bax, tanrı! Qoanı dəhşət bürüdü. Yəni o, həmişə o dırnaqlarının arasına peyin dolan, günlərlə arxacda yatıb qalan, qoyun iyi verən Yekə Nidunla beləcə qeyri-adi zifaf gecələri keçirir? Yox, bu ola bilməz. O qırmızısaqqallı, mavigözlü məxluqdan peyin iyi gəlmir. Ondan, deyəsən, heç bir iy gəlmir. Yox, gəlir? Yadına salmağa başladı. O gedəndən sonra alaçıqda kəklikotu iyinə bənzər, tanrılara məxsus xoş və məstedici bir ətir qalırdı. Heç cür ola bilməz ki, Yekə Nidun qoyun iyindən bu dünyada yaxa qurtara bilsin. Bəs onu işıq şüasına döndərən, sifətini dəyişən ətirlə çimizdirə bilməzmi?
Qəlbində nəyisə ölçüb-biçəndən sonra soruşdu:
–Deyirsən, baxşını nə vaxt çağırmışdı?
–Böyük xanım şamanın çadırına gedəndən bir həftə sonra.
–Alan-Qoanın ürəyi arxayınlaşdı. Demək, o, dəli deyilmiş və kənizlərin ona qəribə baxmalarının qorxusu yox imiş.
–Çiçək, get, obadakı xatunlara anlat ki, belə məsələ yoxdur, olmayıb, ola da bilməz. Mən bütün ömrüm boyu, ölənə qədər yalnız ər igidimin xəyalı ilə yaşayacam və o dünyada bir- birimizə qovuşmaq arzusundan başqa heç bir özgə istəyim yoxdur.
Çiçək sevincindən çiçək kimi açılsa da, onun özünə də hələ qaranlıq olan bir məsələni də aydınlaşdırmamış getməyib, dayandı.
–Böyük xanım, bəs soruşsalar ki, bu ətir, ənlik, kirşan, qırmızı libas nədir, onda nə deyim?
–Onda de ki, Böyük xanım şamanın yanına gedəndə ona görə qırmızı geyinmişdi ki, şaman onun o dünyaya, ər igidinin yanına getməyinə razı olsun, bilsin ki, ərindən ayrı bu dünyada yaşaya bilmir. Həm də qırmızı ölüm kəcavəsinə minib, ərinin yanına toy paltarında getmək istəyirmiş. Bunu şaman babamız da təsdiq edər. Ətirlənməyə gəlincə, deyərsən ki, şaman onun getməyinə razılıq verməsə də, hələ də ümidini üzmür və ər igidinə görə ətirlənir, hər an onun yanına getməyə hazır vəziyyətdə olur.
Çiçək sevinə-sevinə, kürkünün ətəklərini yelləyə-yelləyə alaçıqdan çıxdı. O gedəndən sonra Alan-Qoa əlləri ilə üzünü tutub, hönkürmək dərəcəsinə qədər kövrəldi.
"İnsan necə də yalançı, necə də ikiüzlü olur. Öz adını qorumaq üçün hamını aldatmalıdır. Yalandır, mən ərimə çoxdan xəyanət eləmişəm. Bacadan şüa-işıq düşən gecədən. Həm də mən ərimə görə yox, o qırmızısaqqal, mavigöz kişiyə görə bəzənib-düzənirəm. Demək, şaman baba da mənə görə qəzəblənib. Ayrı eldən baxşı çağırıblarsa, onda bu şamana deməkdir ki, sən bizə lazım deyilsən".
Alan-Qoa özünü ələ alandan sonra, hava kimi mavi paltarını geyinib, dingəsini qoyandan sonra çadırdan çıxdı. Onun gözləri qamaşdı. Neçə vaxt idi ki, gündüzlər alaçıqdan bayıra çıxmırdı. Ona görə də payızın günəşli günü onun gözlərini bir az da qıydı.
Şamanın çadırının pərdəsi açıq idi. Ortada ocaq yanırdı. Özü də çox dərdli bir vəziyyətdə oturmuşdu. Xatun hiss eləmişdi ki, onun getməyinə şamanın ehtiyacı var. Çox vaxt hamıya kömək olan, yol göstərənin özü getdiyi yolun istiqamətini itirir, hara gedəcəyini bilmir. Belə vaxtda ona kömək olmaq, qolundan tutub, azdığı yeraltı mağaranın keşməkeşindən çıxarmaq lazımdır ki, özünün gələcək işini yenə də səhvsiz görə bilsin.
Alan-Qoa mavi paltarda ocağın başında dayandı.
Günaydın, şaman baba!
Günaydın, xatun qızım.
