Артур Конан Дойл

Tanınmış sifarişçi


Скачать книгу

>

      hekayələr

      Tənha velosipedçinin macəraları

      1894–1901-ci illər Şerlok Holmsun fəaliyyətinin çox gərgin dövrü idi. Bu 8 il ərzindəki ən çətin araşdırılmaların heç biri Şerlokun məsləhəti olmadan aparılmadı. Onun başlıca rol oynadığı şəxsi araşdırmaların sayı yüzlərlədir, eləcə də, onların çoxu hədsiz qarışıq və qeyri-adi idi.

      Bu illərin nəticəsi nədir? Xeyli sayda parlaq qələbələr və əfsus ki, qaçılmaz olan bir neçə uğursuzluq. Bütün işlərin ətraflı qeydlərini saxladığıma və çox vaxt onlarda şəxsən iştirak etdiyimə görə, təbii olaraq, hansının nəşr edilməyə daha uyğun olduğunu qərarlaşdırmaq çətindir. Köhnə qaydama əməl edəcəm: Cinayətin vəhşiliyilə maraq cəlb edən yox, özünün incəliyi və nəticənin dramatik gözlənilməzliyilə seçilən hadisələrə üstünlük verəcəm.

      Məhz buna görə də mən, xanım Vayolet Smit, Çarlinqtondan olan tənha velosipedçinin işini qələmə almaq istəyirəm. Bu həm də gözlənilmədən faciəyə çevrilən, çox maraqlı bir araşdırmadır. Mən deməzdim ki, bu iş dostuma şöhrət gətirmiş xüsusi heyrətamiz bacarığı təsvir edir, lakin, bəzi xüsusiyyətlər vardır ki, onların sayəsində bu hadisə əsl oçerklərim üçün seçdiyim cinayətlər ardıcıllığındadır.

      Bu da 1895-ci ilin qeyd dəftərçəsi. Bəli, biz xanım Vayolet Smiti şənbə günü, 23 aprel tarixində gördük. Xatırlayıram ki, onun ziyarəti Holms üçün arzuolunan deyildi: o, çətin və sirli bir işlə, tanınmış tütün fabrikçisi, milyonçu Con Vinsent Hartenin izlənilməsi hadisəsilə ciddi məşğul idi. Holms hər şeydən çox dəqiq, dərin və diqqətli işi sevirdi, əlindəki işindən yayındırılmağa nifrət edirdi. Lakin gec saatda Beyker-stritə yanımıza gəlib ona kömək etməyimizi xahiş edən gənc, hündür, gözəl bədən quruluşuna malik və kraliça kimi qürurlu bir xanımı dinləməyi rədd etmək üçün xüsusi bir tərsliyə sahib olmaq lazım idi. Holms onu əmin edirdi ki, o məşğuldur, lakin bu mənasız idi. Görünür, gənc xanım Holms onu dinləməyənə qədər getməyəcəyinə qətiyyətlə qərar vermişdi. Əks halda, onu ofisdən çıxarmaq üçün güc tətbiq etməli olacaqdıq. Holms razılaşdı və yorğun təbəssümlə gözəl xanıma əyləşməyi və onu narahat edən məsələni danışmağı təklif etdi.

      – Hər halda bu sağlamlıqla bağlı deyil! – Holms iti baxışlarla onu nəzərdən keçirib dedi. – Belə bir velosipedçinin sağlamlıqla bağlı problemləri ola bilməz!

      Xanım isə öz ayaqlarına baxdı; həqiqətən də, çəkməsinin kənarı tez-tez velosiped pedalına toxunduğu üçün bir az sürtünmüşdü.

      – Bəli, mən velosipeddən çox istifadə edirəm, cənab Holms, və bunun mənim ziyarətimlə birbaşa əlaqəsi var.

      Holms ona yaxınlaşdı və onun əlini tutdu, ziyarətçimizin əllərində əlcək yox idi. Holms elə diqqətlə onun əllərinə baxmağa başladı ki, elə bil, alim hərhansı bir nadir tapıntıya baxır.

      – Ümid edirəm, siz məni bağışlayarsınız, mənim peşəm belədir, – onun əlini aşağı salaraq dedi.

      – Mən az qala səhv edəcəkdim, düşünmüşdüm ki, mətn yığansınız. Amma əlbəttə ki, siz musiqi ilə məşğul olursunuz. Vatson, əzilmiş barmaq uclarına diqqət yetirin. Həm pianoçu, həm də mətn yığan biri üçün xarakteristikdir. Lakin sizin üzünüzdə yalnız ruh yüksəkliyi, şövq var. – Holms qızın üzünü incə hərəkətlə işığa tərəf döndərdi, – bu, mətn yığanlara xas deyil. Heç bir şübhə yoxdur, bizim müştərimiz musiqiylə məşğuldur.

      – Bəli, cənab Holms, mən musiqi müəlliməsiyəm.

      – Üzünüzün rəngini nəzərə alsaq, şəhər kənarında yaşayırsınız.

      – Yanılmadınız. Farnem yaxınlığında, Surreylə sərhəddə yaşayıram.

      – Mükəmməl yerdir. Bizim ora ilə bağlı bir çox xatirələrimiz var. Xatırlayırsınız, Vatson, biz orada Arçibald Stenfordla – geydirmə sənəd düzəldən şəxsin işiylə məşğul olmuşduq.

      Yaxşı, xanım Vayolet, bizə danışın ki, Surrey sərhədi yaxınlığında sizin başınıza nə hadisə gəlib.

