Низами Гянджеви

Xəmsə


Скачать книгу

bir müddət orada qaldıqdan sonra kənizlərdən xahiş etdi ki, onun üçün yeni bir saray tiksinlər. Şirinin gözəlliyinə həsəd aparan kənizlər bənnaya çoxlu pul verib tapşırırlar ki, yolu daşlıq, havası boğucu olan bir yerdə qəsr tiksin. Kirmanşahdan on ağac qədər məsafədə Şirin üçün saray tikildi. Şirin bir neçə mehriban, təmiz qızla ora köçdü.

      XOSROVUN ƏRMƏNƏ ÇATMASI

      Xosrov o yerlərə gəlib çatcaq nəsim sərhədçilərə xəbər çatdırdı. Məmurlar qabağa yüyürdülər. Yoluna xalı, ipək, zər döşədilər. Oradan birbaş gedib Muğana çıxdı. Muğandan da Baxrzana keçib getdi. Məhin Banu bundan xəbər tutunca qarşılamaq üçün tədbir tökdü. Banu özü şah dərgahına gəldi. Şah da ona çox ehtiram göstərdi. Banu bir həftə tamam səhər-axşam ona töhfələr göndərdi. Bir həftədən sonra gözəl bir gündə Banu yeri öpüb ayağa qalxdı. Xosrovla danışmağa başladı. Dedi:

      – Gəl bizimlə Bərdəyə gedək. Qışı orda qalaq, gəzək, kef eləyək. Bizim bu Bərdənin yeri Arandır. Otu, suyu çox olan bir gülüstandır.

      Xosrov Banunun təklifini qəbul edib, dedi:

      – Sən get. Mən də ardınca dayanmayıb gələrəm.

      Sübh açıldı, Xosrov ayağa qalxdı. Oradan birbaş Ağ bağa yollandı.

      XOSROVUN KEF MƏCLİSİ VƏ ŞAPURUN GƏLMƏSİ

      Bir gecə Xosrov məclis qurmuşdu. Novruzdan da şən olan bu gecə şahın məclisində incə sözlülərin mehriban səsi qulaq oxşayırdı. Nədimlər hikmətdən söhbət açmışdı. Bir tərəfdə məzhəkə, bir tərəfdə ülfət… Kəyan çadırının dörd bir yanı göz oxşayırdı. Çadırlarda yanan udun, ənbərin xoş ətri hər yana çökmüşdü. Şərablar içəni xumar edirdi.

      Kaman Musa kimi yanır, inləyir, Xosrov xanəndəni dinləyirdi. Oxuyan bir gözəl qəzəl başladı. Bu isə məclisə başqa bir ruh gətirdi.

      Şah sərxoş idi. Saqinin əlindəki cam onu gözləyirdi. Çəng səsi hər yanı tamam tutmuşdu. Xosrovun sərvtək gözəllərindən biri sevincək halda şaha yaxınlaşdı:

      – Şapur gəlib, – dedi, – rüsxət istəyir, gəlsin, ya gəlməsin.

      Xosrov sevincindən sıçrayacaqdı. Özünü güclə saxladı, tərpənmədi.

      – Şapuru hüzura buraxın, – dedi. Qəlbi həyəcanla titrədi. Təlaşlı ürəyi çırpındı. Göz yolda qalanda ürək paralanar. Ayrılıq çəkmək ağır bəladır. Doğrudur, heç bir qəm işgəncəsiz olmaz, ancaq gözü yolda qalmaq lap yaman olur. Həsrət ömrü qırıb, üzü saraldır.

      Şapur içəri gircək yerə öpüşdən bəzək vurdu. Şahın qarşısında bir qul kimi qaldı. Xosrov onu oturtdu, məclisdəkilərə oranı tərk etməyi tapşırdı.

      Şapur şaha dua etdi:

      – Şahımın işi rəvac olsun! Qoşunu daim düşmənə qələbə çalsın! Bu dövlət papağı daim onun başında qalsın!

      Sonra isə başına gələnləri əvvəldən-axıra bir-bir şaha danışdı. Qızların gözündən gizləndiyini, şəkli asıb Şirini necə məftun etdiyini, hindular kimi yoldan çıxardığını, şahın qəsrinə necə yola saldığını bir-bir söylədi.

      Şah ixtiyarsız qucaqladı, gövhərə qərq elədi. Çox təşəkkür edib dedi:

      – Hünərin mənə aydın oldu.

      Çeşmə əhvalatı, o ay, o həsrət Şapurun sözünə qüvvət verirdi.

