Фарман Керимзаде

Qarlı aşırım


Скачать книгу

xışıldadı. Zərfin üstünə enmiş əl onu Abbasqulu bəyə tərəf itələdi.

      – Yuxarıdan gəlib. Götür sən də bax.

      Qətiyyəti, cəsarət ifadə edən iki göz kağıza baxdı. Sonra Şabanzadənin sarı sifətində, göy gözlərində cavab axtardı, ancaq tapa bilmədi.

      – Sizi başa düşə bilmirəm.

      – Oxu, sonra danışarıq.

      Abbasqulu bəy məktubu zərfdən çıxartdı, baxışları sətirlərin üstündə o tərəf-bu tərəfə qaçdı. Sifətində xoş bir təbəssüm gəzdi. Başını qaldıranda Şabanzadə soruşdu:

      – Kərbəlayı səni eşidərmi?

      O, qaysaq bağlamış qalın dodaqlarını bir-birinə sıxıb çiyinlərini çəkdi.

      – Bilmirəm.

      – Yenə bir fikirləş.

      Demək, Kərbəlayı İsmayılın yanına getmək lazımdır. Əgər Kərbəlayının qiyamı davasız-şavasız yatırılsa, qiyamət olar, o qədər adamın qanı havayı yerə tökülməz. Abbasqulu bəyin sözünü eşidərmi, dediyi yerdə qalmaz ki? Oraya getməyinə Kərbəlayı İsmayıl necə baxar, onu nə cür qarşılayar?

      – Əvvəllər eşidərdi, indi deyə bilmərəm.

      «Əvvəllər» deyəndə o, Kərbəlayı İsmayılın başına gətirilən bir müsibəti nəzərdə tuturdu.

      Kərbəlayı İsmayıl yerəbaxan adam idi. Təsbeh çevirəndə də, aşı şapalaqlayıb aşıranda da, aşıq Xudaqulunun qaravəllilərini dinləyəndə də qaşqabağı açılmazdı. Evdə həmişə buxarının yanında oturardı. Gözləri yol çəkə-çəkə ocağın külünü qurdalayar, tədbir tökərdi. Səhərisi gün ağır bir cinayət baş verərdi, soyuq kül üstündə çəkilmiş qatma-qarışıq xətlər yaxındakı Çimən kəndini ağladardı.

      Bu iki kənd bir-birinə yaxın idi, arada bircə qaya vardı. Qayanı keçməyə heç kəs cəsarət eləmirdi.

      Bir dəfə «sərhəd» pozuldu – Kərbəlayı İsmayılın cöngəsi Çimənin örüşünə keçdi. Təzə nişan taxdığı oğlu Yadullanı yanına çağıran Kərbəlayı İsmayıl dedi:

      – Get cöngəni gətir.

      – Dədə, axı…

      – Deyirsən düşmən aparıb cöngəmizi kəssin?! Bu bizim qeyrətimizə sığışar?! Bir də.. mən səndən başqa kimi göndərə bilərəm?!

      – Dədə, axı…

      – Getməsən, sənə oğul deməyə dilim gəlməyəcək.

      Yadulla tüfəngini götürüb cöngənin dalınca getdi.

      «Sərhədi» keçdi. Arxın üstündəki iydəliyə çatdı. Özünü ağacların dalısına verdi. Boylandı. Bir heyvan izi aşağıdakı nar kollarına tərəf getmişdi. O əyilə-əyilə təzəcə çiçəkləmiş həmin kolların yanına çatdı. Kolların arasına baxa-baxa ehtiyatla yeridi. Kolluqdan çıxanda arxadan onu tutdular. Tüfəngini aldılar, paltarlarını soyundurdular, qulaqlarını, burnunu siyirib kəsdilər, gözlərini oydular…

      Kərbəlayı İsmayılın bu günündə onun harayına çatan Abbasqulu bəy olmuşdu. O, Abbasqulu bəyin qabağında başına-gözünə döymüş, hönkür-hönkür ağlamışdı, ilan dili çıxartmışdı: «Yadulla belimi sındırdı». Abbasqulu bəy uzun get-gəldən, minnətdən sonra Yadullanın meyitini alıb atasına vermişdi.

      Kərbəlayı İsmayıl axırda:

      – Sən mənim boynuma elə bir haqq qoydun ki, Abbasqulu bəy, yüz il qapında nökərçilik eləsəm, əvəzini çıxa bilmərəm, – demişdi.

