Azər Qismət

Çuğullar


Скачать книгу

1903-cü ildəki görüşünü necə müfəssəl təsvir etməsindən danışdı, fərəhləndi və o xatirələri hələ də ürəyində saxladığını dilə gətirdi. Qarşılarındakı cavan oğlansa məktəb illərindən, universitet auditoriyasından ağızdolusu gaplayıb dəcəl hərəkətlərini qəhrəmanlıq saydı, ər-arvad qaqqanaq çəkdi, bir-iki lətifə, hikmətli söz, köklüyün maddələr mübadiləsini pozması, Aydan gətirilən qumun yerli sementə qatılması ilə binaların Rixter cədvəlinin ən yüksək göstəricinə dözməsi, toyuğun balalarını qoruması ilə qadınların müdafiə instinktinin oxşarlığı, kinolardan parçalar söhbətə rəng qatdı, amma əsas gözlədiyim kübar qadının bilgilərini eşitmək idi.

      Əri mədəniliyini nümayiş etdirib o biri otağa çəkildi və televizorun səsini artırdı ki, həyat yoldaşı ilə gənc əməkdaş arasındakı iş müzakirəsini eşitməsin, ən azından bu, kübar ailələrdə etikadan kənar sayılırdı.

      Niyə onların“kübar ailə” çağırılmasını bilmirdim: mənzil adi mənzil, çarpayı eyni cür çarpayı, masa eyni masa, ayaqyolu da bizdəkindən. Ola bilsin ki, kübarlıq onların hərəkətlərində, danışıqlarında büruzə verirdi və anlaşıldı ki, yarıəcnəbi, yarıazərbaycanca danışmaq, ayağını ayağının üstünə aşırıb gözləri xüsusi tərzdə fırlatmaq, üstəlik, siqareti müştüklə çəkmək, hündürdən yox, astadan danışmaq, baletvari əl hərəkətləri – kübarlıq sayılırmış.

      Ərinin o biri otağa çəkilməsi ilə qapını azacıq aralı qoymasından sonra da kübar qadın söhbəti açmağa tələsmirdi. Gözlərini yumması, baxışlarını bir nöqtədə saxlayıb gənclikdən əsər-əlamət qalmayan bədənini əsdirməsi söhbətə asta giriş üçün taktika sayılmalıdır. Bəlkə də, əri yarıaçılı qapıdan arvadının hərəkətlərini görsəydi təəccüblənməzdi, çox güman ki, onu çoxdan tanıdığından dözürdü. Niyə belə düşünürəm axı?! Bəlkə də, hər ikisini birləşdirən, bir-birinə zövq verdirən bayağı olmayan hərəkətləridir.

      – Evoranın mahnıları ilə aran necədir?

      – Çox yaxşı. Sevirəm onun “Besame Muço”sunu.

      – Ola bilməz. Sən Evoranı tanıyırsan? – deyə yarıaçılı qapıdan görünən ərinə səsləndi:

      – Cem, təsəvvür edirsən, o, Evoranı tanıyır.

      Əri gülümsünüb əl çaldı.

      – Onda söhbətimiz şirin alınacaq və hər sözümü göydə tutacaqsan, tez də ayrılacağıq. Onsuz da yuxum gəlir, elə sən də dəmir deyilsən.

      “Sən” deməklə yeni səmimi ünsiyyət mühiti yaratdı.

      Senyora – o şirin, qaraşın, bəzən siqarı damağında sıxıb şəkillər çəkdirən kök ispan qadınının mahnısını səsləndirməklə bu evə sərinlik, ətrafı kaktuslarla dolu ucsuz-bucaqsız çöllərin ahəngini gətirdi, ona, eləcə də Anna Axmatovadan avtoqraf alan, Rojdestvenski ilə bir mehmanxanada qalan ərinə sonsuz dostluq hissimi gücləndirdi. Ah, Evora, səni necə də sevirəm! Səni qucaqlamaq, göz yaşlarını silmək, birlikdə “Besame Muço”nu oxumaqla qəlbini fəth edən ilk azərbaycanlı oğlan olmaq istəyirəm. Kübar qadının əri Mürəbbə (arvadı onu Cem çağırsa da, bir kəndli balası kimi o mənümçün sadəcə Mürəbbə idi) hərdən sakit, hərdən çılğın hərəkətlərə yol verirdi. Arvadını isə Evoranın gəncliyi sanırdım, belə düşüncələrə getməyin yeri yoxdur, onsuz da kübar qadının qarşısındakı çolpanı əjdahalar yurduna – toksikologiya laboratoriyasındakı reallığa qaytaracağını bilirdim. Onu da bilirdim ki, çuğulluğun ilk dərsini almaqla, bəlkə, xoş, bəlkə də, vicdansız aləmə daxil olurdum, onun incəliklərini dəqiqliklə öyrənmək həyatımı osminoq kimi bədənsiz, ya da kirpi kimi tikanlıya çevirəcəkdi.

