üz tutdular.
Axşam alaqaranlığında şəhərətrafı bağları arxada qoyaraq gündüz şəhərə gəldikləri həmin yola çıxdılar. Otların rayihəsini canına hopduran axşam havası ilıq və təravətli idi. Yolkənarı arxlarda qurbağalar quruldaşırdı. Atlar rahat yerişlə gedirdilər, dolu çəlləklərlə çox da iti getmək olmazdı. Sultanmuradı bala-bala mürgü basırdı. Yorulmuşdu. Necə də yorulmayaydı, bu gün – günlərin baş günüydü. Heyf ki, arabada uzanıb yatmaq üçün yer yox idi. Yaman yatmaq istəyirdi. Sultanmurad atasının çiyninə söykənərək, dünyadan xəbərsiz kimi yuxuya getdi. Təkərlər çala-çuxura düşəndə hərdən ayılırdı və dərhal da dərin yuxuya qapılırdı. Özü də hər dəfə yuxulamazdan əvvəl məqam tapıb fikirləşə bilirdi ki, nə yaxşı dünyada atalar varmış. Sığındığı ata çiyni onunçün rahat və etibarlıydı. Atların ayaq tappıltısı, arabanın cırıltısı, taqqıltısı isə öz işindəydi.
Azmı getdilər, çoxmu getdilər, Sultanmuradın yadında deyildi, lakin araba dayandı birdən. Təkərlərin səsi kəsildi. Ətrafa sükut çökdü. Atası onu qucağına alıb hara isə apardı.
– Buz baltasıdır, maşallah, aparmaq olmur. Necə də ağ oğlan oldu, – deyə atası onu bağrına basaraq deyinirdi.
Sonra onu quru ot tığının içinə qoyub, üstünü öz sırıqlığıyla örtərək dedi:
– Sən yat, mən də atları açıb otarım.
Sultanmurad heç gözünü də açmadı, elə şirin yatmışdı ki, yalnız yenidən onu fikirləşdi: nə yaxşı, nə yaxşı dünyada atalar varmış…
Atası çəkmələrinin bağını açaraq ayağından çıxardanda o yenə yuxudan oyandı. Bütün günü bu çəkmələr onun ayaqlarını gör necə də sıxırlarmış. Çəkmələrin sıxdığı atamın gözündən yayınmayıb, necə ağlına gəlib görəsən?
O təzədən yuxuladı, özü də bədəni elə asudələşmişdi ki, elə bil maneəsiz bir axına düşərək üzə-üzə gedirdi. Ona elə gəlirdi ki, geniş düzəngahdakı rəngarəng otların üstüylə külək dalğaları uğuldayıb keçir. O, həmin otların arasıyla qaçır, uğultuya qapılaraq batıb-çıxır, özü də üzən o uca yaşıl otluğa yuxarıdan səssiz-səssiz ulduzlar səpələnirdi. Gah burda, gah orda yerə səssizcə yanar ulduz şığıyıb düşürdü. Lakin o qaçıb oraya çatana kimi ulduz sönürdü. Bunun yuxu olduğunu bilirdi. Hərdən ayılanda çidarlanmış atların yaşıl otu dibindən necə biçdiklərini, ağızlarından çıxarılan yüyən gəmlərini cingildədə-cingildədə tayanın ətrafında necə fırlandıqlarını eşidirdi. O bilirdi ki, atası yanındaca yatır, bilirdi ki, çöldə geçələyirlər, əgər gözlərini açsa – doğrudan da göydən yağan ulduzları görə bilər…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.