Amma bəzən keçmişə nəzər sala bilirik. Ruhu çıxarmağı isə, yalnız, yuxarı səviyyəli rizanmaqlar bacarır.”
Eçso “Bəs sən hansı səviyyədənsən?” deyə həvəslə soruşdu.
“Ən yuxarı səviyyədən.”
Eçso, Aqrenə daha da yaxınlaşdı. Həyatında ilk dəfə rizanmaq görməyin qürurunu yaşayırdı.
“Vaooo, mənə bunun necə baş verdiyini izah edə bilərsən? Bildiyimə görə bu qabiliyyət, yalnız, insanlarda olur. Ən çox da qadınlarda. Bu haqda kitabda oxumuşdum, amma demək olar ki, heç nə anlamadım.”
Aqren təəccüblə “Sən kitab da oxuyursan?” deyə soruşdu. “Orada yazılanların hansını anlamadın?”
Eçso sevinclə gülümsəyərək düşünməyə başladı. Hər gün yeni şeylər öyrənmək onu çox həyəcanlandırırdı. Uşaqlıq yaşlarından nənəsinin bitkilərlə əlaqəli bütün kitablarını oxumuşdu. Onun yaşında bir şəxsə görə çox qəliz yazılmış Azar tarixi adlı kitabı belə həvəslə oxumuş, anlaşılmayan yerləri dəfələrlə təkrarlamışdı. İndi isə onun bütün suallarına cavab verə biləcək yüksək dərəcəli rizanmaqla oturmuşdu. Verəcək o qədər sual vardı ki…
“Heç bilmirəm haradan başlayım? Kitabın çoxu ekro dilində olduğu üçün bəzi yerlər tamam anlaşılmazdı. Yaxşı, başdan başlayım. Ekroların insanlardan fərqi. Yazılıb ki, üç əsas fərq var: birincisi, ekrolar insanlardan təqribən on beş qat uzun yaşayırlar. İkincisi, ekrolar sözün sehrinə sahibdirlər, yəni sehrli qüvvələrə. Yalnız, üçüncü olaraq digər üstünlükləri kölgədə qoyacaq əskiklikləri olduqlarını, yəni ruhlarının olmadıqları yazılıb. Bu nə qədər düzdü? Yəni, təkcə ruhun digər üstünlükləri örtdüyünə inanmıram. Ekrolar hər baxımdan mükəmməldirlər.”
“Bu sualı gözləyirdim,” dedi qadın nakra. “Əslində bu sualı bütün insanlar müzakirə edir: Bu mövzudan əvvəl kitabın əvvəllərində yaradılış haqda əfsanə var. Orada yazılıb ki, dünya hələ təzə yarananda tək bir irq, ekro irqi olub.”
“Hə, bunu bilirəm. Sonra onlardan ikisi ehtiyacı olmadığı halda daha çoxunu istədikləri üçün yaradıcı tərəfindən lənətlənərək oradan qovulublar. Mən də elə bunu deməyə çalışıram. Əgər insanlar lənətlənibsə və hətta ekroların dili ilə desək Neam eylə sürgün edilibsə, nə üçün bizim onlarla bərabər olduğumuzu deyirlər?”
“Belə düşünürlər, çünki insanlar onların heç vaxt sahib ola bilməyəcəkləri bir şeyə sahibdirlər, ruha. İşin əsas nöqtəsi buradadır . Onun lənəti, sürgün edilmiş iki şəxsin uzun həyat və sehrini ölümsüz ruha çevirməkdən ibarət idi. Ekrolar ruhun bənzərsiz bir hədiyyə olduğunu və yaradıcının onlara verdiyi bu hədiyyənin bədənləri ölənə kimi təmiz saxlamalı olduqlarına inanırlar. Bu vaxt yaradıcı onların səhvlərini bağışlayıb sonsuz xoşbəxtliklə mükafatlandıracaq. Ekroların, yalnız, bu dünyada sahib olduqları güclər onların həyatları ilə birlikdə sonlanacaq. İnsanlar isə sonsuzadək yaşayacaqlar.”
Eçso, Aqrenin dediklərini bir az düşünüb özlüyündə müzakirə etdi. Aldığı cavab onu əmin etməmişdi “Onda niyə insanlara idarəetmə hüququ verilmir?” deyə soruşdu.
“Bunun iki əsas səbəbi var. Birincisi, bəzi insanların, yalnız şəxsi mənfəətlərini düşünərək ona uyğun qərarlar verməyi. İkincisi isə bir çox insanın məntiqləri ilə yox, hisləri ilə qərar verməyidir.”
