiş olduğu iddiasında deyildir. Bunların Nizami nəzminin ruhunu uzaqdan olsun əks etdirib-etdirmədiklərinin təqdiri təbiidir ki, oxuculara buraxılmışdır, zatən əsərin bu xüsusda müəyyən bir davası da yoxdur, yetişir ki, süs (bəzək) olsun deyə yapılan bu əlavələr əsərin əsl gözə aldığı məqsədi pozmasın.
Kitabın haşiyələrində və «Ekləmə» qismində mətndə bəhs yapılan konuları aydınlaşdırmaq üzrə, Nizamidən bəzi parçalar vermək faydalı görülmüşdür.
İllərin məhsulu olsa da, vasitələrin çox da tam olmadığı şərtlər içində doğulan bu əsərinin, müəllif istər-istəməz əskikliklərdən uzaq qalmadığına qanedir. Oxucularından dilədiyi ən səmimi şey bu əskiklikləri ona bildirmələridir. Bu surətlə Nizami haqqında bizdə zatən əskik bulunan məlumatın tamamlanmasına xidmət etmiş olurlar. Eyni mülahizə ilə əsər haqqındakı ümumi mütaliələrini dəxi, bəyan etmək lütfündə bulunanlar müəllifi son dərəcə məmnun və mütəşəkkir etmiş olurlar.
AZƏRBAYCAN ŞAİRİ NİZAMİ
(1141 – 1209)
Şairlikdəki əsrar pərdəsi, Yalvaçlığındır o, bir kölgəsi. Tanrı hüzurunda sıra tutmuşlar, İkinci şairlər, ilkin yalvaçlar.
BAŞLANĞIC
Nizaminin bu nəzmini oxursan, Sözündə sən onu hazır bulursan. Cilvəsini səndən necə o saxlar, Ki, hər beytində anladır bir əsrar. Yüz sənədən sonra desən harda bu? Beytlərdən nida gəlir ki: ha, hu!1
Yüz deyil, səkkiz yüz ildən sonra dəxi, «ha, hu!»sunu duyduğumuz Nizami Müsəlman Doğusunun ürfan xəzinəsinə daxil, İran və cahan ədəbiyyatında Nizami Gəncəvi deyə tanılan şairdir.
Müsəlman Doğusu deyincə, Nizaminin məmləkəti Gəncəni içinə alan Azərbaycan da hesaba qatılmaq üzrə, Yaxın Doğu ilə Orta Asiyanı qavrayan coğrafi bir bölgə anlaşılır.
Bu bölgənin türlü çağlarda yaşamış olduğu siyasi və tarixi gəlişimilə mütənasib mədəni olğunlaşma dövrləri vardır. Bura bir yandan İran və Turan, bir yandan da Ərəb ilə Əcəm çəkişmə və çarpışmalarına səhnə olmuşdur.
Tarixi olayların təsirilə vücuda gələn qaynaşma və qarışımların sonunda əski mədəniyyətlər yatağı olan bu yerlərdə yeni bir mədəniyyət doğmuşdur: Doğu İslam Mədəniyyəti.
1. DOĞU İSLAM MƏDƏNİYYƏTİNİN ÜÇ ORTAĞI
Məşhur ərəb tarixçisi İbni Xəldunun daha XIV yüzildə qeyd etmiş olduğu üzrə,2 islam mədəniyyəti sadə, ərəblərin yaratdığı bir əsər deyil, islam dininə girmiş millətlərin bərabər yapdıqları bir binadır.
İslam mədəniyyətinin bu xüsusiyyəti Doğuda, islam dünyasının özündən bəhs etdiyimiz bu qismində gözə daha çox çarpmaqdadır.
«La literatüre Arabe» adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız müəllifi Hart miladi VIII yüzildəki ərəb mədəniyyətinin durumundan bəhs edərkən ərəb olmayan ünsürlərin təsirlərini bilxassə (özəlliklə), bəlirtir. Bu dövrdə «İlahiyyat ilə hüquq bilgiləri ərəb olmayanların təsirində idi. Bunun kimi, idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri dəxi, onların əlində idi, ədəbiyyat da onlar tərəfindən yazılırdı».
Doğu İslam Mədəniyyəti onu yoğuran ünsürlərdən üç milli amillə sıx bağlıdır.
Ərəblərlə bərabər onlar qədər, bəzi xüsuslarda hətta onlardan daha çox islam elm və ürfanına çalışmış farslarla türklər vardır. Bu iki irqdən yetişmiş böyük islam şəxsiyyətlərinin dünyaca bəlli adları cildlər dolduran yazılara konu (mövzu) olmuşlar.
Bu qədər də deyil: İslam mədəniyyətinin Doğudakı irəliləməsində ərəbcə ilə bərabər farsca və türkcənin də müəyyən rolları vardır. Birər duyğu, düşünüş və bilgi vasitəsi olmaq üzrə, tarixçə bəllənmiş dövrlərdə bu iki dilin bilxassə, ədəbiyyat sahəsində və o vasitə ilə Doğu İslam Mədəniyyətinin irəliləməsilə genişlənməsində çox önəmli təsirləri olmuşdur.3
2. DOĞU İSLAM MƏDƏNİYYƏTİNƏ MƏNSUB BÖYÜK ŞƏXSİYYƏTLƏRƏ YAPILAN YUBİLEYLƏR
Son illərdə Doğu İslam Mədəniyyətinə mənsub böyük şəxsiyyətlərin xatirələrini anmaq için ildönümləri yapmaq adəti xoş bir gələnək halını aldı.
Bunlardan birincisi 1000-ci ili anılmaq üzrə, İran dövləti tərəfindən Firdovsiyə yapılan ildönümüdür. İkincisi, 1050-ci ili dolayısı ilə islam aləminin və ələlümum mədəni dünyanın türlü mərkəzlərində avropalıların Avisenna dedikləri İbni Sinaya yapılan ildönümüdür. Üçüncüsü də, 500-cü ili anılmaq üzrə, türk dünyasının bəzi mərkəzlərində Nəvaiyə yapılan ildönümüdür.
«Şahnamə»nin böyük yaradıcısı Əbülqasim Firdovsi dünya durduqca yaşayacaq bu böyük əsərini milli bir qayğı ilə, milli qəlibdə, «Əcəmi» diriltmək için «farsca» yazmışdır.4 Bu əsərilə o, ərəb istilası ilə çökmüş bulunan iranlılığı ədəbi şəkildə olsun, yenidən yaşatmışdır. Fars ənənəsini farsca olaraq canlandıran Firdovsi milli bir şəxsiyyətdir. O, İran nasionalizminin ideoloqu və fars oğlu