Хусейн Байкара

Azərbaycan istiqlal mübarizəsi tarixi


Скачать книгу

alınaraq xəzinə torpaqları ilə birlikdə torpaqsız kəndlilərə təmənnasız verilməsini nəzərdə tutmuşdu. Azərbaycanda torpaq rejiminin dördüncü dövrü – kommunist idarəsinin gətirdiyi kolxoz və sovxoz köləlik rejimidir. Bu rejimin çar Rusiyasının köləlik rejimindən heç bir fərqi olmamışdır. Bu quruluş nəinki Rusiyada, həmçinin Azərbaycanda və başqa rus müstəmləkələrində on milyonlarla kəndlinin qanının axmasına səbəb olmuşdur. Bu barədə bütün dünya bildiyi üçün mövzu üzərində ətraflı dayanmaq istəmirik. Kolxozun üzvü olan əkinçilər istehsal etdikləri məhsulları dövlətə təhvil verirlər. Əkinçilərin yaşamaları üçün kolxoz idarəsi nə verirsə, onunla da kifayətlənirlər. Etiraz etmək haqları yoxdur, heç bir azadlığa sahib deyillər.

      XANLIQ DÖVRÜNDƏ AZƏRBAYCANDA TORPAQ REJİMİ

      Xanlıq dövründə şəriət torpaq rejimini Quran və onun qanunlarına uyğun olaraq təyin edirdi. Bu rejim, həzrət Məhəmməd (s.ə.v.s.)in “Torpaq ancaq onu dirildəcək kimsələrə məxsusdur” (Mən Əhyaa ərzən meyyiten nehyü lehhədəsinə) müddəasına əsaslanırdı. Türkcə, torpaq əkənindir mənasını verir. Quran torpağın Allaha məxsus olduğunu təsdiq edir. Təcrübədə, Allahı yer üzündə təmsil edən padşahlar, xanlar torpağın həqiqi sahibi olmuşdular. Nəzəri olaraq cəmiyyətin üzvü olan hər bir adam şəriət və rəsmi torpaqdan istifadə etmək hüququna malik idi. Harada olursa olsun, şəriət boş torpaqlara bizim indi qüvvədə olan qanuna görə sahibkarlıq edirdi. Bu sahiblik üçün padşahdan, xandan və imamdan izn almaq lazım olurdu. Ancaq bəzi fonda aid olmayan boş torpaqların əkilib-becərilməsi çətinlik törədirdi. Bu torpaqlara sahiblik edən şəxs üç il ərzində həmin torpağı əkib-becərməzsə, sahiblik hüququndan məhrum olunurdu. Şəhərlərdə mülkiyyət əsasnaməsinə görə bir ev və kiçik bağa malik olmaq mümkün idi. Bu daşınmaz mallar irsiyyət şəklində varisə keçirdi. Alınıb-satıla bilərdi. Xanlıq dövründə yerdə qalan torpaqlar üç növə ayrılırdı:

      1 – Boş, əhalisiz torpaqlar.

      2 – Məskun yerlər (torpaqlar).

      3 – Sahibi olan “xalisə” torpaqlar.

      Birinci növ torpaqlar meşələrdən və qeyri-məskun torpaqlardan ibarətdir. Xanların şəxsində hökumətə aid idi.

      Bu yerlər xüsusi adamlara kirayə verilə bilərdi. Meşələrdən isə hər kəs istədiyi kimi istifadə edə bilərdi. Bu torpaqlara sahib olan şəxs ondan istədiyi kimi istifadə etmək hüququna malik idi. Bu torpaqlara sahiblik etmək və bu torpaqlardan xanların aldıqları vergi üsulları müxtəlif idi. Zaqatalada dövlətə, yəni xana aid olan torpaqların məhsulundan alınan verginin onda bir hissəsinə “kəşkul” deyilirdi. Bundan başqa, verginin “qismət” deyilən di-gər bir hissəsi də vardı. Xalq yaşadığı və istifadə etdiyi torpaqların sahibi sayılırdı. Camaatdan vergiləri toplamaq və yerli xalqı idarə etmək üçün xan, bəy və məliklərdən məmur təyin edirdi. Məmur məsələsini xüsusilə qeyd etməkdən məqsədimiz budur ki, bəy və ya məliyin bu idarə haqqı irsi yolla varisinə keçə bilməzdi. Bəy türk kəndlərinə, məlik isə erməni kəndlərinə təyin olunurdu. Onlar alınan vergilərdən istifadə etmək haqqına malik idilər. Bu bəylik və məlikliyin, atadan oğula və ya qardaşdan qardaşa keçdiyi də olurdu, ancaq hər dəfə xanın bunu təsdiq etməsi lazım idi.

