və hərbi məsələlər var ikən gözəl bir qıza bu qədər yaxınlıq hiss edib məhv olmasını qəbul edə bilmirəm. Çox xahiş edirəm, bu nağılda həqiqət payı nədirsə və yaxud nə ola bilərsə, sadə bir dillə izah et, beynimdəki suallar cavablansın.
Qadın hələ də sakit idi. Otaqda aram addımlarla gəzərək ona tərəf baxmayan kişini gözləri ilə təqib edərək anlatmağa başladı:
–Həqiqət bu ola bilər: Günümüzdən, bəlkə də, iki min il əvvəl o zamankı türk dövlətinin ordusunda tanınmış bir hərbçi bir günah işləyib və ya səhv addım atıb. Bu günahı işlətməsinə səbəb isə çox gözəl bir qadın olub. Bu hərbçi günahının cəzasını çox ağır bir şəkildə maddi və mənəvi iztirablarla ödəyib. Amma bu elə bir hadisədir ki, xalq bunu əsrlərlə unuda bilməyib. Hərbçinin çəkdiyi cəzanı ümumi vicdan üçün yetərli saymadığına görə onun ruhunun da əzab içində qıvranmasını və dünyaya hər dəfə gələndə eyni cəzanın təkrarlanmasını arzulayır. Cəzanın çox ağır olduğunu və nağılın iki min il əvvəlki bir dövrə aid olduğunu nəzərə alsaq, hadisənin Mete dövründə baş verdiyini ehtimal edə bilərik. Sənin sevgili Metenin zamanında…
Metenin adı çəkilən kimi kişinin gözləri parıldadı.
–Bu iyrənc əsrdə yaşamaqdansa Metenin zamanında dünyaya gəlməyi üstün tutardım.
Qadın onun bu saf arzusuna lağ eləməyə başladı:
–Bəlkə də o vaxtlar yaşamısan. Bu nağılda necə Mete dövrünə aid izlər, elementlər varsa, səndə də o zamana aid çox şeyin olduğu dəqiqdir… Bir fərqlə ki, nağılda o zamana aid şey-lər qırıntı olaraq yaşayır. Amma demək olar ki, sən Mete döv-rünün yaşlanmadan günümüzə gəlib çıxmış hərbçilərindən bi-risən. Reinkarnasiya üçün dəlil axtaranlar mütləq gəlib sənə baş çəkməlidirlər. Düzdür, o nəzəriyyəni də bir qələmlə rədd etmək düz deyil.
Kişi gülümsədi. İçkidən qızarmış üzündə indi bir körpə məsumluğu vardı. Qədəhini doldurub dedi:
–Ruhların yenidən doğulması ilə bağlı uydurmanı bir tərəfə qoyaq.
Sonra sərt bir hərəkətlə əsgəri duruşa keçdi. Sol əli əsgər təlimatına tamamən uyğun şəkildə şalvarına yapışmış halda, qədəh tutan sağ əlini göyə qaldırdı:
–Böyük əsgər Metenin ölməz xatirəsi şərəfinə!– dedi.
Qadın gülümsünərək zərafətlə başını əydi: “Nuş olsun!” –dedi. Son qədəh içilmişdi. Otağa uzun bir səssizlik çökdü…
II FƏSİL
Qızlar liseyinin müdiri zəngi basaraq xadimənin gəlməsini gözləyərkən, bir tərəfdən də əlindəki kağızı diqqətlə oxuyurdu. Xadiməyə birinci müavini çağırması barədə göstəriş verdikdən sonra təkrar kağıza başı qarışdı. Makiyajlı, kök, çox əndazəsiz bir qadın idi. Bu yaşa çatdığı halda ailə qurmamağın verdiyi əzab və yüzlərlə gənc, gözəl, şən qızın arasında olaraq, onların sabah evlənəcəyi fikrinin verdiyi gizli bir qısqanclıq üzündən oxunurdu. Otağa girən birinci müavinə yer göstərdi:
–Buyurun, Faiqə xanım.
Faiqə xanım da özü kimi evdə qalmış, tükənmiş qızlardan biri olduğu üçün, müdirə onu səbəbini anlamadığı duyğularla sevirdi. Narahatlıqla baxaraq:
–Nəhayət, qorxduğumuz başımıza gəldi, –dedi və birinci müavinin gözlərindəki şübhəni dağıtmaq üçün anlatmağa başladı:
–Ədəbiyyat müəllimi Ayişə Pusat təkrar gəlir. Bu qadının buraya göndərilməməsi üçün nə qədər çalışdım, amma olmadı. Deyəsən, nazirlikdə ona arxa duran biri var.
