bir yarısı onların qapısı önündən keçəndə baxırdım ki, hələ də pəncərəsində işıq yanır. Gecədən sübh açılıncaya qədər işləyirdi, tərcümələr edir, redaktəylə məşğul olur, mütaliə edirdi. Bir dəfə redaksiyadan rus dilində irihəcmli bir mətni (təxminən 50-60 səhifəlik) bizim dilə çevirmək üçün mənə verdilər və tapşırdılar ki, mətn sabaha hazır olmalıdır. Gərgin iş rejimində çalışırdım, mətbuat konfrasından çıxıb müsahibəyə qaçırdım, ordan reportaj hazırlamaq üçün başqa bir yerə gedirdim. Yorulsam da gördüyüm işdən zövq alırdım. Redaktor mətni mənə verəndə imtina edə bilmədim. Yolda mətni nəzərdən keçirdim və gördüm ki, yazı başdan-başa fəlsəfi terminlərlə yüklənib və çox qəliz dildə yazılıb. İşin öhdəsindən gələ bilməyəcəyimi düşünəndə təşviş hissi məni bürüdü. Səhər redaktora nə cavab verəcəyəm?
Kəndə çatanda hava qaralmışdı. Rəhimağa müəllimgilin qapısından keçəndə bir anlıq ayaq saxladım, həmişə olduğu kimi pəncərəsində işıq yanırdı. Düşdüyüm vəziyyətdən məni çıxara biləcək yeganə insan o idi. Gəlişimə sevindi. Üzbəüz oturub çay içirdik. Tərəddüd içindəydim, bilmirdim vəziyyəti ona necə izah edim. Sövq-təbii narahatlığımı hiss elədi.
– Niyə belə narahatsan? Nəsə bir problem-zad yaranmayıb ki?
Çəkinə-çəkinə rus dilindəki mətni ona göstərdim və dedim ki, bu mətni təcili bizim dilə çevirməliyəm, redaksiyanın tapşırığıdır. Əvvəl elə bildim yüngül mətndir, amma indi baxıram ki, çevirməyə çətinlik çəkəcəyəm, elmi məqalədir. Yazını alıb eynəyini taxdı, xeyli vərəqlədi. Uzun sükutdan sonra dedi:
– Çayını iç, keçək mənim otağıma.
Sanki çiynimdən ağır bir yük götürüldü, həm də xəcalət hissi keçirirdim, gecə vaxtı onun rahatlığını pozduğum üçün özümü lənətləyirdim ki, axı bacarmadığın işi niyə boynuna götürürsən, ay səfeh?
Rəhimağa müəllimin iş otağına keçdik. Qarşıma bir qom kağız qoydu və o, rus dilində olan mətni ürəyində oxuyub bizim dildə mənə diktə etməyə başladı. İş bitəndə gecə yarıdan keçmişdi, qələm tutmaqdan barmaqlarım ağrıyırdı. Eynəyinin altından baxım gülümsədi:
– Yorulmusan deyəsən.
Özümü sındırmadım:
– Yox, Rəhimağa müəllim. Amma sizdən dönə-dönə üzr istəyirəm. Çox böyük əziyyət verdim sizə.
Tövrünü pozmadan ayağa qalxdı.
– Gəl indi xoruzquyruğu bir çay içək. Yadında saxla, bizim işimiz əziyyətli işdir. Ömrümüz belə əziyyətlər içində keçir. Gördüyün işdən zövq ala bilmirsənsə, onda bu əziyyət on qat ağırlaşır.
Mənim heyrətimə səbəb olan başqa məqam idi. Rəhimağa müəllim mətnin tərcüməsində bir dəfə də “ilişmədi”, səlis, rəvan şəkildə cümlələri bizim dildə diktə edirdi. O, cümlələri beynində redaktə edə-edə deyirdi və mətni yenidən oxuyanda heç bir düzəlişə ehtiyac qalmadı. Bu, əsl Sizif əməyi idi.
