Qılman İlkin

Bakı və bakılılar


Скачать книгу

şəhərinə istiqamət aldılar. Bu gəmilərdə 22 min nizami piyada qoşun və 5 min matros vardı. Bunlardan başqa 9 min draqun, 20 min kazak, 30 min tatar və 20 min kalmıqdan ibarət 79 min atlı quru yolu ilə Dərbəndə göndərilmişdi. Onlar Dərbənd yaxınlığında hərbi donanma ilə birləşməli idi.

      Pyotrun məqsədi Xəzərin cənub və qərb sahillərinə yiyələnmək idi. Bu yerlər rus imperatorluğuna su və hava kimi lazım idi. Osmanlı Türkiyəsi tərəfindən Rusiyanın cənub sərhədlərinə hücum gözlənilirdi. Bu təhlükəni aradan qaldırmaq və Qafqazda rus qoşunları üçün möhkəm baza yaratmaq imperator qarşısında təxirəsalınmaz məsələ kimi durmuşdu. Pyotra etibarlı mənbələrdən xəbər verilmişdi ki, Osmanlı Türkiyəsi Səfəvilərin zəifləməsindən istifadə edərək, ölkə daxilində iğtişaşlar törətməyə başlayıbdır. Şəhərlərdə Səfəvilər əleyhinə başlayan qiyamların çoxu türklər tərəfindən qızışdırılmışdı. Türkiyənin Qafqazda olan əlaltıları – Dağıstan feodallarından ləzgi knyazı Hacı Davud və Qazıkumuq knyazı Surxay xan idi. Bunlar tez-tez Şamaxı şəhərinə, Abşeron kəndlərinə basqınlar edir, əhalini böyüklü-kiçikli qılıncdan keçirirdilər. 1712-ci ildə Şamaxıya etdikləri basqın nəticəsində öldürülən yerli əhali içərisində 300 nəfərədək rus taciri də vardı. Həştərxan qubernatoru və habelə I Pyotr özü İran şahından quldurlara cəza verilməsini tələb etdi, lakin şah tədbir görməkdə aciz qalmışdı. Həştərxan qubernatorunun Pyotra göndərdiyi məlumatında deyilirdi ki, Hacı Davud və Surxay xan Krım xanı vasitəsilə Türkiyə sultanına müraciət edərək, himayə altına alınmalarını xahiş etmişlər.

      Səfəvi şahı şah Hüseynin dövründə ölkə siyasi və iqtisadi cəhətdən bərbad bir hala düşmüşdü. Aclıq və xəstəlik başlamışdı. 1722-ci ildə əfqanlar 20 min qoşunla Səfəvilərin paytaxtı İsfahan üzərinə hücuma keçdilər. Onlar 6 aylıq mühasirədən sonra şəhəri ələ keçirdilər. Hüseyn şah taxtdan salındı. İran hökumətinin belə böhranlı vəziyyətində I Pyotr İrana öz hərbi köməyini təklif etdi. Əlbəttə, I Pyotru düşündürən Səfəvilərin vəziyyəti deyil, birinci növbədə rus imperatorluğunun mənafeyi idi. O, Xəzərin cənub və qərb sahillərinə də bu məqsədlə gəlmişdi. Rus dövlətinin cənub sərhədlərini möhkəmlətməklə yanaşı ölkənin gündən-günə artan sənayesi üçün yeni xammal mənbələri zəbt etmək, rus taciri üçün yeni bazarlar açmaq, sərbəst ticarət üçün əlverişli şərait yaratmaq – Pyotru düşündürən bunlardı. Dərbənd və Bakı kimi əlverişli limanlar Xəzərdə rus donanması üçün əsas dayaq ola bilərdi. Pyotr dəfələrlə təkrar edirdi ki, Xəzər dənizi sahillərinə yiyələnmək bizdən ötrü çox vacibdir. Biz türkləri oraya buraxa bilmərik.

      Hələ 1716-cı ildə Pyotr Xəzərin cənub və qərb sahillərini öyrənmək və ərazini xəritəyə köçürmək üçün knyaz Çerkaskinin başçılığı altında Xəzər ətrafına ekspedisiya göndərmişdi. Bundan bir az qabaq isə o dövrdə görkəmli diplomat hesab edilən Artemi Volınskini İran şahının sarayına səfir kimi göndərmişdi. Volınski İranın vəziyyəti barədə Peterburqa tez-tez məlumatlar göndərirdi. Növbəti məlumatlardan birində Təbriz şəhərinin vəziyyətini belə təsvir edirdi: "Biz burada olduğumuz zaman çoxlu dilənçiyə rast gəldik. Onlardan çoxu utanmadan lüt-üryan gəzirdilər. Küçələrdə tez-tez yıxılıb qalmış meyitlərə rast gəlmək olar. Onlar itlərin yemi olmuşlar".

