qərara aldım.
– Necə?! Bizim Tomu? Xeyirxah, sədaqətli, uşaq yaşlarından sizə xidmət eləyən zəncini?! Mister Şelbi! Siz ki, ona azadlıq verəcəyinizi vəd etmişdiniz, biz sizinlə bu barədə neçə dəfə onun özünə demişik! Daha məni heç nə təəccübləndirmir, hətta bədbəxt Elizanın gözünün ağı-qarası yeganə oğlu Harrini belə satmaq istəməniz məni təəccübləndirmir! – Missis Şelbinin sözlərində böyük narazılıq və acı kədər hiss olunurdu.
– Yaxşı, Emili, bir axıracan qulaq asın. Mən Tomu və Harrini satmağı qərara almışam. Və başa düşmürəm, məni niyə belə zalım hesab edirsiniz! Başqaları az qala hər gün belə eləyirlər.
– Axı, niyə ancaq onları satmaq istəyirsiniz? Əgər kimisə satmaq elə vacibdirsə, məgər sizin başqa zənciləriniz yoxdur? Ona görə ki, ən yüksək qiyməti onlara verirlər: bax, buna görə. Düz deyirsiniz, başqasını da seçmək olardı. Bu adam Elizaya görə mənə böyük məbləğdə pul təklif elədi. Bu sizə əl verir?
– Əclaf! – Missis Şelbi qışqırdı.
– Mən ona heç qulaq da asmadım, sizin hisslərinizə hörmət elədim. Heç olmasa, bu işdə mənə haqq qazandırın.
– Bağışlayın məni, – missis Şelbi özünü ələ alıb dilləndi, – mən nahaq yerə qızışıb özümdən çıxdım. Ancaq bu nə qədər gözlənilməzdir! İcazə verin, bu bədbəxtlərçün heç olmasa xahiş eləyim. Tom zəncidir, ancaq nə qədər alicənab, nə qədər namusludur! Mən inanıram ki, mister Şelbi əgər lazım gəlsə, o öz həyatını sizə qurban verərdi.
– Bəli, bilirəm. Bu barədə danışmaq artıqdır. Mən başqa cür hərəkət eləyə bilmərəm.
– Gəlin bu işə öz varımızdan qurban verək. Qoy qurbanın bir hissəsi də mənim payıma düşsün. Ah, mister Şelbi! Mən həmişə çalışmışam bütün qəlbimlə, bir xaçpərəst ləyaqətiylə çalışmışam ki, tamamilə bizdən asılı olan bu sadədil bədbəxt varlıqlara münasibətdə öz borcumu yerinə yetirəm. Mən onlardan qayğımı əsirgəməmişəm, onları xeyirxahlığa çağırmışam və qeydlərinə qalmışam. Gör neçə illərdir sevinclərini, qəmlərini də mənimlə bölüşürlər. Özünüz fikirləşin, əgər hər hansı cüzi bir qazanc naminə bizə hədsiz inanan gözəl bir insanı – Tomu satıb, onu sevimli və qiymətli olan hər şeydən məhrum etsək, mən bizim zəncilərin gözünə baxa bilərəmmi?! Mən onların hər birinə yaxşı ər, ata, ailəcanlı olmağı öyrətmişəm, uşaqlara, valideynlərə hörmət eləməyi öyrətmişəm. İndi isə doğrudanmı açıq-açığına boynumuza alırıq ki, pul bizdən ötrü hər cür müqəddəs, doğma, səmimi əlaqələrdən daha qiymətlidir! Hələ Eliza! Yaxşı ana olmaq barədə ona nə qədər öyüd vermişəm, nəsihət vermişəm! Əgər siz Harrini ondan ayırıb, hər cür tərbiyədən uzaq, prinsipsiz bir adama satsanız, mən nə deyə bilərəm ona! Məgər bundan sonra o mənə inanarmı?
– Sizi kədərləndirmək mənim üçün çox ağırdır, Emili, çox ağırdır, – mister Şelbi dedi, – mən sizin hisslərinizə hörmət edirəm, ancaq gizləmirəm, sizin bu hisslərinizə tam şərik ola bilmirəm. Lakin inanın sözlərimə, bütün bunlar faydasızdır. Mən başqa cür eləyə bilmərəm. Mən bunu sizə deməyəcəkdim, Emili, qısası, məsələ belədir: ya bunların ikisini də satmalıyam, ya da biryolluq hər şeydən əl çəkməliyik. Ayrı çıxış yolu yoxdur. Mənim veksellərim Heylinin əlinə düşüb, əgər onunla haqq-hesabı üzməsəm, o bizi səfalətə düçar edəcək. Mən bacardığım qədər hiylə işlətdim, olan bütün pulları topladım, borc götürdüm – bircə o qalmışdı ki, sədəqə yığım, lakin haqq-hesabı tamam çürütmək üçün Tomu və Harrini satmaq lazımdır. Heyli oğlanı bəyəndi, tələb etdi ki, onu satım və yalnız bu şərtlə işimizi yoluna qoymağa razılaşdı. Burda mən tamamilə gücsüzem. Siz bu iki zəncinin satılmasını ürəyinizə salıb dərd edirsiniz, bəs olan-qalan hər şeyimizdən əl çəkməli olsaq, necə olar?
