Stephen Smoke

İşığın oyunu. Tanrını axtaran detektiv


Скачать книгу

Mən güman ki, dünyanın birinci dahisi deyiləm, amma vicdanlı adamam. Üstəlik, Valerinin rəfiqəsinin də qeyd etdiyi kimi, mənəvi mövzulara böyük maraq göstərirəm.

      Surroqat pivəni acgözlüklə içə-içə və körfəzdəki katamaranların rəqsini izləyərək fikrə getdim: bəs mən Tanrını harada axtarım? Bunu bilmirdimsə də, Syuzini harada tapacağımı bilirdim.

      Syuzi Maçio 60-cı illərin sonlarının makrame kraliçası idi. O, makrameli məmulatların – futbolkalardan tutmuş dekorativ vazalara qədər yeni partiyasını satışa buraxaraq çoxlu pul qazanmışdı. Yetmişinci illərdə o, fikrini tamamilə futbolkalarda cəmləyərək, onlardan milyonlar əldə etmişdi – düzdür o qədər də çox yox, amma, qənaətçil olsa bir neçə ay yaşamağa çatardı.

      Bundan savayı, o, metafizika məsələlərinə daim maraq göstərirdi. Heç bir yeni cərəyan onu diqqətindən kənarda qalmırdı. Özü də – düzdür, ziddiyətdir, amma nə etmək olar – Syuzi həmişə, hər iki ayağı ilə yerin üzərində dururdu. Xəyalpərəst təbiətli deyildi.

      "Morning Glory" qəhvəxanası San-Fransiskonun işgüzar hissəsində, "Clear Light" kitab mağazasının yaxınlığında yerləşir. Bura xoş bir yerdir. Tamaşaçıları adətən həvəskar artistlər əyləndirir, amma, belə böyük şəhərdə hətta diletantlar da yaxşı səviyyədə olurlar. Mühiti yaxşı olduğu üçün, bəzən burada məşhur musiqiçilər də çıxış edirdilər. Mən onlardan olmasam da, bir neçə dəfə özüm də çıxış etmişdim. Aşağıda, musiqi otağında danışmaq qadağan edildiyindən mikrofona ehtiyac olmur, bu da bir musiqiçilərin əksəriyyəti tərəfindən yüksək qiymətləndirilir. Yuxarıda iki zal var: 12 stolu və şahmat və damadan tutmuş, pulla oynanılan "New Age"ə qədər bütün mümkün oyunlarla doldurulmuş divar şkafı olan oyun otağı, insanların oturub, söhbət etmələri və oxumaları üçün kreslo və taxtları olan holl. Ortada, üzərində ən müxtəlif təbii qida və içkilər olan qəlyanaltı masası yerləşir; əvəzində hər bir adam gücü çatan qədər yardım edə bilər.

      Syuzi hollda tək idi. O, xalis taxıl buğdasından hazırlanmış, qoz-fındıqlı şokoladlı peçenye ilə limonlu çay içirdi.

      – Salam, Syuzi. – Mən onun yanında – hörülmə taxtın gül naxışlı basma parça çəkilmiş oturacağında əyləşdim.

      – Niki? Çoxdandır səni görmürəm.

      – Mən məşğul idim.

      Valeri Tirel haqqında məlumatı dinlədikdən sonra, dedi:

      – Belə çıxır ki, indi Tanrını axtarırsan?

      – Hə. Özü də mən onu aldatmaq istəmirəm, başa düşürsən?

      – Hə.

      – Mən təqdimatlar keçirə, Valerini şəhərin bütün medium və qurularının yanına apara bilərdim. Ancaq, mən ona həqiqətən kömək etmək istəyirəm.

      – Tanrını tapmaqda? – Syuzi soruşdu.

      Onun zarafat edib-etmədiyini anlamadım, amma Syuzini yaxşı tanıyıramsa zarafat etmir.

      – Hə, və ya heç olmazsa, onun marağını təmin edə biləcək nəyisə tapmaqda. İmtina etdiyim üçün özlərini öldürmüş qadınların sayı artıq kifayət qədərdir, – özümü öydüm.

      – Nədən imtina etmişdin: onları rahat buraxmaqdan? – Syuzi son dərəcə zarafatcıl idi. – Bəs mən sənə necə kömək edə bilərəm?