O başa düşdü ki, yer günahkarları şamanın da qanadlarını qırıb, göylərdən salaraq, özlərinə döndəriblər. Axı, şamanın gücü göylərdə, tanrıların yanında dayanmağındadır. Axı, şaman bunlara at kəsməyi, qoyun otarmağı öyrədə bilməz. Onu özləri yaxşı bilirlər. Şaman onların ruhunu qanadlandırmalıdır. Adilikdən hərdənbir onları uzaqlaşdırırsa, demək, onların həyatlarını möhkəmləndirir. Adi insan isə bunsuz heç nədir. Səhradakı sürünənlərdən, dördayaqlılardan biridir.
Alan-Qoa bunu bilirdi, gəlməkdə də məqsədi elə şamanı mənəvi cəhətdən qanadlandırmaq idi. Onun özü də bu gün göylərdən yerə endirilmişdi və qanadları sınıb yanına düşmüşdü. Bunun nə demək olduğunu anlamışdı. Onun özünün də köməyə ehtiyacı var idi. Onlar birləşməli, bir-birilərini ruhlandırıb, qanadlandırmalıydılar.
Xeyli sükut içində dayanıb baxışdılar. Haradan söhbətə başlayacaqlarını bilmirdilər. Birinci Qoa dilləndi:
–Şaman baba, bildiyimə görə bizim elin neçə illərlə ağrılarını çiyinlərində daşıyan sənə xəyanət ediblər. Gəldim deyim ki, şaman babamızın qopuzu danışmasa, onun ocağı yanmasa, onda hamımız o sönəcək ocağın yerində qalacaq külə dönəcəyik.
–Bunu başqaları da bilirmi? – Şaman sorğulaşdı.
–Bilməsə də olar, şaman baba. Hamı bir fikirdə olsa, hamı irəlini görsə, onda şaman heç kimə lazım olmazdı.
–Xanım qızım, sənə baxşı tilsimi təsir etməyibmi?
– Yox, Baxşı tilsiminin şaman babamıza təsir göstərməsi məni məyus edir. Söhbət məndən gedə bilməz.
Şaman ocağa yenə nəsə atdı və alovun dilləri yallı gedirmiş kimi şənləndi.
–Şaman babamıza baxşının tilsiminin təsiri ola bilməz. Axı, onun elədikləri yalan üstə qurulub. Mən isə el obamıza düz yol göstərir, əyri yollardan çəkindirirəm. Əyri düzü kəsə bilərmi?
–Yox!
–Xanım! Qızım, mən neçə illərdi ki, tayfa başçısının özü ilə bərabər zövcəsinin dəfn olunması adətinə qarşı çıxmışam. Ər igidimizin də vəsiyyətini mən öyrətmişdim. Bu, vəhşilikdir. Mən istəyirəm ki, elimiz vəhşilikdən insanlığa doğru getsin. Yekə Nidun isə buna görə mənə düşmən kəsilib.
Alan-Qoaya indi çox şey aydın oldu. Demək, hər qanadlı quşun yerə düşdüyü zaman qonduğu öz nöqtəsi var. Hər tanrı da bir yerə bağlıdır. Yer yoxdursa, insanlar yoxdursa, demək tanrı da yoxdur. Şaman baba bunların hamısını bilir və dayaq nöqtələrinin sirrini özündə saxlayır.
–Alan-Qoanı görüb, onu dinləyəndən sonra dayaq nöqtəsi tapıb qalxsa da şaman baba hələ də yerdən, burdakı qayğılardan Yekə Nidunun məkrindən qopa bilmirdi. Onun üzündəki işıq itmiş, həmişə alova baxan gözləri, ona kömək əli uzadan gözəl Alan-Qoaya dikilib qalmışdı.
Xatun indiyə qədər elə bilmişdi ki, şaman baba yerin-göyün sirlərini bilir və nə istəsə, onu edə bilər. İndi başa düşdü ki, gör, necə də aciz, necə də zəifdir. El-oba onu belə görsə, bir daha ona inanmaz və o, bir tikə yemək ucbatından çöllərə düşüb, qurd-quşa yem olar.
–Şaman baba, fikrən yenə də tanrıların yanına qayıt. Bizi məhv olmaqdan qurtar.
–Onda gərək mən Yekə Nidunun dediyinə əməl edəm.
–Bu mümkün deyil. -Alan-Qoa bir az da yaxınlaşdı ki, şamanla onun danışığını kənardan heç kəs eşidə bilməsin. – Sən tanrılardan soruş, onlardan tələb et ki, qardaşın qardaş xatununa evlənməyini qadağan buyursunlar.
–Yekə