Шамиль Садиг

Qana qan qarışdı


Скачать книгу

Qazan, hüzuruna çox vacib bir iş üçün gəlmişəm. Ünüm anla, sözüm dinlə. Düz 9 ay bundan qabaq Qalın Oğuz bəylərindən Alp Aruz başının dəstəsi ilə bizim ellərə yürüş etmişdi. Məni və 9 gözəl qızı bulaq üstə görüb atlarının tərkinə aldılar, zorla məclislərinə gətirdilər, şərab paylatdılar. Sonra isə müqavimətimizə baxmayaraq, sərxoş halda namusumuzu ləkələdilər. Səhərə yaxın birtəhər əllərindən qurtulub qaça bildik. Xan, bundan xəbər tutan Şöklü Məlik hamilə olduğumuzu eşidəndə hamımızı asmağı cəlladlara əmr etdi. Biləndə ki, ana bətnində olan uşaqlardan birinin atası bəy nəsli, xan nəsli Oğuz bəyi Alp Aruzdur, məni öldürməmələrini tapşırdı. Məqsədi o imiş ki, uşaq doğulandan sonra onu xüsusi qayda ilə böyütsün, oğuzlara qarşı qoysun.

      “Axı, bu uşaq cins toxumdur, bəy nəslidir. ”Aslan balası aslan olar” demişlər. Böyüyər, türklərə qarşı qoyarıq, Oğuz elinə şərik olarıq. Onun gücü, bizim ağlımız, siyasətimiz… Türkü öz əli ilə məhv etməsək, heç vaxt ona bata bilmərik”, – dedi, xan. Uşaq doğulan kimi əlimdən alacaqdılar. Onun üçün də mən sənə, sənin böyüklüyünə pənah gətirmişəm.

      (Diz çökmək istəyir. Qazan qoymur, əlindən tutub ayağa qaldırır.)

      Alın əmanətinizi, götürün, necə olsa, dayınız Aruzun oğludur. Mən də bir anayam, balamdan ayrı qala bilmərəm, onu gözümdən uzağa qoya bilmərəm. Ona görə də balamı götürüb bura gəldim. Yalvarıram, xan, məni ya qapında qul et, ya da eşiyində dilənçi. Ancaq imkan ver, mən balama yaxın olum, xan. Ana gözünü ağlar qoyma, xan…

      (Qadın bunları deyib, ağlar gözlərini silə-silə nəzərlərini Qazana dikir. )

      Qazan xan. (Qazan bir az fikrə gedir. Sonra asta-asta başını qaldırıb gözətçiyə) Oğlan, get, 24 Oğuz bəyinə hay sal, çapar göndər, de ki, tez bir zamanda Dış Oğuz, İç Oğuz bəyləri mənim hüzuruma gəlsin. Bu qadını isə körpəsi ilə birlikdə qadınların arasına ötür, qoy üstündə göz olsunlar.

      Gözətçi. Baş üstə, xan!

      (Qadın ehtiramla baş əyərək gözətçi ilə birlikdə arxalarını çevirmədən məclisi tərk edir.)

      II şəkil

      (Xan sarayı. Taxtında əyləşən xan dərin fikirlərə dalmışdır. Qalın Oğuz bəyləri xanın çağırışına görə bir-bir özlərini yetirirlər.)

      Gözətçi. Xan, Qaradərə ağzında qara buğa dərisindən beşiyinin yerliyi olan, acığı tutanda qara daşı kül eyləyən, bığını boynunun dalında yeddi dəfə düyünləyən, igidlər igidi, qardaşınız Qaragünə gəlmişdir.

      Qazan xan. De, gəlsin.

      (Baş əyib təzim edərək öz yerinə keçir.)

      Gözətçi. Xan, Dəmir qapı Dərbənddəki dəmir qapını hücumla alan, altmış tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən Qıyan Səlcik oğlu Dəli Dondaz çaparaq gəlmişdir.

      Qazan xan. Qoy gəlsin!

      Gözətçi. Xan, Amidlə Mərdin qalasını vurub yıxan, Dəmir yaylı Qıpçaq Məlikə qan qusduran, Oğuzun ağsaqqalı, igidləri görəndə o igidə “əhsən” deyən, al məxmər şalvarlı, atı mavi qotazlı Qaragünə oğlu Qarabudaq gəlmişdir. İzndirsə, gəlsin.

      Qazan xan. Gəlsin.

      Gözətçi. Xan, icazəsiz Bayandır xanın düşmənini basan, altmış min kafirə qan qusduran, ağ-boz atının yalı üzərində qar yığılan Qəflət Qoca oğlu Şir Şəmsəddin çaparaq gəlmişdir. İzin istəyir.

