narazı halda kağızı məndən alıb oda atmaq üçün əzəndə birdən şəkildə diqqətini nəsə cəlb elədi. Leqran əvvəlcə pomidor kimi qızardı, sonra asta-asta tabaşir kimi ağarmağa başladı. Sanki nəyisə araşdırırmış kimi bir müddət durub diqqətlə çəkdiyi rəsmə baxdı. Sonra masadan şamı götürüb otağın digər küncündəki sandığın üstündə oturdu. Orda da kağızın o yan-bu yanını diqqətlə nəzərdən keçirdi, amma yenə ağzına su alıb durmuşdu. Onun bu davranışı mənə çox qəribə görünsə də, elə özüm də susmağı üstün tutdum. Deyəsən, yenə qaşqabağını tökmüşdü. Leqran şəkli cibindən çıxardığı portmanatın arasına qoydu, sonra onu sandıqda gizlədib, qapısını açarla bağladı. O sanki ayılmışdı, amma əvvəlki canlılıq gözə dəymirdi. Əsəbi olmasa da, fikri hardasa ilişib qalmışdı. Leqranın fikir dağınıqlığı getdikcə artır, mənim onun kefini durultmaq cəhdimsə uğursuzluğa düçar olurdu. Əvvəlcə artıq bir neçə dəfə etdiyim kimi, burda gecələməyi düşünmüşdüm, amma ev sahibinin əhvalını nəzərə alıb evə qayıtmaq qərarına gəldim. Leqran məni saxlamadı, yola salandasa əvvəlki səmimiyyətlə əlimi sıxdı.
Yupiter Çarlstona gəlib mənə baş çəkəndə Leqrandan xəbərsiz olduğumdan təxminən bir ay keçmişdi. Bu qoca, mərhəmətli zəncini heç vaxt belə dilxor görməmişdim. Dərhal həyəcanlandım: görəsən, dostumun başına bir iş gəlməyib ki?!
– Hə, Yup, – dedim, – nə var, nə yox? Sahibin necədir?
– Düzünü desəm, cənab, heç də sağlam deyil.
– Sağlam deyil? Məni qorxudursan! Şikayəti nədəndir?
– Elə iş də burasındadır ki, heç nədən şikayət eləmir… Amma ağır xəstədir.
– Necə yəni, ağır xəstədir, Yupiter?! Niyə gələn kimi demədin? Yatır?
– Nə yatır? Onu heç itlə də tuta bilməzsən. Elə dərd də burasındadır! Ürəyim ağrıyır. Yazıq böyük Vill!
– Yupiter, nə baş verdiyini əvvəl-axır bilmək istəyirəm. Deyirsən ki, sahibin xəstədir. Sənə harasınınsa ağrıdığını deyibmi?
– Hirslənməyin, cənab! Ona nə olduğunu bilmirəm. İndi mən sizdən soruşmaq istəyirəm ki, nəyə görə böyük Vill bütün günü başını aşağı salıb yeriyir və niyə rəngi qaz kimi ağappaqdır? Bəs nə üçün elə hey nəsə sayır?
– Neyləyir?
– Elə ədədlər hesablayıb yazır ki, heç doğulandan elə möcüzəvi rəqəmlər görməmişəm. Onun yerinə çox qorxuram. Bütün günü gözüm üzərindədi. Dünən gözümü oğurlayıb yoxa çıxdı, onda hələ günəş çıxmamışdı, düz gecəyə qədər harda olduğunu bilmədim. Qayıtmağını gözlədim, qalın çubuq düzəldib onu yaxşıca əzişdirmək istəyirdim, amma mən qoca axmağın yazığı gəldi: elə kədərli qayıtmışdı ki…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.