Эрнест Миллер Хемингуэй

Fiesta


Скачать книгу

yaman bəxti gətirib, – xanım Bredoks döşəmədə Let adlı qara, hündür oğlanın qolları arasında rəqs edən Corcetə baxaraq dedi.

      – Elə deyil ki? – mən dedim.

      – Sözsüz, – xanım Bredoks cavab verdi.

      Kon bizə yaxınlaşdı.

      – Gəl, Ceyk, – o dedi, gəl gedək içək.

      Biz bara yaxınlaşdıq.

      – Sənə nə olub? Yaman pis görünürsən.

      – Heç nə. Sadəcə bu tamaşa mənə pis təsir edir, vəssalam.

      Bu zaman Bret də bara yaxınlaşdı.

      – Hello, dostlar!

      – Salam Bret, – mən dedim. Nə əcəb sərxoş deyilsən?

      – Artıq içməyi tərgitmişəm. Dostlara konyak və soda verin.

      O, əlində stəkan dayananda Konun ona baxdığını gördüm. O elə baxırdı ki, sanki həmyerlisi vəd edilmiş torpağa baxır. Əlbəttə, Kon daha cavan idi. Ancaq o, ümidə layiq bir həvəslə ona baxırdı.

      Bret çox gözəl idi. O, hörmə jaket, tvid yubka geyinmiş, saçını oğlan kimi arxaya daramışdı. Bununla da hər şey başladı. Lakin, əynindəki yun sviter belə onun yarış yaxtasının korpusuna bənzəyən donqarını gizlətmirdi.

      – Əla dostların var, Bret, – mən dedim.

      – Çox istiqanlıdırlar, elə deyil? Özünə bir bax, əzizim! Onu haradan tapmısan?

      – Napoliten kafesindən.

      – Yaxşı vaxt keçirə bildiniz?

      – Ah, misilsiz, – mən dedim.

      Bret güldü.

      – Səhvin var, Ceyk, bu heç yaxşı hərəkət deyil. Bu, bizim hamımız üçün təhqirdir. Bir baxın, Frensiz ilə Co da buradadırlar.

      Bu Konun xeyri üçündür.

      – Bu lap ağ oldu, – Bret dedi və yenə güldü.

      – Arifə bir işarə də kifayətdir, – mən dedim

      – Hə, bəlkə elə deyil? Bu cür dostların içində ürəyin istəyən qədər içə bilərsən.

      Musiqi başladı və Robert Kon dedi:

      – Mənimlə rəqs edərsiniz, xanım Bret?

      Bret ona gülümsədi.

      – Mən bu mahnını Ceykobla oynamağa söz vermişdim, o güldü. Sənin adını Bibliyadan götürüblər, Ceyk.

      – Bəs növbəti mahnını necə? – Kon soruşdu.

      – Biz artıq gedirik, – Bret dedi. Bizim Montmartrda görüşümüz var.

      Rəqs zamanı mən Bretin çiyinləri üzərindən Kona baxdım və onun hələ də barda dayanıb Bretə baxdığını gördüm.

      – Yeni bir qurban hazırdır, – mən ona dedim.

      – Belə demə. Yazıq oğlan. Mən də indi fikir verdim.

      – Yaxşı, – mən dedim. Elə bilirdim onların sayının artmağı sənin ürəyincədir.

      – Cəfəng danışma.

      – Əlbəttə, xoşuna gəlir.

      – Hə, yaxşı, tutaq ki, belədir sonra?

      – Heç nə, – mən dedim. Biz akkordion və banconun sədaları altında rəqs edirdik. Hava isti olsa da, özümü xoşbəxt hiss edirdim. Biz dəstənin başqa bir üzvü ilə rəqs edən Corcetin yanından keçdik.

      – Onu bura gətirmək haradan ağlına gəldi?

      – Bilmirəm, gətirdim də.

      – Getdikcə axmaq romantikə oxşayırsan.