      Qazan xan. İzndir, de gəlsin.

      Gözətçi. Xan, Parasanın, Bayburd hasarından sıçrayıb aşan, al rəngli gəlin ocağına qarşı gələn, yeddi qızın ümidi, Qalın Oğuzun müjdəçisi, yaxın silahdaşınız, boz ayğırlı, üzü örtüklü Beyrək dördnala çaparaq gəlmişdir.

      Qazan xan. İzin onundur, de gəlsin.

      Gözətçi. Xan, çalın-çarpaz çalmalı, çal qaraquş ərdəmli, qurama qurşaqlı, qulağı qızıl küpəli, Qalın Oğuz bəylərini bir-bir atından yıxan, Qazlıq Qoca oğlu Yeynək bəy gəlib.

      Qazan xan. Buyursun.

      Gözətçi. Xan, kafirləri it ardına qoşub alçaldan, eldən çıxıb Ayğır gölü suyunda at üzdürən, əlli yeddi qalanın açarını alan, Sufi Sandal Məlikə qan qusduran, qırx cübbə bürünüb otuz yeddi qala bəyinin gözəl qızlarını oğurlayıb bir-bir boynun qucan, üzündən, dodağından öpən İlək oğlu Alp Ərən çaparaq gəlib.

      Qazan xan. Buyursun.

      Gözətçi. Xan, gedib Peyğəmbərin üzünü görən, dönərək oğuzlar içində ona sadiq tərəfdar olan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Bükdüz Əmən özün yetirib.

      Qazan xan. İzndir.

      Gözətçi. Xan, altmış təkə dərisindən olan kürkü topuqlarını örtməyən, altı erkək dərisindən papağı qulağını örtməyən, Dış Oğuzun bəylər bəyi dayınız Alp Aruz başının bəyləri ilə gəlmişdir.

      (Aruz bəydən başqa bütün bəylər baş əyib diz çökür, ancaq Aruz yalnız baş əyərək Qazanın yanına keçir.)

      (Bu zaman məclisə oğuzların bilicisi, gələcəkdən xəbər verən, oğuzların bir məclisi də onsuz keçməyən Qorqud Ata əlində qopuzu içəri girir. Bütün bəylər ona baş əyir, xan Qazan yerindən durub ona təzim edir, yer göstərir.)

      Qazan xan. Bəylər, sizi buraya yığmağımın böyük səbəbi var. Bu, bizim üçün çox vacib bir məsələdir. Məlumunuz olsun ki, dayım Alp Aruz kafir ellərinə yürüş edərkən kafir qızlarını görüb sevmiş, öz məclisinə gətirmiş, şərab paylatmışdır. Sonra isə onlardan birini yatağına salmışdır, əylənmişdir. İndi o hadisədən 9 ay keçmişdir. 9 qız Oğuz igidlərindən toxum götürmüş, hamilə olmuşdur. Bundan xəbər tutan Şöklü Məlik hamilə qızların öldürülməsini əmr etmişdir, lakin biləndə ki, qızlardan biri bəy nəsli Aruzdan yüklüdür, onu saxlamalarını əmr etmişdir. Məqsədi uşağı anasının əlindən alıb, xüsusi qaydayla böyüdüb, Türk elinə qarşı qoymaqmış. Beləliklə, türkü türklə əzmək istəmişdir. İndi isə anası uşaq ilə kafirin əlindən qaçıb bizə pənah gətirmişdir. Bizdən imdad diləmişdir.

      Gördüyünüz kimi, Alp Aruzun səhvi ucbatından indi bizim qarşımızda iki yol var: ya bizdən imdad diləyən qadını kafirin əlinə verib öldürtmək, balasını isə gələcəkdə bizə qarşı qoyub, Oğuz toxumundan bəhrələnməyə kafirə rəvac vermək, ya da qadını, və uşağı öz himayəmizə götürüb, birləşərək kafirin qadını uşağı qaytarmaq üçün hazırlaşdığı döyüşə hazırlamaq.

      Bu vəziyyətdə sizin məsləhətiniz mənə çox vacibdir… Axı sizlər mənim arxam-dirəyim, vuran əlim, düşünən beynimsiniz.

      Dədəm Qorqud, ilk söz sənindir. Sənsən bizim elin müdrik bilicisi. Sənin könlünə Allah ilham verər, gələcəkdən nə söylərsən, o da olar. Sənsən Oğuz elinin çətin