      Əvvəlki məlumatlarında Volınski Hüseyn şahın hökmranlığı barədə də maraqlı xəbərlər yazırdı: "Hüseyn şah ancaq rəsmi olaraq dövlət başçısı hesab olunur. Əslində isə bir çox əyalətlər onun tabeliyindən çıxmışdır. Buradakı dövlət başçısı ona tabe olanların üzərində başçı deyil, bəlkə də ona tabe olanların tabeliyindədir".

      Volınski I Pyotrun tapşırıqlarını Hüseyn şaha yetirmiş və onların arasında belə bir söhbət olmuşdu:

      Əlahəzrət şah cənabları, böyük rus imperatoru Pyotrun tapşırığı belədir ki, siz rus tacirlərinin sərbəst alverinə mane olanları cəzalandırasınız. Yəqin cənabınıza məlumdur ki, Dağıstan knyazlarından Davud bəy və Surxay xan Şamaxı şəhərinə basqın etmişlər.

      – Bəli, məlumdur.

      Həmin bu basqın zamanı rus tacirlərindən 300 nəfərədək öldürülmüş və malları talan edilmişdir.

      Şah Hüseyn bundan kədərlənmiş kimi ancaq başını tərpətdi.

      O da cənabınıza məlum olsun ki, Xəzər dənizində də rus tacirlərinə bir neçə dəfə quldur basqınları olub.

      Şah Hüseyn yenə də susub, başını aşağı dikir. A. Volınski ondan cavab çıxmadığını gördükdə, sözünə davam edir:

      – İmperator məni vəkil etmişdir ki, rus tacirlərinin qan bahasını sizdən tələb edim.

      A. Volınski ona da vəkil edilmişdi ki, əgər şah bu tələbləri yerinə yetirməkdə acizlik göstərərsə, Rusiyanın İrana kömək edə biləcəyini şaha çatdırsın. Volınski danışılan məsələlər üzrə İran şahı ilə razılığa gəlməyə müvəffəq olur. Sonra Rusiya ilə İran arasında əlverişli bir müqavilə bağlandı. Bu barədə bütün şəhər bəylərbəylərinə şahın fərmanı göndərildi. Bu fərmanda deyilirdi ki, rus tacirlərinin mal tayları heç yerdə açılmasın, onlar yoxlamadan azad edilsin. Bakı limanından Şamaxıya gedən yolda tacirlərə keşikçilər qoşmaq, yerlərdə malların oğrulardan qorunmasını təmin etmək də fərmanda qeyd edilirdi.

      Hələ Həştərxanda ikən Pyotr ərəb, fars və Azərbaycan dillərində manifest çap etdirib Dərbənd, Bakı və Rəştə göndərmişdi. Manifestdə deyilirdi: "1713-cü ildə ləzgi knyazı Davud bəy və Qazıkumuq knyazı Surxay Şamaxı şəhərini hücumla almış, rus tacirlərini qətl və qarət etmişlər. Bu xüsusda Həştərxan qubernatoru onlara xəbər vermişdir. Biz də şahın hüzuruna elçi göndərmişdik. Lakin bu vaxta kimi heç bir nəticə alınmayıb. İran şahı bu fitnəkarların öhdəsindən gələ bilmir. Buna görə də, biz özümüz onları tənbeh etmək və intiqam almaq üçün o tərəflərə gəlirik. Hər kəs öz yerində rahat oturub, asayişi pozmazsa, bizim qoşunumuzdan ona heç bir zərər və ziyan toxunmaz. Əksinə, fəsad əhlinə kömək edənlər və ya qaçanlar padşahın qəhr və qəzəbinə düçar olacaqlar".

      Həmin manifesti Bakıya poruçik Lunin, Dərbəndə polkovnik Naumov, Gilana isə Çebataryev aparmışdı.

      Rus eskadronu avqustun 15-də Dərbəndə yaxınlaşdı. Avqustun 23-də isə Pyotrun quru qoşunu şəhərə çatdı. Dərbənd şəhərinin naibi İmamqulu bəy Pyotru böyük ehtiramla qarşılayaraq, şəhər darvazalarının açarlarını ona təqdim etdi:

      Dərbənd böyük Aleksandr Makedonski tərəfindən salınmış, onun açarları da Böyük Pyotra çatmalıdır – dedi.

      Dərbəndin təslim olması Peterburqda böyük təntənə ilə qarşılanmışdı.

      Dərbəndin alınmasından bir neçə gün sonra Pyotra xəbər çatır ki, Bakı sultanı Məhəmmədhüseyn bəy elçi Lunini şəhərə buraxmamışdır. Bu Pyotrun qəzəbinə səbəb olsa da, Bakı üzərinə yürüşü davam etdirə bilmir. Çünki donanma Dərbəndə gələrkən dənizdə fırtına qopmuş və ərzaq dolu gəmilərdən çoxu qərq olmuşdu. Ordu ərzaqsız, atlar isə yemsiz qalmışdı. Bütöv bir qoşunu burada saxlamaq çətin idi. Peterburqa göndərdiyi məktubda Pyotr yazırdı: "Yol çox uzaq