      – Elə deyil, darıxırdım.

      – İndi necə?

      – İndi yox.

      – Gəl, çıxaq buradan. Onun qayğısına qalan çoxdur.

      – Doğrudan istəyirsən?

      – İstəməsəm, niyə təklif edim ki?

      Biz döşəmədən ayrıldıq, mən divardakı asılqandan paltomu götürüb geyindim. Bret barın yanında məni gözləyirdi. Kon ona nəsə deyirdi. Mən bara yaxınlaşıb bir zərf istədim. Müdir birini tapdı. Cibimdən əlli franklıq çek çıxarıb, zərfə qoyub möhürləyəndən sonra ona uzatdım.

      – Mənimlə gələn qız məni soruşsa, zəhmət olmasa, bu zərfi ona verin, – mən dedim. Yox, əgər, bu bəylərdən biri ilə getsə, o zaman xahiş edirəm, bu zərfi mənim üçün saxlayın.

      – C'est entendu, monsieur (Başa düşdüm, cənab, fr.), – bar sahibi dedi. Artıq gedirsiniz? Belə tez?

      – Bəli, dedim.

      Biz qapıya yaxınlaşdıq. Kon hələ də Bretlə nəsə danışırdı. Bret Konla sağollaşıb qoluma girdi.

      – Gecən xeyrə, Kon, – mən dedim.

      Küçəyə çıxıb, taksi axtarmağa başladıq.

      – Elə bil, həmin əlli frankı salıb itirdin, – Bret dedi.

      – Ah, elədir ki var.

      – Bir dənə də taksi yoxdur.

      – Biz Pantona qədər piyada gedib oradan birini tapa bilərik.

      – Gəl, yolüstü istənilən pivəxanaya gedib içək, taksi üçün isə bir adam tapıb göndərək.

      – Küçədə də gəzmək istəmirsən.

      – Əgər çarə varsa, niyə də istəyim?

      Biz ən yaxın pivəxanaya girdik və mən ofisiantı taksi tapmaq üçün göndərdim.

      – Belə, – mən dedim, – biz onlardan uzaqlaşdıq.

      Biz hündür bara söykənib heç bir söz demədən bir-birimizə baxırdıq.

      Ofisiant gəlib taksinin bayırda olduğunu deməsi bizi özümüzə gətirdi. Bret mənim əlimi möhkəm sıxdı. Mən ofisianta bir frank verdim və biz oradan çıxdıq.

      – Deyək, hara sürsün? – mən soruşdum.

      – Ah, hara istəyirsə, ora da getsin.

      Biz əyləşdik, qapını bağlayıb sürücüyə Monsori Parkına sürməsini söylədim. Bret küncdə gözləri yumulu, arxaya tərəf əyilmişdi. Mən onun yanında əyləşdim. Maşın yola düşdü.

      – Ah, əzizim, mən elə bədbəxtəm ki! – Bret dedi.

      4

      Taksi təpəni yuxarı qalxıb işıqlı meydandan keçərək, üzüyuxarı qaranlığa girib, sonra San Etyen du Mont küçəsinin arxasındakı qaranlıq küçəyə daxil olaraq ehtiyatla üzüaşağı düşüb ağacların və Kontreskarpdakı avtobus dayanacağının yanından keçib, Muftar küçəsinin çay daşlari ilə örtülmüş yollarına doğru buruldu. Burada səhərə qədər barlar işıq gəlir, mağazalar açıq olur. Bir-birimizdən aralı otursaq da, köhnə küçəni üzü aşağı düşdükcə bir-birimizə yaxınlaşırdıq. Bretin şlyapası başından düşmüş, başını arxaya söykəmişdi. Mən bir anlığa mağazalardan düşən işığın altında onun çöhrəsini gördüm, sonra yenidən qaranlıq oldu, daha sonra biz Qabelin prospektinə çatdıq