Eçso izahatın məntiqli olduğunu qəbul edərək başını tərpətdi, “Yaxşı, inandırıcı görünür,” dedi. “Amma mənə seçim şansı verilsəydi tərəddüd etmədən ekro olmağı seçərdim.”
“Belə danışırsan, çünki öz gücünün fərqində deyilsən,” dedi Aqren. “Çünki ekro olmağın nə demək olduğunu bilmirsən. Bütün emosiyalardan təcrid olunmaq, yeməyin dadını almamaq, dənizin, çiçəyin qoxusunu anlamamaq… bir insan üçün bunlar əsl dəhşətdir.”
“Necə yəni? Onların dad və iy bilmə qabiliyyətləri yoxdu?”
Aqren “Var,” deyə cavab verdi. “Ancaq çiçək qoxusu ilə torpaq arasında onlar üçün elə də böyük bir fərq yoxdur. Yəni qoxunu və dadı alırlar, onları ayırd edə bilirlər, ancaq ondan həzz almağı bacarmırlar.”
Eçso “Bax bunu bilmirdim,” dedi qəbullanaraq. “Yaxşı, bir dənə də sualım var. Rin… rizanmaqlar haqda bilmək istərdim. Ümumiyyətlə, bu nədir, necə işləyir… bir sözlə hər şeyi bilmək istəyirəm əgər mümkündürsə.”
Aqren peşəsiylə bu qədər yaxından maraqlanan bir gənci görüb “Əlbəttə,” dedi. “Rizanmaqlar, Yeni Azarın əvəzolunmaz tədqiqatçıları sayılırlar. Bizim qabiliyyətimiz, yalnız, təhlükənin necə və haradan gələcəyini hiss etməklə tükənmir, biz həm də insanlara toxunaraq onların zehnini oxuya və keçmişinə nəzər sala bilirik. Əslində bunların heç biri sanıldığı kimi qəliz deyil. Bir çox insan fərqində olmadan bayaq saydığım gücləri gündəlik olaraq istifadə edir. Ancaq fərq ondadır ki, həmin insanlar bunun ya təsadüf, ya da bəxt adlandırırlar.”
Eçso “Necə yəni?” dedi inanmayaraq. “Demək istəyirsən bütün insanlarda rizanmaq qabiliyyəti var və onlar bunun fərqində deyil?”
“Elədi,” Aqren əminliklə bildirdi. “Məsələyə bu tərəfdən baxmağa çalış. Ruh, insanın altıncı hissi, yəni üçüncü gözüdür. O heç bir canlının görə bilmədiyi detalları görə və eşidə bilir. Burada əsas məsələ bədəninin ruhunla nə cür əlaqədə olduğudur.”
“Bu hələ də insanların niyə üçüncü gözdən istifadə edə bilmədiyini izah etmir.”
“Heç ekrolar da təlim görməsə, güclərindən istifadə edə bilmirlər. Gücün və ya qabiliyyətin, potensial olaraq daxilində olmağı onu istədiyin vaxt işlədə biləcəyini göstərmir. Üçüncü göz, bütün insanların potensial olaraq sahib olduğu bir gücdür. Kiçik yaşlarından təlim görmüş hər bir insan üçüncü gözünü düzgün və sistemli istifadə edə bilər. Hətta təlim görməsə belə bir çox insan bəzi təhlükələri hiss edir, ya da yaxınının başına bir iş gəldiyini anlaya bilir. Bədəndəki ruh bütün bunlardan xəbərdardır və bədənlə hər an əlaqədədir. Təlim görərkən bizə, yalnız, ruhumuzu necə dinləyəcəyimizi və onu istədiyimiz yerə necə yönləndirə biləcəyimizi öyrədirlər.”
“Yəni ikimizin də ruhu eyni şeyləri görür və eşidir, lakin əsas məsələ ruhun bilməyi yox, mənim onu dinləməyimdi düzdü?”
Aqren “Afərin,” dedi gülümsəyərək. “Çox tez öyrənirsən. İstəyirsən bir neçə misal göstərim. Bax məsələn, hamilə qadınlar və gənc anaların övladlarına bağlılığı onları bəzən rizanmaq qədər güclü edə bilər. Övladlarından ayrı olduqları vaxtlarda onların təhlükədə olduqlarını və ya tezliklə təhlükəyə məruz qalacaqlarını hiss edə bilirlər. Yuxuda, övladlarının təhlükə anını görməklərinə biz İzakelemin deyirik. Bu isə onu göstərir ki, Üçüncü göz doğuşdan gələn bir qabiliyyət yox, daxilindəki qabiliyyətin inkişaf etdirilməyindən