–Mən belə düşünmürəm, xanım. Bəlkə dərslərində əldə etdiyi uğurlar səbəbi ilə təkrar bura təyin olunub.
Müdirə əsəbiləşdi:
–Canım, onun uğurundan bizə nə? Şagirdini zəhərləyəcək qabiliyyəti olandan sonra… Daşıdığı familiyanın mənfi təsiri yetərli deyilmi?
Birinci müavin çoxdan Ayişə Pusatı tanıyırdı. Onun pis qadın olmadığını, əri üzündən başına bir çox işlər gəldiyini bilirdi. Amma onun üstündə müdirlə mübahisə etməyə ehtiyac görmədiyindən susmağa üstünlük verdi. Müdirə isə Ayişə Pu-satı ömründə heç görməmişdi. O, liseyə müdir təyin olunanda Ayişə Pusat artıq işdən uzaqlaşmışdı. Amma aylarla bütün qə-zetlərin bu familiya ətrafında yazılar yazdığına görə ona nifrət edirdi. Üstəlik bu qadının liseydə müdirənin nüfüzünu sıfıra endirdiyi, özünü şagirdlərə daha çox sevdirdiyi və beləliklə də, istədiyini etdiyi deyilirdi. Müdirə bu təlqinlərin nə olduğunu dəqiq bilmirdi, amma zərərli olduğu ilə bağlı heç bir şübhəsi yox idi. Nəhayət, milli və vətənpərvər duyğuları belə, Ayişə Pusatın əleyhinə olmağı üçün yetərli səbəblər idi. Ciddi bir əda ilə birinci müavinə göstəriş verməyə başladı:
–Faiqə xanım! Ayişə Pusat burdan 3 il əvvəl getmişdi, elə deyil? Deməli, o zaman balaca olan şagirdlər indi böyüyüblər. 3 ildə onu unuda bilməzlər. Liseyə gəldiyi gün şagirdlərin sevgi nümayişi göstərərək idarəetmə nüfuzunu yerlə bir etmələrinə icazə verə bilmərəm. Bunlar sonunda uşaqdılar. Yaxşını pisi seçə bilmirlər. Gəldiyi gün Ayişə Pusatı bütün siniflərdə siz gəzdirib, təqdim edəcəksiniz. Və sizdən çox xahiş edirəm ki, bu təqdimatı çox sərt bir şəkildə edin. Nə şagirdlər, nə də nəydi onun adı – Ayişə Pusat, ürəklənib artıq hərəkət etməsinlər. Sonra daaa.... Bəli, sonra da müəllim yoldaşlara da çatdırın ki, bu qadının çox etibar ediləcək bir məxluqat olmadığını bilsinlər. Onunla həddən artıq ünsiyyət qurmasınlar.
Birinci müavin burda etiraz etdi:
–Aman, müdirə xanım, mən bunu necə deyə bilərəm? Bəlkə müəllimlərin içində qohumları və ya dostları var. Bunu sizin eşitdirməyiniz daha doğru olar. Həm də müəllimlər sizə etiraz edə bilməzlər.
–Yaxşı, yaxşı.. Bu, mənim öhdəmdə qalsın. Siz sadəcə sinif rəhbərlərinə məsələni uyğun bir dillə başa salın və Ayişə Pusat gəldikdən sonra tənəffüslərdə ciddi bir nəzarət həyata keçirin. Ələlxüsus da onun növbətçi olacağı günlərdə şagirdlərlə xüsusi şəkildə münasibət qurmasına mane olun.
–Baş üstə…
* * *
O gün ədəbiyyat müəllimi Ayişə Pusat, üç il qabaq zorla çıxarıldığı məktəbinə geri dönmək üçün yola çıxırdı. Bu dönüş onun duyğulu və romantik əhvali-ruhiyyəsi üçün çox mühüm bir hadisə idi. Zamanında özünün də şagirdi olduğu bu məktəb bütün gənclik xatirələri ilə dolu, yarı müqəddəs bir yer kimi idi. Ədəbiyyat fakültəsini bitirib orta məktəblərin birində bir il staj keçəndən sonra buraya təyin edilərək, bütün məhəbbəti və hə-vəsi ilə, bütün enerjisi və xoş niyyəti ilə işə sarılmışdı. Yaxşı ça-lışırdı, şagird yetişdirmək üçün çox uğurlu fəaliyyət aparırdı. Şagirdlərini çox sevir, onlar tərəfindən çox sevilirdi. Artıq hə-rəkətlərə yol vermədən, ciddilikdən