      Gənc xanım hadisəni çox aydın və dəqiq şəkildə bizə izah etdi:

      – Mənim rəhmətlik atam, cənab Holms, Ceyms Smit bir teatrda orkestr dirijoru idi. O vəfat edəndə anamla bizim əmim Ralf Smitdən başqa bir nəfər belə olsun yaxın adamımız yox idi.

      Lakin o, 25 il öncə Afrikaya getmişdi və bu günə qədər biz onun haqqında heç nə eşitməmişdik.

      Atamın vəfatından sonra biz heç nəsiz qaldıq. Bir dəfə bizə dedilər ki, “Tayms”da elan verilib ki, kimsə bizi axtarır. Siz asanlıqla bizim həyəcanımızı təsəvvür edə bilərsiniz. Biz düşündük ki, kimsə bizə miras qoyub və elanda adı qeyd olunan vəkilin yanına getdik. Vəkilin yanında bizə iki nəfəri, cənab Karruters və cənab Budlini təqdim etdilər. Onlar Cənubi Afrikada yaşayırlar və bura, evlərinə qonaq gəliblər. Bu cənablar bizə bildirdi ki, əmim onların dostu olub və bir neçə ay əvvəl İohannesburqda, tamamilə yoxsulluq içində vəfat edib. Vəfat edəndə əmim onlardan xahiş edib ki, bizi tapsınlar və əgər ehtiyacımız varsa bizə kömək etsinlər. Sağlığında bizi tanımaq istəməyən əmimin vəfatı zamanı qəfil bizim üçün narahat olmağı bizə qəribə görünmüşdü. Lakin, cənab Karruters izah etdi ki, əmim atamın vəfatından ancaq öz ölümü qabağı xəbər tuta bilmiş və bizim taleyimizdən çox narahat qalmışdı.

      – Bağışlayın, – Holms soruşdu, – bu söhbət nə zaman baş verib?

      – Keçən ilin dekabrında, 4 ay əvvəl.

      – Buyurun, davam edin.

      – Cənab Budli həmin dəqiqə məndə nifrət oyatdı. Şişkin üzü, kürən bığları və başına yapışmış saçları olan bu tərbiyəsiz gənc oğlan mənə göz-qaş edirdi. O gözümə nifrətəlayiq biri kimi dəydi, əmin idim ki, Siril belə bir tanışlığın tərəfdarı olmazdı.

      – Onun adı Sirildir? – Holms gülümsəyərək soruşdu.

      Gənc ziyarətçi utandı və gülümsədi.

      – Bəli, cənab Holms, onun adı Siril Mortondur. O mühəndis-elektrikdir, və ümid edirəm ki, yayın sonunda biz ailə quracağıq. Allahım, necə alındı ki, mən onun haqqında danışmağa başladım? Mən sadəcə demək istəyirdim ki, cənab Budli mənə mənfi təəssürat bağışladı, nisbətən daha yaşlı olan cənab Kaaruters isə xoş təəssürat bağışlayırdı. O tündsaçlı idi, üzünün rəngi sarımtıl, xəstə-təhər idi. Onun xoş rəftarı və mülayim təbəssümü var idi. Demək olar ki, bütün söhbət əsnasında heç danışmadı, bircə soruşdu ki, atamın vəfatından sonra əlimizdə hansı sərvət qalıb, və bizim heç pulumuz olmadığını öyrənəndə, onun onyaşlı qızına piano dərsi keçməyimi təklif etdi. Mən cavab verdim ki, anamı tək qoymaq istəmirəm, lakin o bildirdi ki, şənbə və bazar günləri mən evə gələ bilərəm. O ildə mənə yüz gin ödəyəcək – çox yaxşı məbləğdir. Nəhayət, mən razılaşdım və Farnemdən 6 mil uzaqlıqda yerləşən Çiltern-Qreyncə yaşamağa getdim. Cənab Karruters dul idi, ev işlərini qulluqçu idarə edirdi. Xanım Dikson hörmətli, yaşlı bir xanım idi. O uşaq isə sanki bir mələk idi. Bir sözlə, hər şey mükəmməl idi. Cənab Karruters özü çox mülayim idi, musiqini sevirdi və axşamlar da bu səbəbdən çox yaxşı keçirdi. Hər şənbə isə mən şəhərə, evə qayıdırdım.

      Mənim həyatımı qaraldan ilk bulud həmin kürən bığlı gənc cənab Budlinin gəlişi oldu. O, bir həftəlik gəlmişdi, lakin həmin bir həftə mənə üç aydan da uzun gəldi! O dəhşətli insan idi, hamıya qarşı kobudluq edirdi, amma mənə qarşı davranışı ən pisi idi. Dayanmadan öz var-dövləti ilə lovğalanırdı, təkrarlayırdı ki, mən ona ərə getsəm Londondakı ən yaxşı brilyantlar mənim olardı. Nəhayət, mən ona bildirəndə ki, onu nə görmək, nə də eşitmək istəmirəm, bütün müqavimətlərimə baxmayaraq o məni qucaqladı və and içdi ki, onu öpməsəm məni buraxmayacaq. O çox güclü idi və mən onun qollarından can qurtara bilmirdim. Xoşbəxtlikdən elə bu an cənab Karruters içəri daxil oldu və rəsmən onu mənim üzərimdən dartıb kənara çəkdi. Bundan sonra qudurğan Budli ev sahibinin üzərinə atıldı və onun üzündən vurub yıxdı. Bununla da