      Bəy və ya məliklərin xalqdan aldıqları vergi “avraz” adlanırdı. Bundan başqa, bəyin özünə məxsus əkin üçün ayrılan torpaqları kəndlilər iki gün ərzində işləyib, əkməli idilər. Bəylərin ev işlərini qulluqçular və xidmətçilər görürdü. “Xalisə” adlandırılan və bəylərin mülkləri kimi hüquqi məna kəsb edən boş yerlər vardı. Bəylər bu torpaqlarda hərbi əsirləri və başqa yerdən köçən mühacirləri, qaçqınları yerləşdirmək səlahiyyətinə malik idilər. “Xalisə” mülklər irsiyyət yolu ilə varisə verilirdi. Ancaq xan dəyişdiyi zaman yeni gələn xan xalisə yerlərin sahiblərini təsdiq və qəbul etməli idi. Əks halda bəyin sahiblik haqqı ləğv olunmuş sayılırdı. Bu yerləri əkib-becərən kəndlilər bəylərə verginin otuzda dörd hissəsini verirdilər. Bu səbəbdən belə yerlər mülk adlandırılırdı. Mülk olan yerlərdən başqa İrəvan və Naxçıvan xanlıqlarında torpağa sahibliyin başqa bir forması “tiyul” adlandırılırdı. Xan, özünə yaxın olan, sarayında, xanlığında xidmət edən şəxslərə tiyul bəxş edərdi. Belə torpaqları əkib-becərən kəndlilər xanın təyin etdiyi şəxslərə verginin onda bir hissəsini verirdilər. Bu vergidən tiyul sahibi ölənə qədər istifadə edirdi. Öldükdən sonra tiyul varisə deyil, xəzinəyə qalırdı. Çünki torpaq dövlətin idi, buna görə də tiyul dövlət vergisi sayılırdı. Bəzən mülkdən alınan vergi ilə tiyul bir şəxsin əlində cəmlənə bilirdi. Bəzən də tiyul irsi haqq olaraq qəbul edilirdi, nəticədə mülk şəklinə çevrilirdi. Xanlıq dövründə olan torpaq rejimi haqqında bildiklərimiz bu qədərdir. Bununla biz xanlıq və bəylik zamanı kəndlilərin vəziyyətinin, yaşayış tərzinin yaxşı olduğunu iddia etmək fikrində deyilik. Ancaq kəndli Rusiyada olduğu kimi kölə deyildi və alınıb-satıla bilməzdi. İstədiyi zaman işlədiyi torpağı tərk edib gedə bilərdi.

      ÇAR RUSİYASININ İŞĞALINDAN SONRA TORPAQ REJİMİ

      Çar Rusiyasının işğalından sonra Azərbaycanın torpaq rejimi bir müddət xanlıq dövründə olduğu kimi qaldı. Rus işğalına qarşı çıxmayan bəy və ağalar əllərindəki torpaqlardan istədikləri kimi istifadə etdilər. Ancaq rus istilasına qarşı çıxan bəy və ağaların torpaqları əllərindən alınıb rus idarəçiliyinə sədaqətli olan və ona xidmət edənlərə verildi. Bu vəziyyət 1841-ci il mayın 28-nə (10 iyun) qədər belə davam etdi.

      Həmin tarixdə çarın fərmanı ilə torpaqlar üzərindəki idarə hüququ bəy və ağaların əlindən alınaraq onlara aylıq maaş təyin edildi. Bu tarixə qədər ölkənin idarəsi rus hərbi üsul-idarəsi şəklində davam edirdi. Buna “komendant” idarəsi deyilirdi. Zaqafqaziya ölkəsi iki vilayət və bir mahal üzrə üç idarəyə bölünmüşdü. Bu idarəçilik 1833-cü ildə çar dövlət şurası tərəfindən təsdiq edilmişdi. Beləliklə, rusların Zaqafqaziya dedikləri Cənubi Qafqaz, mərkəzi Tiflis olan gürcü torpaqları on qəzaya ayrılmışdı və birinci vilayət adlanırdı. Azərbaycanın mərkəzi Bakı, Gəncə, Şəki, Şirvan, Qarabağ, Lənkəran, Quba qəzaları ikinci vilayət adlanırdı. Mahal isə rus idarə bölgüsündə vilayət idarəsindən kiçik olub, İrəvanı, Naxçıvanı, Gümrünü və Şaragölü əhatə edirdi. Həmin ərazilərdə azərilərlə yanaşı ermənilər də yaşayırdı.

      Cənubi Qafqazda rus hərbi idarəsinin məqsədini aydınlaşdırmaq üçün təkcə azəri mənbələrindən deyil, başqa mənbələrdən də istifadə edəcəyik.

      1820-ci ildə Qarabağda erməni tacirləri komendant idarəsindən təngə gəldiklərini şikayət ərizəsində belə bildirirdilər: “Qa-rabağ Mehdiqulu xanın idarəsində olarkən, biz təklif və şikayətlərimizi ona bildirərdik. O, xalq arasında olan etibar və hörmətimizə görə bizimlə yaxşı rəftar edər, xahişimizi diqqətlə dinlər və ədalətli hökm verərdi. Rus komandirləri isə cahil kəndlilər ilə bizim aramızda heç bir fərq qoymur, nəinki komendantlar, hətta onların məmurları belə bizi istədikləri kimi təhqir edir, heç bir səbəb olmadan məhkəməsiz, sorğu-sualsız, yaşımıza, xidmət və sədaqətimizə baxmayaraq bədən cəzasına məruz qalırıq, yəni döyülürük”.

      Baron Qan tərəfindən I Nikolaya göndərilən raportda