      O, bunları Şabanzadəyə danışdı.

      – Belə, – deyə Şabanzadə səsləndi. – O vaxt da yaxşılığın keçib, indi də keçsin. Onu açıq-aşkar ölümün əlindən almağa gedirsən. Sənə inanar, sözündən çıxmaz.

      – Yaxşı, tutaq ki, mən deyənlə razılaşdı, silahı yerə qoydu, bunun axırı necə olacaq? Ona dəyib-toxunmayacaqlar ki? Mənim dediyim sonradan yalana çıxacaqsa, indidən heç ağzımı açmayım.

      – Bu barədə qəti bir şey yazılmayıb. İnanıram ki, tutmaq məsələsi olmaz. Bir də… Görək də… Gələcəkdə özünü aparmağından çox şey asılıdır.

      – Mənə bütöv söz deyin.

      – Əl vuran deyilik.

      Abbasqulu bəy dillənmədi.

      Şabanzadə dedi:

      – Onu səndən başqa heç kim ovsuna gətirə bilməz.

      – Qan tökülməsini mən də istəmirəm. Həddindən artıq qan görmüşük. Gözlərimiz qırmızı rəngdən yorulub. Bunun da bir axırı olmalıdı. Daha bəsdi. Ancaq bir az tərs adamdı. Deyiləni eşidəcəkmi? Qorxum bircə bundandı.

      Şabanzadə gülümsünürdü. Bu təbəssüm onun çöhrəsini işıqlandırırdı. O, Abbasqulu bəyin üzünə gülmürdü. Öz ümidlərinə, həqiqətə çevrilən ehtimallarına gülürdü. «Abbasqulu bəyi yola gətirmək o qədər də çətin deyilmiş. Bəs tikintiyə göndərəndə niyə tərslik edirdi, razılaşmırdı? Deyirdi bacarmaram, adımı batıraram. Bu günə qədər də yaxşı işləyib. Kərbəlayı İsmayılın yanında onu təhlükə gözləyir. Amma heç qorxmur. Qəribə adamdı. İradəlidi, möhkəmdi».

      – Yaxşı, belə. Mənim təklifim var. – Şabanzadə qalxdı. Papirosunu yandırdı, gəzindi, – Vedi kolxozunun sədri Xəlili sənə yoldaş versəm necə, narazı qalmazsan ki? Siyahıya salaqmı? Qabaqcıl təsərrüfatın başçısıdır, hamı onun kolxozundan razıdır. Birlikdə gedərsiniz. O da adamlara öz kolxozunun işindən danışar.

      Abbasqulu bəy çayı kənara itələdi. Üstü qızarıb çat-çat olmuş əllərinin soyuğu elə bil stəkana keçib çayı buza döndərmişdi.

      – Birlikdə gedərsən də sözdür. O kişi mənim can-ciyərimdir, dərdimiz-sərimiz bir olub. Hər yerə bir getmişik. Onsuz da mən onu istəyəcəkdim. Xəlilnən lap dünya müharibəsinə getmək də qorxulu deyil.

      Şabanzadə onların yaxınlığını, hər yerə qoşa gedib-gəldiklərini bilirdi. Bilirdi ki, bu məsləhət Abbasqulu bəyin ürəyindən xəbər verir. Ancaq burada rəsmiyyəti gözlədi. Fikirləşdi ki, çətin tapşırığa gedirlər. Dost məsələsi ortalığa gəlməsin.

      – Hazırlığınızı görün, şəhərdən adam gələn kimi yola düşəcəksiniz.

      Hazırlaşmağa nə vardı ki… Qundağını güllə parçalamış beşatılanı var, qayışını çiynindən aşırdığı taxta qoburlu onaçılan da zağlıdır, xalçanın üstündən, Xəlillə birlikdə çəkdirdikləri şəklin altından asılıb. Silahlanıb atların başını buraxacaqlar, vəssalam!

      Səhərisi gün bu kabinetdə Abbasqulu bəyin qəlbinə toxunan bir əhvalat oldu. Şabanzadə palıd taxtalarından düzəldilənə oxşayan seyfə açar salıb burdu, qapını açdı. Geri döndü:

      – Yoldaş Şadlinski, firqə biletinizi…

      – Necə?

      – Qayda belədi. Kommunist çətin tapşırığa gedəndə onun bileti partiya komitəsində saxlanılır. Poza bilmərik bu qaydanı.

      Təklif