Мир Джалал Пашаев

Bir gəncin manifesti


Скачать книгу

günün yarağı – qaşlı xəncər. Bu saat o lüt oğlunun baş-gözündə qırmızı xətlə bir ərizə yazım ki, qiyamətəcən şəhərbəşəhər oxunsun!

      Bala Əbülfət bunu deyib qapıya yönəlmək istəyəndə sanki Ağarəşid yuxudan ayıldı:

      – Əmioğlu, – dedi, – sən dayan, özüm öhdəsindən gələrəm.

      Əmisi oğlanlarının da ona qoşulduğunu görüb cürətləndi, düşmən üstünə üçlükdə gəldilər. Öz aralarında tədbir tökmüşdülər. Ağarəşid qabaqca hərifi çağıracaqdı. Hərif onu tək görüb çıxanda o birilər quzğun kimi töküləcəkdilər üstünə.

      Ağarəşid məhz yanınca gətirdiyi əmisi oğlanlarına arxalanaraq Sona ilə ucadan danışıb hədə-qorxu gəlir, meydan oxuyurdu.

      Səhər açılmamış yüzbaşı Yassar Lətif Mərdangilin qapısını kəsdi. Sonra arvadın üstünə qışqırdı ki, «ya Mərdanı ver, ya dürüst yerin de!»

      Sona and-aman elədi.

      – Ay Lətif qardaş, özüm də bilmirəm. Axşam evdən çıxdığıdır.

      Əhvalatı da özgədən eşitmişəm.

      Yassar Lətif qaşqabağını töküb ədalı-ədalı soruşdu:

      – Kimə biçirdi?

      – Heydər uşağına!

      – Aşağıküçəlilərəmi?

      – Bəli, aşağıküçəlilərə!

      Yüzbaşı atı Heydər uşağının biçənəyinə çapdı, güman edirdi ki, Mərdan biçinə getmiş olar. Biçənəkdə şehi qurumamış ot içində iki nəfər kərənti çalırdı. Deyildiyinə görə, Mərdan heç bu günü işə gəlməmişdi.

      İKİNCİ FƏSİL

      «PONYATNO! PONYATNO!»

      Qarışqa qanad gətirəndə ölümü yaxınlaşar.

ATALAR SÖZÜ

      Bahar Daşlıcada quzu otarırdı. Təpənin böyründə qar ərimiş, yenicə qurumuş quzeydə bir otluq yer tapmışdı. Sıx bitən körpə, yaşıl məxmər otlar torpağı örtmüşdü. Bahar quzuları mal-heyvan ayağı dəyməmiş bu xam yerə buraxdı.

      O, həmişə otluq yer tapanda sevinərdi, çünki quzular, tərs çəpişlər uzağa getmir, başıaşağı otlayırdılar. Quzuların xırıt-xırıt otlamağı Baharın xoşuna gəlirdi. Aclığın dadını bildiyi üçün quzunu doyurmamış evə qaytarmaq istəməzdi.

      Quzular ota daraşıb bir yerə komalaşanda Bahar arxayın oldu ki, heyvan buradan özünü doyurmamış çəkilməyəcək, heç yerə getməyəcək. Bir də gün əyiləndə dərəyə tökmək, suvarmaq lazım olacaq. Bahar indi özünü dinc, sərbəst hiss etdi, oynamaq istədi. Əl edib aşağıdakı quzuçuları hayladı. Qonşuları Mürsəl də dərədə otarırdı. Baharın səsini eşidib quzuları yuxarı diklədi.

      Bahar onun özünü çağırırdı. Oynamağa çağırırdı. Hay vurdu.

      – Özün gəl, ay Mürsəl, özün!

      Mürsəl quzuların dalınca yüyürüb ağzını qaytarırdı. Ayaq səslərindən Baharın dediklərini yaxşı eşitmədi. Dayanıb əlini alnına qoydu, ona sarı baxdı. Bahar əli ilə işarə verirdi.

      – Ayə, özün gəl, quzuları gətirmə, ey, gətirmə!

      Mürsəl cavab verdi:

      – Başına buraxa bilmərəm axı!

      – Buradan baxarsan, görükür!

      – Uzaqdır, sonra bir şey olar.

      – Nə olacaq günün günortasında.

      Mürsəl razı olmadı:

      – Oynamıram!