      – Sənin xəbərin olmamış deyil. Əgər, heç olmasa bircə nəfər köhnə mahnıları təzədən oxumayan, köhnə rəqsləri təzədən oynamayan, düzgün insan varsa, sən onu tanımalısan.

      – Etimadın üçün sağol, amma… – Syuzi ara verib, limonlu çaydan içdi. Bir qədər qəribə baxışlarla məni altdan yuxarı süzərək, dedi: – Bilirsən, maraqlıdır ki, sən mənim yanıma məhz bu gün gəlmisən. Qəribə təsadüfdür.

      Mən təsadüflərə inanıram. Özü də çox.

      – Təxminən bir ildir ki, görüşmədiyim bir rəfiqəm dünən yanıma – ofisə baş çəkdi. Axırıncı görüşümüz zamanı onun işləri pis, özü də lap pis idi. Əri onu tərk etmiş, uşaqları da… özü və öz yeni istəklisi ilə aparmışdı. Ona yalnız çoxlu miqdarda borc saxlamışdı. Rəfiqəm pullarını, göyərçin nəcisini göydən səpələyən kimi, səpələyərək, bir avtotreninq təlimatçısından digərinin yanına uçurdu. Sonra nə oldusa, o bir müddət gözdən itdi. Dünən mənim kontoruma gələnlə, mənim bir il bundan əvvəl tanıdığım qadın, tamamilə başqa insanlar idilər. Mən onunla on beş il dostluq etmişdim və onu beş barmağım kimi tanıyırdım, amma, bir dəfə də olsun bu halda görməmişdim… – Syuzi, lazım olan sözü seçmək üçün bir qədər ara verdi. – Məmnun. Toparlanmış, başa düşürsən? O, məmnun idi, amma, laqeyd deyildi. Yəni, o burada, mənim yanımda idi. Boş-boş şeylərdən danışır, yeri gələndə zarafat edirdi, özü də çox, çox qayğısız idi.

      – Başına nə iş gəlibmiş?

      – Maraqlı sualdı. – Syuzi "Qrauço Marks"ın mimikasını təqlid etməyə çalışdı. Daha təsirli olması üçün, ara verdi. – Dedi ki, Tanrını tapıb.

      – Məndə televiziya kanalların bu həftə üçün proqramları var. Tanrının hansı kanalla çıxış etdiyini demədi?

      Syuzi, mənim replikamı qulaqardına vuraraq, davam etdi:

      – Dedi ki, rəfiqəsi ona Maks adlı biri ilə görüşməyi məsləhət görüb. Guya ki, Maks onu Tanrını görə biləcəyi yerə apara bilər.

      – "Aparıldıqları" üçün Tanrının yanına yollanmış insanların sayı o qədər də az deyil – əlavə etdim.

      – Harada olduğu barədə bir qədər yayğın danışırdı. Sözlərinə görə, onun harada olması və nə görməsini bilməyimin mənası yoxdur. Tanrının yanına gərək özün gedəsən.

      İçimdəki arsızlığı boğa bilməyərək, soruşdum:

      – Və bu kiçik mistik səyahət ona neçəyə başa gəlib?

      – Mən də eyni sualı soruşdum. Bilirsən, nə cavab verdi?

      – Nə?

      – Heç neçəyə.

      – Heç neçə? Bir qəpiksiz?

      – Dedi ki, yalnız yemək və yol xərcini ödəyib və bütün xərc yüz dolları keçməyib.

      – Sən zarafat edirsən. – bir anlıq Valeridən günə iki yüz dollar qonorar tələb etdiyimə utandım, amma qiyməti endirəcək dərəcədə yox.

      – Əsla.

      – Özü də bu, əsl "səyahət" olub? Bir coğrafi məntəqədən, digərinə?

      – Sənin sualın yenə mənimki ilə üst-üstə düşdü. Mən düşündüm ki, söhbət köhnə mövzudan gedir: “səyahət səni Tanrıdan ayıran məsafəni aradan qaldırmaq deməkdir”. Bu mənim tam ürəyimcədir, xüsusən də ona görə ki, mənim təyyarədə uçmaqdan zəhləm gedir. Amma, rəfiqəmin sözlərinə görə, bu Maks onu əsl səyahətə aparıb.

      – Amma təsadüfən ünvan onda qalmayıb, eləmi?

      Syuzi gülümsədi.

      – Yox. Dedi ki, onun kimi