dedim bu gün bazar günüdü, silim-süpürüm. Fürsətdi, evdə heç kim yoxdu.
– Bəs hara gediblər?
– Bağa. Salman usta tapıb, bağda bir az xım-xırd işləri var, onu gördürəcəkdi. Nadirə də dedi, hava yaxşıdı, mən də gedirəm. Ceyhun bu yandan qalxdı ki, onda məni də aparın. Bazarlıq-zad elədim, ət-mət aldım, mindilər maşına, getdilər. Bir işin-zadın vardı?
– Hə, Salman əmim mənə kitab verəsiydi.
Sədəf Gülmirəni yaxşı tanıyırdı. Salmanın ən yaxın dostunun qızı olduğunu bilirdi. Demək olar ki, bir evli kimi idilər. Gülmirə hələ ərə getməmişdən atası ilə bura tez-tez gələrdi. Salman ona həmişə “qızım” deyərdi. Öz atası da Gülmirəni adı ilə yox, “qızım” deyə çağırardı. Ancaq nə sirr idisə, Gülmirə bunun səbəbini özü də yaxşı başa düşmürdü. Salmanın “qızım” deməyi ona daha çox fərəh verirdi. Bəlkə də, bu ona görə idi di, Salman professor idi, elm aləmində tanınmış, adlı-sanlı adam idi?
Gülmirənin toyundan az sonra Salman Nadirə ilə məsləhətləşib, təzə ailə qurmuş cavanları evinə qonaq çağırmış, böyük bir məclis açmışdı. O zaman Sədəf qonağlığın bütün hazırlığını özü eləmişdi. Lap məclisin sonunda, yeyib-içib keflənmiş qonaqlardan kimsə, görünür bütün yaxşı sağlıqlardan əli çıxdığına görə (yenə də sağ olsun) səhərdən ayaq üstə gəzib yan yerə qoymayan Sədəfin (qonaq onun heç adını da bilmirdi, “bacı” deyirdi) sağlığına badə qaldırmışdı…
Gülmirə öz evlərinə girirmiş kimi, içəri keçdi, böyük çilçıraq asılmış bəzəkli qonaq otağından küncdəki otağa adladı. Bura professorun iş otağı idi.
Divar boyu düzülmüş kitab rəfləri, ayna kimi işıldayan yazı stolu, kreslo, stolun üstündə mərmərdən yonulmuş rəqqasə heykəli, hər şey ona tanışdı. Bəzən bax, bu stulda Nadirə, onda isə Salman əyləşib saatlarla elmi söhbətlər, mübahisələr eləyərdilər. Gülmirə isə kənarda dayanıb qulaq asar, müdaxilə etməyə, bir fikir söyləməyə cəsarəti çatmazdı. Mübahisə gah Salmanın iş otağında, gah da Nadirənin xudmani kabinetində davam eləyərdi. Bəzən isə onlar bu cür söz-söhbətdən bezib usandıqlarından tamam ayrı şeylərdən, məsələn havanın yaxşı olub-olmamasından, qışın bərk gələcəyindən, Ceyhunun dərslərindən danışardılar. Sədəf belə hallarda burda yoxmuş kimi, səssiz-səmirsiz dolanar, iş-gücünü görər, elə bil, danışanları eşitməzdi.
Gülmirə kitab rəfini nəzərdən keçirə-keçirə düşünür, özünün də gələcəkdə belə bir kitabxana düzəldəcəyini qət edirdi: “Bu işə gərək çoxdan başlamış olaydım, lap tələbəlik illərindən… Keçib. İndi də gec deyil”.
– Aha, budur! – ucadan səslənən Gülmirə göy cildli kitabı rəfdən çəkib götürdü: – Sədəf bacı, budu o kitab. Salman əmi gələndə deyərsən, yaxşı? – deyib getməyə hazırlaşdı.
– Yaxşı, deyərəm.
Sədəf Gülmirəni qapının ağzınacan ötürdü.
– Deyəsən, əmimgilin bu qonşuları köçüb? – deyə Gülmirə sağdakı təkotaqlı mənzilə işarə ilə soruşdu.
– Hə, iki həftə olar ki, köçüblər.
– İndi kim yaşayır?
– Vallah kimliyini bilmirəm; bir qoca arvaddı, ikicə dəfə görmüşəm.
