sinifdə bildirdikdə, sanki arı yuvasına çöp uzatdın, uşaqlar ayağa durdu, qışqırıq, hıçqırıq, gülüş səsləri bir-birinə qarışdı. Elə bil o anda dünyanın bütün sevincini, gülüşünü, həyəcanını yığıb buraya, pəncərələri gündoğana baxan bu otağa tökdün…
Solğun, kədərli sifətlərimiz güldü, məhzun baxışlarımız sevinclə parladı, uzaqlarda, ancaq xəritədə gördüyümüz, adını eşitdiyimiz yerlərdə atamızın, qardaşımızın sorağında dolaşan pərişan xəyallarımız qayıdıb gəldi.
Yanımda oturan, saya çitdən tuman geyib başına süzük-süzük cuna örtən Nərgizin ayağa qalxıb mənə yol verməyini gözləməyərək partanın üstündən atıldım, qapıya elə bir çiyin vurdum ki, zərbindən divarın suvağı qopub döşəməyə töküldü. Buna fikir vermədən güllə kimi özümü çölə atdım.
Hava təmizdi, xoşdu. Havaya kim ətir səpmişdi?
Dünən o heç belə deyildi. Dünən günəş də bu cur nur saçmırdı!
Yox!
Əli müəllimin ağzından eşitdiyim o ikicə kəlməni ucadan deyə-deyə birbaş evə sarı qaçırdım. Uzun saçım gözümün üstünü örtəndə bildim ki, papağımı yadımdan çıxarıb sinifdə qoymuşam. Bu iki daşın arasında şişburun çarığımın eşmə bağı da açılıb tez-tez qıçıma dolaşır, məni yolumdan eləmək istəyirdi. Mənsə heç nəyə məhəl qoymadan, sol əlimlə saçımı dala ata-ata elə qaçır, qabağıma çıxanlara o iki sözü deyib ötürdüm.
Nəfəsim təngidiyindən çiyinlərim aramsız qalxıb-enir, ağzımdan sanki od çıxırdı. Sifətim alışıb yanırdı.
Ömrümdə heç belə sevinməmişdim. Bəli, on üçillik həyatımda, ağlım söz kəsəndən üzü bəri belə sevindiyim yadıma gəlmirdi. Düzdür, mən müharibə görməmişdim. Ancaq onu iri toy qazanımızı top, tüfəng, tank düzəltdirmək üçün müdafiə fonduna verəndə, tabağımızdan buğda çörəyi yoxa çıxanda, qara arpa çörəyi bal kimi şirin olanda, – gecələr işığımız bayıra çıxmasın deyə pəncərələrə qalın pərdə çəkəndə, nənəm intizarla poçtalyon Məhərrəmin yolunu gözləyəndə, anam fikirli gəzib dolananda, sinif yoldaşım Nərgizin atası Məciddən qara kağız gələndə hiss eləmişdim, duymuşdum…
Kəndin içində sakit-sakit axan çınqıllı çayın üstündəki körpüdən yenicə addamışdım ki, mazutlu kombinezonunun xışıltısı uzaqdan eşidilən ağır yerişli, traktorçu Əmrah kişinin kolxoz həyətinə sarı gəldiyini gördüm. O bu gün də-sən bir işə bax ha!-dava qurtaran gün də arxayın addımlarla yeriyirdi.
«Bəlkə davanın qurtardığını eşitməyib? Yoxsa, dava qurtara, Əmrah əmi də sevinməyə? Yox, yəqin eşitməyib»… – deyə fikirləşdim və ona beş-altı addım qalmış qaranəfəs qışqırdım:
– Dava qurtarıb ey!
Əmrah kişinin cod tüklü, uzun, qara sifətini bir təbəssüm işıqlandırdı.
– Əcəb oğlansan, vallah. Hələ indi eşidirsən? Bir saat bundan qabaq radio xəbər verib,-deyə qabaqdan bir dişi düşdüyünə görə fit çalırmış kimi fışıltı ilə cavab verdi.
«Demək eşidibmiş»! Ötüb keçdim. Qarnı dalına yapışmış Alabaş, tövləmizin böyründə qabağıma çıxıb şırvandı, heç özüm də bilmədim necə oldu, itə bir təpik ilişdirdim və bu sözləri ona da dedim:
– Dava qurtarıb ey!!