      Hə, uzaqdan başlayacağını bilirdim, Evoranın mahnısı, müştüyə keçirdiyi siqareti odlaması, yellənən stula yayxanıb ayağını ayağının üstünə aşırması, üç-dörd qullab və dərindən ahhh.

      – Biz onunla bacı-qardaşıq… Artıq neçə ildir.

      – Kiminlə?

      – Axmatovadan avtoqraf alan ərimlə. Yəqin, Axmatova da cinsi təlabatının ödənməməsi ucbatından əri Qumilyovdan şikayət edərmiş.

      – Bəlkə “mən qadınla yox, ifritə ilə evlənmişəm” deyən əri arvadı tərəfindən təmin olunmayıb?

      – Dilin uzundur ha. Söhbətin belə fırlanacağını gözləmirdim. Bir halda ki, evimdəsən, peçenye ilə çaya qonaq edilmisən, hörmətli müdirimizin çuğulluğa dair ilk bilgi dərsi keçmək tapşırığına görə səni qovmuram. Nə isə, üstündən keçək, ilk dərsimizə başlayıram.

      – Burda dərs keçməli nə var ki? Gördüyünü xəbər verirsən, vəssalam. Çox sadə.

      Onun şaqqanaq çəkməsinə söhbətdən xəbərsiz, yarıaçılı qapıdan baxan ərini təəccübləndirmədi, yenə də əl çaldı. Necə də hissiyyatsızlıq, taxta çərçivə, bayağı ürək.

      – Bilirsən, – deyə müştüyünü barmaqları arasında sıxdı, sonra dodağına yaxınlaşdırıb dərindən qullab aldı, – Əslində, xəbəri vermək bacarığı adamdan fitri istedad tələb edir. Gendən də gəlməlidir. Əgər yoxdursa, onu məktəb illərindən ali məktəbə qədər formalaşdırmaq lazımdır. Xəbər hamıya gərəklidir. Xəbərsiz dünya dağıla bilər, xəbərsiz cəmiyyətdə fəlakətlər baş verər, kişilər arvadlarının, arvadlar kişilərinin etdiklərini bilməz, dövlət xarici siyasətdə səhvə yol verməklə əhalisinə açıq-aşkar təhlükə yaradar. Televiziya, qəzet, radio hər gün xəbər verməsə, onda ilk iqtisadi formasiya yenidən qayıdar. Xəbərvermə anlayışı… O da bir gözəllik, o da bir sənətkarlıq, yaradıcı yanaşma tələb edir, – deyə ayağa qalxıb emolar kimi həyəcan və çılğınlıqla əl-qol atdı, təkcə qara paltarı, qara dodaq boyası, bir də yan-yörəsində hərlənən oğlanlar çatışmırdı. Hərdən yaxınlaşıb gülümsünür, başımı tumarlayırdı:

      – “Xəbərvermə formulu” xəbər ötürənin özü tərəfindən dəfələrlə dəyişdirilə bilər və informasiya çatdırılan obyektin ovqatı ilə düz mütənasiblik təşkil etməlidir. İnformasiya ötürülən şəxs əsəbi və çılğın olarsa, onda xəbərvermə anlayışı fiaskoya uğrayar. Mənim xəbərvermə üslubum tam klassikdir: bu, müdirimin kefinin kök vaxtı ilə bağlıdır. Əhvalı yaxşıdırsa, deməli, xəbəri çatdırmaq olar. Burada da müəyyən nüanslar var. Kefi kök olanda sənə lazım olan və şəxsi məqsədin üçün çoxdan planlaşdırdığın işləri gerçəkləşdirə bilərsən. Məsələn, məvacibin artırılması, yaxud vəzifədə irəliləmək xahişləri məhz müdirin psixoloji vəziyyətinin aktiv fazasında alt şüuruna yeridilməlidir. Nəzərdə tutduğun obyektin sıradan çıxmasını istəyirsənsə, müdirin qanı qara olmalıdır. Bu, əla fürsətdir. Əsəbi vaxtda ötürdüyün xəbərlərdə də ehtiyatı əldən verməməlisən. Məhz həmin məqamda xəbər çox incə şəkildə ötürülməlidir, çünki birbaşa xəbər – obyekti infarkt həddinə çatdırar. Yəni, mustafaya uzaqdan – dövrə vura-vura gəlinməlidir.

      Bu yerdə peçenyedən bir dişləm alıb dodağını yaladı, axıcı gözlərinin şiddətini artırdı, canıma istilik gətirməsindən qaqqanaq çəkdi. Onun ecazkar baxışlarından ehtiyatlanıb yarıaçılı qapıdan