Gülmirə pillələri düşəndə təzə qonşu bayıra çıxdı. O, saçı ağarmış, gözü eynəkli bir arvaddı. Gülmirənin dalınca baxıb Sədəfdən soruşdu:
– Bu cuvanəzən kimdi, a qonşu?
– Tanışdı.
– Maşallah, tez-tez gəlib-gedir.
– Nadirəynən, Salmannan bir idarədə işləyir.
– Bu da alimdi?
– Yox, alim deyil, ancaq olacaq.
– Bəxtəvər. Indi alim olmaq yaxşı şeydi. Çox yaxşı şeydi. Görürəm də. Yaxşı dolanırlar, maşallah. Mənimkilərin basaratını Allah bağladı. Elə bil, üzü ağ olmuşların göbəyini kəsib zavoda atmışıq, hamısı gedib orda işləyir. – Arvad bir qədər susub xəbər aldı:
– Yaxşı, soruşmaq eyib olmasın, sən axşamlar burda qalmırsan?
– Axşamlar burda niyə qalıram, öz evimizə nə gəlib?
– Deyirəm axı, hər gün səhər tezdən pəncərədən baxıram, görürəm sən gəlirsən. Fikirləşirəm, yaxşı, bizim bu qonşu obaşdan hayannan gəlir? Sən demə, qulluqçusan, hə? Ayı neçəyə danışmısan?..
Sədəf əl saxladı. Əlindəki yaş əskidən su damcılayıb vedrəyə düşür, səslənirdi. Sədəf qızardığını, ürəyinin bütün qanının üzünə vurduğunu hiss elədi.
– Qulluqçu niyə oluram! – deyə çətinliklə dilləndi. – Adam öz bacısına əl tutanda…
– Nadirə sənin bacındı?
Sədəf başıyla “hə” dedi.
– Belə de…
Sədəf izah etməyə başladı:
– Alimdi. Yazığın başını qaşımağa da vaxtı olmur. Işi-peşəsi elə kitab oxumaqdı, yazmaqdı. Mən də boş-bekar adamam…
– Belə de. Deməli ər də alimdi, arvad da!.. Yaxşı, ayda neçə min alırlar?
Sədəf narazı halda dedi:
– Mənciyəz bilmərəm, bacı, nəyimə lazımdı?
– Çox alarlar. Çox alarlar… Məvacibləri az olsaydı, maşın ala bilməzdilər.
Bu ara yaxşı ki içəridə telefon səsləndi, Sədəf tələsik evə girdi; bağdan qayıdan Nadirə ilə telefonda danışandan sonra daha qapıya çıxmadı: “Zəhləm getmişin üzünü görməsəm yaxşıdı”.
DÖRDÜNCÜ FƏSİL
Sədəf Musabəyov qəsəbəsində, hündür, yaraşıqlı evlərlə qabaq-qənşərdə, tramvay yolunun o tərəfındə ağ daşdan tikilmiş təkotaqlı Mənzildə yaşayırdı, oğlu Rəhimlə birgə… İki pəncərəli bu otağın qabağında balaca həyətyanı sahə vardı. Ləklərdə göy-göyərti əkilmişdi. Qapıya yaxın yerdə, kərpic hasarın dibində basdırılmış söyüd ağacı böyüyüb qol-budaq atmış, yayın tüğyanında bu kiçik ailənin yeganə kölgəliyi olmuşdu.
Sədəf həyət-bacaya göz gəzdirdi. Üst-üstə yığılmış köhnə çarpayı başını, əyri təkəri və başqa bir iki para gərəksiz şeyləri görəndə təəccüb elədi:
– Bu nə həngamədi, ay başına dönüm? – Sədəf öz-özündən xəbər aldı.
O, fikirli-fikirli qapını itələyib açdı. Gün dal pəncərədən içəri düşür, döşəmə üzərində ensiz zolaq kimı’ uzanırdı. Rəhim sağ tərəfdəki taxta çarpayıda şirin-şirin yatmışdı. Qalın dodaqları azca aralı idi. Əlinin birini başının altına qoymuşdu.
– Gədə elə pallı-paltarlı yatıb. Bilmirəm belə canına necə sinir? – deyə Sədəf söylənəndə Rəhim gözlərini