ön xətdə yandırılan tonqallardan xəbərsiz idi. Şeir yazırdı.
Qarşıdakı qarlıca dağı gördünmü?
Yoldurmuş əyyamın, əriyib gedər.
Axan sulardan sən ibrət aldınmı?
Yüzünü yerlərə sürüyüb gedər.
Qadirsən, ey ulu şahım, qadirsən!
Hər nerəyə baxsan, onda hazirsən.
Üstümüzdə dördguşəli çadirsən,
Cümləmizi birdən bürüyüb gedər.
Həmin gecə Murad Mirzə də yata bilmirdi. Səhərki döyüşü fikirləşirdi. Şah İsmayıla qalib gələ biləcəkmi? Onun buna zərrəcə şübhəsi yox idi. Axı onun qoşunu Şah İsmayılın qoşunundan xeyli çoxdur. Ona İstanbuldan gəlmiş təcrübəli sərkərdələr məsləhət verirlər və üstəlik də Osmanlı qoşun dəstələri də sabahkı vuruşda ona kömək eləyəcəklər. Bu döyüşçülər Macarıstanda, Serbiyada, Avstriya krallığında silahlarını sınayıb möhkəmlənmişdilər.
İkincisinə gəldikcə Azərbaycan taxtının qanuni hökmdarı odur, – Murad Mirzə! Qardaşı Əlvənd Mirzə ilə birlikdə ölkəni idarə edə bilərlər. Əlvənd Mirzənin buna qanuni haqqı var. Amma Ərdəbil şeyxinin oğlunun bu səltənətə göz dikməyi əbəsdir. Düzdür, o da qohumdur. Amma babası Uzun Həsənin yaratdığı bu qohumluq qardaşları indi çıxılmaz vəziyyətdə qoyub. Məgər Uzun Həsən tərsa qızından dünyaya gələn qızını hökmdar nəslinə verə bilməzdi? Onu öz bacısı oğluna verib. Bu onların hakimiyyət uğrunda mübarizəsinə heç nə qazandıra bilməz.
O, boyda babasına oxşayırdı. Ucaboy idi, iri gözləri, yumşaq saqqalı vardı. Yataqda əllərini başının altına qoyub gözlərini çadırın qübbəsinə dikib fikirləşirdi. Çadırın qabağında kimsə öskürdü. O, qalxıb dirsəkləndi.
– Kimdi?
– Sahibxəbərdi, qurban.
– Nə var?
– Vacib məsələdi.
– Gəl görüm.
Sahibxəbər çadıra girdi və yataqda paltarını soyunmamış uzanan hökmdara baxmadan doğrayıb tökməyə başladı:
– Böyük hökmdar, indicə bizim düşərgəmizə dərvişin ordugahından bir fərari qaçıb gəlib.
– Nə deyir?
– Deyir ki, dərvişə kömək gəlib.
– O kömək nədən ibarətdir? Kimdir ona köməyə gələn? Axı, ona heç kim köməyə gələ bilməz.
– Deyir ki, Şirvanşah Sultan Mahmud on beş min qoşunla gəlib.
Murad qalxıb oturdu, amma qərar tuta bilmədi. Durub gəzindi.
«Şirvanşah Şah İsmayılla qan düşmənidir – Şirvanşahı öldürüb və onun oğlanları da indiyə qədər Şah İsmayılla düşmənçilik edirlər. Necə ola bilər ki, Şirvanşah belə bir kündə onun köməyinə gəlsin, özü də bu qədər qoşunla?..»
– Fərarini buraya gətirin. – Sahibxəbər getmək istəyəndə onu saxladı – Dayan. Onun sözünə inanırsanmı?
– Dediyini deyir.
– Onda get gətir.
Bir azdan üz-gözü qançır, dırnaqlarından qan tökülən ortayaşlı bir adamı çadıra gətirdilər. Onun dırnaqlarının altına qamış millər salmışdılar. Deməli, Sahibxəbər ondan düz söz öyrənmək üçün belə bir hərəkət etmişdi. Nə bilmək olar, bəlkə onu qəsdən göndəriblər? Murad Mirzəni çaşdırmaq üçün. Murad Mirzə özü onu dindirməyə başladı.
– Desin görüm haralıdır?
– Maraşlıyam, qurban.