      Bahar qışqırdı:

      – Yaxşı, sür gəlsin!

      Mürsəl də quzularını Baharınkılara qatdı. Onunkular lap ac idi, Bayaqdan dərədə, su kənarında, daşlar arasından tək-tək ot yarpağı tapan quzular indi lap yaşıllığa düşmüş, xırpaxırp salmışdılar. Çoxu tez-tez otlaya-otlaya sanki bir məhvər ətrafında hərlənirdi. Öz dövrəsindəki otu elə təmiz yeyirdi ki, deyəsən bu yeri, bir boşluq, tala açmaq üçün oraqla biçiblər.

      Mürsəl belə quzularına «təndirqoyan» deyirdi.

      Bahar çarığının burnu ilə torpağı eşib hamarladı:

      – Qat-qat oynayaq.

      – Məndə aşıq azdır.

      – Məndə də. Səndə neçədir?

      – Ver bir az.

      Bahar yumruğunu düydü. Mürsələ tərəf tutdu.

      – Təksən, cüt?

      Mürsəl onun balaca yumruğunu ovcuna aldı, ovcunda soyuq bir daş duydu, diqqətlə baxdı. Onun balaca, quru barmaqlarında budaqlanan göy damarları və hətta sümükləri də görünürdü. Ancaq təkmi, cütmü daş götürdüyünü bilmək olmurdu. Barmaqlarını ovcuna bərk sıxmışdı. Əli ilə Baharın yumruğuna vurub dedi:

      – Tək!

      Oyun Baharın idi. O, cibindən çıxartdığı rəngbərəng aşıqlardan bir çəngə yerə tökdü, iki dənəsi alçı durdu.

      – Ötür iki aşıq!

      Mürsəl əlini cibinə salıb aşıqları çəngələdi, lakin cibindən çıxarmadı. Başını yana əyib cibində aşıqlara baxdı, xırdasını və pisini seçdi, Baharın üstünə atdı.

      – Ədə, a çoban, quzuyu qaytar hay!.. Qoruğa qoyma hay!

      Bahar dik atıldı. Quzular uzaqlaşmışdı. Bir neçəsi təpəciyi aşıb qoruğa yaxınlaşırdı. Mürsəl dedi:

      – Mənimkilər təndir qoyur, sən yüyür!

      Bahar enişə doğru qaçdı. Mürsəl qoruqçunun qorxusundan öz quzularını ayırdı. Bahar dərəyə yaxın qoruğun mərzindən quzuları haylayıb geriyə apardı.

      Qoruqçu kövşəndə olanda oynamaq qorxulu idi. Bahar aşıqlarını gizlədib quzunun dalınca düşdü. Ağacı çiyninə qoyub fit verə-verə yeriyir, hərdən dərəyə daş atır, kol-kosu eşələyir, quş axtarırdı.

      Belə yerlərdə qaranquş, qazalaq, göyərçin, bildirçin, kəklik yuvası çox olurdu. Baharın gözü otların arasında bir şeyə sataşdı. Diqqət eləyəndə dayandı. Ot basmış daşlar altında çil-çil bir şey görünürdü. Bu, quş qanadı deyilmi? Bahar əyiləndə kəkliyin başını gördü. Kəklik tərpənmirdi. Bahar yavaş yeridi. Papağını tez yuvanın ağzına basdı. Kəklik bərk çırpındı, qanad çaldı. Az qaldı əldən çıxsın. Bahar onun quyruğundan yapışdı. Quş dartınıb uçmaq istəyirdi. Bahar onu sevincək, ikiəlli qucağına basmışdı. Kəkliyin bala çıxardığını zənn edib yuvasına baxanda boz və balaca yumurtalar gördü. İsti, göyçək yumurtaları aşıq kimi ovuclayıb cibinə doldurdu. Dünyaları fəth etmiş kimi yeyin, sevincək yeridi. Mürsəli arzuladı. O inanmayacaq, inanmayacaq ki, Bahar kəkliyi diri tutmuşdur. Bahar isə daş altında gördüyü yuvaya necə ehtiyatla yanaşdığını danışacaq, yoldaşını daha da heyrətə salacaqdı… Bu hisslə yoldaşını neçə dəfə çağırdısa da cavab gəlmədi. Mürsəl dərədən o taya aşmış,