Bu sözlər missis Şelbini sarsıtdı. O, tualet stoluna tərəf gedib əlləri ilə üzünü örtdü və sinəsindən inilti qopdu.
Köləliyi Allah qarğıyıb və o, qulları da, biz ağaları da məhv edir. Mən ağılsız da fikirləşirdim ki, bu dəhşətli müsibəti yoluna qoya biləcəyəm! Bizim qanunlarla qul sahibi olmaq nə qədər günahdır! Mən bunu həmişə hiss eləyirdim, həmişə, lap uşaq yaşlarından. Lakin mənə elə gəlirdi ki, köləliyi xeyirxahlıqla, mülayimliklə, zəncilərə diqqətli münasibətlə elə ört-basdır etmək olar ki, köləlik bizim qullara azadlıqdan da yaxşı görünə bilər! Elə bunun özü ağılsızlıq deyilmi?
– Emili! Görürəm, siz əsl abolisionist4 olmusunuz!
– Abolisionist? Ah, əgər abolisionistlər köləlikdən mən qədər bilsəydilər, onda onlar bu barədə daha böyük əsasla danışa bilərdilər! Xeyr, bizim onlardan öyrənməyimizə ehtiyac yoxdur. Həmişə əzab çəkirdim ki, bizim qullarımız var. Mən hesab edirəm ki, bu belə olmamalıdır!
– Nəticə etibarilə, siz öz fikirlərinizlə bir çox mömin və ağıllı adamlarla həmfikirsiniz, – Mister Şelbi dedi, – axır bazar günü moizəsini xatırlayın.
– Mən o cür moizələrə qulaq asmaq istəmirəm və belə vaizlərin yeri bizim küçələr deyil. Ruhanilər də bizim kimi şərlə, yamanlıqla mübarizə aparmaq iqtidarında deyillər, bəs onda niyə onlar buna haqq qazandırırlar! Həmişə mənə elə gəlib ki, bu sağlam fikrin ziddinədir və təxminən əminəm ki, axır bazar günü moizəsi sizin də xoşunuza gəlməyib.
– Bəli, – Şelbi dedi, – açığını desək, Allahın qulluqçuları hərdənbir bizdən – yazıq günahkarlardan həddən artıq uzaqlaşırlar. Biz çox şeylə razılaşmağa məcburuq, çox şeyə barmaqarası baxmağa məcburuq, lakin qadınlar və ya ruhanilər əxlaq və ləyaqət qaydalarıyla hesablaşmayanda, bunu artıq heç yerə yazmaq olmaz. Mən ümidvaram ki, mənim əzizim, indi siz bu addımın nə qədər vacib olduğuna inandınız, inandınız ki, vəziyyətdən bundan yaxşı çıxış yolu tapmaq olmaz.
– Bəli, bəli, – missis Şelbi dalğın-dalğın qızıl saatını qurdalayaraq səsləndi, – mənim qiymətli daş-qaşım yoxdur, fikirli-fikirli davam etdi, – bəlkə, siz bu saatı götürəsiniz? Vaxtında o baha idi. Mən nəyim var, hamısını qurban verərdim, bircə Elizanın uşağını qurtarsaydım… Heç olmasa bircə onu…
– Mənimçün ağırdır, Emili, sizin bu qədər dilxor olmağınız… – Şelbi dedi, – artıq heç nəylə kömək edə bilməzsən. İş görülüb qurtarıb, kupça kağızı imzalanıb və Heyli onları özüylə aparıb. Allaha şükür edin ki, hər şey müəyyən mənada hələ yaxşı qurtardı. Bu adam bizi var-yoxdan çıxara bilərdi. Əgər Heylini mənim qədər tanımış olsaydınız, taleyinizin tükdən asılı olduğunu başa düşərdiniz.
– Doğrudanmı, o bu qədər qəddardır?
– Heyliyə qəddar demək olmaz, lakin o, soyuqqanlı adamdır, gönü qalındır, yalnız öz xeyrini güdür, bu yolda heç kəs onu saxlaya bilməz, lap əcəl kimi amansızdır. Ona yaxşı pul vəd eləsən, doğma anasını da satar, bu heç də o demək deyil ki, oğlunun qarıdan acığı gəlir və onun pisliyini istəyir.
– Və bu alçaq bizim xeyirxah Torna və Elizanın uşağına sahib oldu!
– Bəli,