– Bu dərvişin qoşununda nə gəzirsən?
– Yük əyməsə, daş qəribliyə düşməz, qurban. Təbrizdə nökərçilik eləyirdim. Ağam da bir əzazilin biriydi, mənə göz verir, işıq vermirdi. Dedilər, qoşun yığırlar, gəldim yazıldım ki, heç olmasa qarın dolusu çörək yeyim. Həm də dedim qürbətdənsə vətən yaxşıdır. Çatan kimi keçərəm öz hökmdarımın tərəfinə. Əliboş gəlmək də istəmirdim. Gördüm ki, Şirvanşah gəlib, qoşun gətirib, gəldim xəbərə. Elə bildim muştuluq verəcəklər, amma bu günə saldılar. Hökmdar, qurban olum, ayağının torpağı gözlərimdə sürmə olsun. Mənim axı heç bir günahım yoxdur!
Murad Mirzə yenə üzünü sahibxəbərə tutub soruşdu:
– De görüm Şirvanşahı özü görüb?
Sahibxəbər dinməmiş fərari cavab verdi:
– Yox, mən görməmişəm. Yalan deyə bilmərəm. Şirvanda nə vaxt olmuşam ki, Şirvanşahı da görəm. Görsəm də tanımaram. Axşamtərəfi bir dəstə atlı gəldi. Şah İsmayılın çadırına tərəf, dedilər ki, bəs bu Şirvanşahdı, on beş min qoşunla gəlib.
– Soruş gör qoşunu harada dayanıb?
– Ordugahın bir mənzilliyində.
– Bunun özü kimin qoşunundadı?
– Məhəmməd bəy Ustaclının dəstəsindənəm.
– Süvarisən?
– Yox, mənim atım var ki, süvari də olam. Əldə, ayaqda işləyirəm. Mehtərlik eləyirəm.
Fərarini gətirəndə Murad Mirzəni at tərinin, peyininin iyi vurmuşdu və o eymənmişdi. Bu sözünə inandı.
– Aparın! Sabah onun dedikləri təsdiq olunmasa əzabla öldürərsiniz. Təsdiq olunsa xələt verib mehtər götürərsiniz.
Fərarini apardılar. Sahibxəbər hələ getməyib Murad Mirzənin əmrini gözləyirdi.
– Bəs sənin adamların harda ölüb? Niyə səhih bir xəbər gətirmirlər? Gecənin hansı vaxtı olsa, mənə xəbər çatdırın. Get! Onu da bil ki, sənin başının salamat qalması bu xəbərdən asılıdır.
Murad Mirzə qəti inana bilmirdi ki, Şirvanşah Şah İsmayıla köməyə gələ bilər. Bir məsələ də onu təəccübləndirirdi. Ona – Murad Mirzəyə, Əlvənd Mirzəyə qüdrətli türk sultanı kömək edir, qoşunları da çoxdur, xəzinə də əllərindədir. Şah İsmayılın isə heç kimdən köməyi yoxdur. Heç kimə bel bağlaya bilmir. Amma qalib gəlir. Bunun səbəbi nədir? Ona qüvvə verən doğrudandamı Ərdəbil seyidlərinin cəddidir, onun Sahibi-Zaman olmasıdır.
Murad Mirzə məsələlərə açıq gözlə baxmağı bacarırdı. Başa düşürdü ki, şah İsmayılda ilahi qüvvə yoxdur. Amma nəsə, elə bir qüvvə var ki, insanları onun ətrafına toplayır. Bəs o qüvvə nədir, kimdir? Niyə babam Uzun Həsənə sədaqətlə qulluq eləyən ölkə onun nəvələrindən üz döndərib? Səbəb nədir? Niyə Fateh Mehmetin nəvəsi Əhməd, vergiləri azaltsa da, Təbrizdə möhkəmlənə bilmədi?
Qəribə işdi! İndi hamı «Şah İsmayıl» deyir. Onun tərəfinə qaçır. Hələ bilmirlər ki, bu dərviş nəvəsi onlara heç nə verməyəcək. İnsan belədir də, həmişə təzə bir şey axtarır. Təzə paltar, təzə ev, təzə hökmdar. Elə bilir ki, təzə köhnədən yaxşı olacaq. Yaxşı olacaqmı?
Bu fikirlərlə o, yuxuya