      Xosrov da bir-bir gördüyünü danışdı. O ay üzlüyə necə əsir olduğundan söz açdı. Yəqin etdilər ki, o sevimli quş burdan düz Mədain şəhərinə uçmuşdur. Qərara aldılar ki, Şapur yenə durmasın. Mədainə yollansın. Şirini geri qaytarsın.

      XOSROVUN ŞİRİN ƏHVALATINI MƏHİN BANUYA XƏBƏR VERMƏSİ

      Həyat aləmi hər şeydən üstün, cavanlıq isə ən qiymətli gündür. Həyatdan yaxşı olan nə ola bilər? Gənclikdən başqa hər şey əfsanədir. Xosrov dünya böyüyü idi. Könlü, qəlbi şən bir gənc idi. Nəğməsiz bir udum badə içməzdi. Bir günü də çalğısız, rəqssiz keçməzdi. Bir dastan söyləyənə xəzinə verərdi.

      Bir gün Xosrov əldə badə içərkən Məhin Banu həmin məclisə gəldi. Şah ona xüsusi hörmət göstərdi.

      Böyük məmurlar Xosrovun yanında oturub içməyə qərar verdilər. Xosrov Banu ilə mey içə-içə gizlicə xeyli söhbət elədi. Acı meydən sərxoş olunca Şirindən söz saldı. Onun qaçmasından danışdı – dilində təəssüf, qəlbində sevinc:

      – Deyirlər, qardaşınız qızı bir sərvboylu dilbərdir. Eşitdim ki, yeltək qaçan atı onu qaçırıb. Bizim ölkədən bir qasid gəlib. Ondan xeyir xəbər eşitmişəm. Əgər bir-iki həftə burada qalsam, harada gizləndiyini bilərəm. Adam göndərərəm ki, onu geri qaytarsın.

      Bu xəbəri eşidən Banunun sevindiyindən huşu başından getdi. Qəlbdən gələn həzin bir nalə ilə şaha yalvarmağa başladı:

      – Haradadır? Kaş bircə dəfə yuxuma girsəydi! Görsəm ki, dəryanın içində üzür, onu gözlərimlə çıxarardım. Onu cantək sevib can verərdim.

      Əgər şah Şirin üçün qasid göndərsə, mənim də ondan xəbərim olsun. Gedərkən Gülgünü ona verərəm. Dediyim köhlən Şəbdizlə eyni döldəndir. Büdrək olsa da, Şəbdizlə ancaq Gülgün ayaqlaşa bilər.

      Xosrov buyuruq verdi ki, at gətirilsin, indi Şapura verilsin. Şapur atı mindi, bir an yubanmadan Mədainə yola düşdü.

      Mədain mülkündə heç bir səs salmadan bir ay o sevimli ayı axtardı. Gördü ki, o ay üzlü sarayda yoxdur. Şapur onun öz qəsrinə yola düşdü.

      Şapur təzə qəsrə girəndə qəmli, dünyadan uzaq bir yer gördü. Sanki gövhər bir daş yuvaya girmişdi. Şapur gövhəri görcək lələ döndü, onun ay üzünə təriflər deməyə başladı:

      – Yolu necə gəldin, ay dilbər?

      … Şirin Şapuru görərkən arzusuna yetişdi və utandığından üzünü örtdü. Təşəkkür eləyib dedi:

      – Yediyim qəmləri, keçirdiyim acı dəmləri sənə söyləsəm… Yox, yox onları nə dil deyə bilər, nə də söz anladar… Bir daha o anlar geri dönməsin. Orda neçə fitnəkar kəniz vardı. Hərə öz kefində, gəl, ləzzət apar!

      … Onlardan ayrılıb tək yaşamaq üçün dedim ki, mənə gərək bir qəsr tikilsin. Bu can sıxan yeri də onlar bəyəndi. Neyləyim, qatlaşdım, səbrim tükəndi.

      Şapur Şirinə söylədi:

      – Dur gedək! Pərvizin əmrinə itaət edək.

      Şapur Şirini Gülgünə mindirib birbaş arzu gülzarına apardı.

      XOSROVUN ATASININ ÖLMƏSİNDƏN XƏBƏR TUTMASI

      Şah bir gün yarı xumar oturmuşdu. Gözləyirdi ki, haçan bəxti açılar. Bir qasid tələsik ona yanaşdı. Ona bir məktub gətirdi. Saraya yaxın olan kəslər yazıb anlatmışdılar ki, Hörmüz öldürülüb, taxt qəsb edilib. Anlatmışdılar ki, Xosrov tez gəlsin, bir tədbir görsün.

      “Başın gilablısa, orda yuma, gəl” – deyə həyəcanla xəbərdar etmişdilər.

      Xosrovu zəmanədən ağır