İt zingildədi, tüklü quyruğunu qısıb xəndəkdən o tərəfə tullandı. Səsə nənəm çıxdı:
– Kimdi o, ay uşaq? O iti niyə vurursuz durduğu yerdə? – Məni görüb:
– Boy, ədə, neynirsən? – deyə üzümə baxdı.
– Dava qurtarıb ey!..
– Nə? Nə dedin? – Lümə süpürgə arvadın əlindən düşdü.
– Deyirəm, dava qurtarıb!
Nənəm elə səkinin qırağındaca yerə çökdü. Nə qədər fikirləşdisə, nitqi batmış kimi bir söz tapıb deyə bilmədi. Gözlərini döyə-döyə qaldı.
– Nə oldu, ay nənə, sənə?!
Əlini içəri uzatdı. Güclə:
– Su! – dedi.
Mən dəhlizin küncündəki səhəngçədən bir parç su gətirdim. Bircə qurtum içib dodaqlarını islatdı və taqətsiz halda soruşdu:
– Kim deyir, ədə, davanın qurtardığını? Tövşüyə-tövşüyə dedim:
– Əli müəllim indicə sinifdə söylədi. Nənəmin canı üçün, gerçəkdi ey… Radio deyib!..
– İrado da deyib?
– Onda gerçək olar, bala!
Gülzar nənəmin, sanki ayağa durmağa taqəti yoxdu. Elə oturduğu yerdəcə titrək əllərini yuxarı qaldırıb, ürəkdən gələn bir səslə:
– Şükür sənin kərəminə, pərvərdigara, min şükür. Axır ki, qurtardı, – dedi, sonra üzünü mənə çevirdi: – İndi gedənlər gələr. – O, cunasının ucuyla yaşarmış gözlərini sildi.
– Atam da gələcək, hə?
– Boy, gedəyə bax a! Bə nədi, dərdin mənə? Orda ha qalmayacaq?!
Atam nənəmin bircəsiydi. Babam Talış dağlarında tüğyan eləyən partizan davasında ələ keçib Əsəd xan tərəfindən qətl olunanda o, beş yaşındaymış… Birçəyinin birini ağ, birini qara, hörən Gülzar nənəm, atamı ağır əzab-əziyyətlə böyüdüb boya-başa çatdırmışdı. Yazıq arvad, boğazından kəsib gözünün ağı-qarası olan təkcə balasını korluq çəkməyə qoymamışdı. «Dünyada sənətin oldu, ac qalmazsan!» – deyən babamın sözlərinə əməl edərək, nənəm atamı usta Ələsgərin yanında şagird qoyub dərzilik öyrənməsinə nail olmuşdu. Ələsgər kişi rəhmətə gedəndə atam əməlli-başlı dərzilik bacarırmış…
Onu Qüdrətlidə tanımayan yoxdu. Kənddə hamının paltarını o tikərdi. Uşağın da, cavanın da, qocanın da… Təkcə üç nəfər ona paltar tikdirməzdi. Kolxoz sədri Murğuz, hesabdar Cəlil, anbardar Məlik… Onlar atamın tikdiyi paltarları bəyənmirdilər, özlərinin şəhərdə xüsusi dərziləri vardı.
Gününün çoxunu tikiş maşınının arxasında keçirən atam, öz sənətindən zövq ala-ala işlər, yoruldum deməz, hər təzə paltar tikib qurtarandan sonra, yaxşı imarət ucaltmış memar kimi sevinər, sahibinə geyindirib kənardan fərəhlə baxarmış. Kənddə atamın tikdiyi kostyumlar haqqında indi də belə deyirlər: «İslamın əli qızıldı. Onun tikdiyi kostyumu bür, bük, əzişdir, at yerə, o yenə şax, ayaq üstə duracaq!»
Atadanqalma balaca, yastı-yapalaq daxmanı söküb yerində halalca zəhmətinin qazancı ilə bu ikigözlü, aynabəndli otaqları tikdirmiş, həyətində bağ salıb gül əkmiş, çardaq düzəltmişdi. Yaşlı adamlara məxsus bir adətlə o, boş vaxtlarının hamısını bağça-bağa qulluq etməklə keçirərdi.
Qüdrətlidə bir kişi barmağını qatlayıb deyə bilməzdi ki, İslam mənə iynə ulduzu boyda pislik eləyib, ya mənim toyuğuma daş atıb. Yox, deyə bilməzdi! Mənim könlümü qırıb, ürəyimə dəyib – belə deyən