Klassik şairlərin əsərlərini çapa hazırlayanda mətnləri dönə-dönə oxuyurduq, kitabda bircə səhv belə getməməliydi. Bəzən mən hədsiz dərəcədə mürəkkəb dildə yazılmış qəzəllərin, qəsidələrin oxunuşunda çətinlik çəkirdim. Qumrinin, Azərin, Asinin qəliz ərəb-fars izafətləriylə dolu qəzəllərinin, poemalarının korrektəsi belə korrektordan zəngin bilik tələb edir. Rəhimağa müəllim hər sözün mənasını səbrlə izah edirdi. Zəhmət üstəgəl hövsələ, səbr. Qələm adamı üçün ən vacib olan bu iki şərti özündə tərbiyə etmədən hansısa uğura nail olmaq mümkünsüzdür. Bu həqiqətlərə onun sayəsində yetişdim.
Rəsul Rza haqqında həmişə böyük ehtiramla danışırdı. Deyirdi “o, kişi adam idi”. Uzun illər Azərbaycan Ensiklopediyasında çalışmışdı. Onu ensiklopediyaya Rəsul Rza gətirmişdi. Zəngin eridusiyasını, iti zəkasını, intellektini görmüşdü və onu özünə çiyindaş seçmişvi və yanılmamışdı. Ora ilə bağlı zəngin xatirələri vardı. Bəzilərini mənə danışmışdı. Zənnimcə, xatirələrini də yazırdı. Rəhimağa müəllimin vəfalı ömür-gün yoldaşı Validə xanım da Ensiklopediya məktəbi keçib. Bu gün də həmin məbəddə çalışır. O, Rəhimağa müəllimin həm ömür yoldaşı idi, həm iş yoldaşı, həmkarı idi, həm də məsləkdaşı idi. Bu gün də onun zəngin irsini məhz Validə xanım qoruyur.
Rəhimağa müəllimlə son görüşümüzü xatırlayıram. İnsult keçirmişdi, yazan əli, sağ əli tutulmuşdu. Onun ziyarətinə getdim, yataqda idi. Məni görüb doluxsundu. Rəhimağa müəllim, yataq sizə heç yaraşmır, tezliklə sağalın, dedim. Gözlərinin dərinliyində ona xas olmayan bir kədər gördüm. Həmişəki şövq, entuziazm onu tərk etmişdi, çarəsizliyin bir parçası kimi yatağa uzanmışdı. Sol əliylə yorğanın üzərində hərəkətsiz qalmış sağ əlini qaldırıb buraxdı, əl sinəsinə düşdü. Zəif səslə “görürsən də” dedi. İçimdən bir gizilti keçdi, qəhər boğazıma dirəndi, bunu qətiyyən ona hiss etdirməməliydim. Özümü ələ almağa çalışdım. Amma əbəs yerə. İti baxışlarından heç nə yayınmırdı. “Yaxşı ki, gəldin. Səni görməyimə şad oldum” dedi. “Borcumuzdur, Rəhimağa müəllim, siz mənim ustadımsınız. Amma özünüzü üzməyin, tezliklə sağalacaqsınız. Buna əminəm” dedim. Xəfifcə gülümsədi.
Ağlıma gəlməzdi ki, bu görüş onunla sonuncu görüşümüzdür. Sağalacağına bütün varlığımla inanırdım. Həyat eşqiylə dolu ürək belə asanlıqla ölümə təslim ola bilməzdi.
Qısa müddətdən sonra hərbi xidmətə yollandım. Naxçıvanda xidmət edirdim və hər həftə anamdan məktublar alırdım. Bir gün bir məktub aldım. Anam yazırdı ki, oğlum, Rəhimağa müəllim dünyasını dəyişdi. Bu qara xəbərin məni uzaq bir yerdə haqlayacağına hazır deyildim. Xəstə olduğunu bildiyimdən səksəkə içində idim. Amma heç cür o məşum fikri özümə, şüuruma yaxın buraxmırdım, amma sən demə, qorxu hissi altşüurda özünə yer edibmiş. Bakıya gəlməyim mümkünsüz idi. Anama yazdığım məktubdan bu cümlələr xatirimdədir: “Mən elə bilirdim Rəhimağa müəllim kimi insanlar heç vaxt ölməz. Axı mən niyə onun son günündə yanında ola bilmədim, onun tabutuna çiyin verə bilmədim?! Ruhumu parçalayan tənhalıq içində bir az da tənha qaldım”. Ən böyük dostumu, müəllimimi itirmişdim. Tale onunla vidalaşmaq haqqımı əlimdən almışdı… Taleyimə qarşı çox qəzəbliydim.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной,