həkim çıxmışdı. Əslində, onu heç müalicə də eləmədi, eləcə müayinədən keçirtdi, qulaq asdı, yoxladı, indi də gözünün qabağındadır, əynində ağ xalat, başında həkim papağı, yekəburun, güləşgözlü, zorba kürən bir kişiydi, gülə-gülə onun çiyninə şappıldadıb dedi:
– Görürsən də, qardaş, daha davanın axırına bir şey qalmayıb, yoxsa səni təzədən orduya qaytarardım, hələ bir az da vuruşardın. Daha keçib, sənsiz də qələbəyə çatırıq. Amma sən ürəyini lap buz kimi elə, bircə ildən sonra, bəlkə də, daha tez, hər şey öz qaydasında olacaq, lap kəl kimi sağlam olacaqsan. Bax, mənim bu sözümü yadda saxla, vaxt gələr özün görərsən. İndisə şələ-küləni yığışdır, qayıt dədə-baba yurduna. Özü də heç fikir-zad eləmə. Sənin kimilər yüz il yaşayırlar…
Elə o kürən həkimin dediyi kimi də oldu. Düzdür ey, dildə bircə il deməyə nə var! Bəs hospitaldan necə çıxmışdı? Əynində əzik-üzük şinel, çiynində əsgər torbası…
Ehtiyat üçün qoltuq ağacı da vermişdilər şəhərə çıxanda, elə bil, qalın meşəyə düşdü. Başı uğuldayır, ayaqları əsir, gözləri qaralırdı. Vağzallarda, qatarlarda da ki kimin nə borcuna, camaat qarışqa kimi, zoru çatan dürtür özünü qabağa, səni də itələyir qırağa. Axır ki, birtəhər gətirib özünü çatdırdı. Qərəz ki, bir ay sərgərdanlıqdan sonra qatar gecəykən Aralsk stansiyasında dayandı. “Beş yüz yeddinci kefcil” deyərdilər o “məşhur” qatara, kaş Allah heç vaxt heç kimə belə qatarlarda getməyi qismət eləməsin…
O vaxt beləsinə də şükür eləyirdi. Qaranlıqda vaqondan düşdü. Elə bil, dağdan endi, döyüküb dayandı, göz gözü görmürdü, təkcə adda-budda stansiya işıqlarının işartısı gəlirdi. Küləkli havaydı. Onu qarşılayan da bu külək oldu. Doğma, öz Aralının küləyi idi! Elə bil, üzünə dəniz çiləndi. O vaxtlar dəniz lap yaxındaydı, dəmir yolunun böyründə ləpələnirdi. İndi heç binoklla da görmək olmur…
Nəfəsi darıxdı – çöldən Aral düzlərinin yaz oyanışından xəbər verən yapıxmış yovşan qoxusu gəlirdi. Axır ki yenə də doğma yerlərdədir!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.