Максуд Ибрагимбеков

Uşaqlığın son gecəsi


Скачать книгу

qanı qaralıb, ancaq, əlbəttə, heç nə deməyib: məlum məsələdir, hipnoz altında olan adam öz hərəkətlərinə görə məsuliyyət daşımır. Beləliklə, Namiq əski götürüb, onu isladıb və döşəməni silməyə başlayıb. Xeyli müddət silib. Uşaqlar növbə ilə ona kömək edib döşəmə siliblər. Makedon isə bu müddət ərzində hələ də hipnoz altında olub. Namiq döşəməni silib qurtarıb və sonra yenə hamının başı Makedona qarışıb.

      Saşka deyib ki, ən mühüm hadisə indi başlayacaq: “Bu iynəni Makedona batıracağıq və o heç nə hiss etməyəcək. Çünki hipnoz haqqında kitabda elə belə də yazılıb”.

      Sonra Saşka deyib ki, o özü iynəni Makedona batırmayacaq, könüllü olaraq bu işi uşaqlardan kim görmək istəyir. Heç kəs razılıq verməyib. Deyiblər ki, iynəni bütöv batırmaq ağ olar, qərara alıblar ki, onu yavaş-yavaş, qan çıxana qədər Makedonun dərisinə sancsınlar. Saşka Namiqdən yod istəyib. İynəni çıxardandan sonra qanı kəsmək üçün…

      Bu vaxt Makedon gözlərini açıb, etiraf edib ki, bütün bu hipnoz oyununu qəsdən çıxarırmış, qətiyyən hipnozun təsiri altında olmayıb. Ancaq görəndə ki dərisinə iynə batırmaq istəyirlər, oyunu bitirib…

      Biz bu barədə çox fikirləşdik. Hətta Saşka da dedi ki, o, hipnoz altında olmayıb. Bircə Namiq ona inanmadı. Deyirdi ki, əgər Makedon hipnozun təsiri altında olmasaydı, bu qədər inandırıcı ola bilməzdi.

      O axşam Namiqi xeyli danladılar. Onun danlanmaqdan qətiyyən xoşu gəlmir, atasının töhmətini eşitmək isə heç ürəyindən deyil.

      İndi Makedon səbirsizliklə Namiqi gözləyir, çünki bu gün dərsə getməyib. Onlar eyni sinifdə oxuyurlar, ancaq Makedon iki yaş ondan böyükdür. Birdən ağlınıza gələr ki, Makedon ev tapşırıqlarının yerini öyrənmək üçün Namiqi belə səbirsizliklə gözləyir. Yanılırsınız! Onun dayanıb Namiqi gözləməyinin səbəbi bu deyil. Sadəcə, müharibə başlayandan sonra məktəbdə böyük tənəffüs vaxtı hamıya səhər yeməyi üçün pirojki, ya da bulka verirlər. Namiq Makedonun da yemək payını alıb və bir az sonra onu sahibinə verəcək. Onun bu gün dərsə niyə getmədiyini isə heç kəs bilmir. Sabah məktəbdə deyəcək ki, evdə qalıb, xəstə anasına kömək edib. Makedonun anası xəstə-zad deyil, özü də əgər oğlunun dərsə getmədiyini bilsə, onu əzişdirəcək. Bundan sonra hamı başa düşəcək ki, xəstə qadın heç vaxt oğlunun gözlərinin altını bu cür qaralda bilməz. Bayquşbaş isə Makedonun xəstə anası ilə bağlı əhvalatı eşidən kimi deyəcək:

      – Bəli, uşaqlar, biz çox ağır günlər yaşayırıq, bunun üçün də bütün gücümüzü bir yerə toplamalıyıq.

      Biz öz sinif rəhbərimizə – Sofiya Nikolayevnaya “Bayquşbaş” deyirik. O hər şeyə inanır. Təki bir şey uydurub de, o dəqiqə inanacaq.

      Elə dünən dərsdə Makedona deyirdi:

      – Nəyə görə corabları taykeş geymisiniz? Adam gərək diqqətli və səliqəli ola.

      Hamı gözünü Makedona zillədi, doğrudan da, onun ayağındakı corabların hərəsi bir rəngdə idi. Makedon üz-gözünü qırışdırdı, guya indicə ağlayacaq. Sonra dedi:

      – Bəlkə, kasıbam? Bəlkə, geyməyə başqa corabım yoxdur? – Belə süni həyəcanla oyunbazlıq etmək yaxşı hərəkət deyil.

      Əlbəttə, Bayquşbaş o dəqiqə pərt oldu. Kəkələməyə başladı:

      – Ay, sən Allah, bağışla! Sizin ailə vəziyyətinizdən, kasıb olduğunuzdan xəbərsizəm.

      Birdən kimsə yerindən səsini qaldırdı:

      – Ayıb olsun sənə! Sənsən kasıb? Sənin corabın yoxdur?

      Bu, tarix müəllimimiz Vahid İbadovun səsidir. Biz öz aramızda ona “Vaqonov” deyirik. Makedon Bayquşbaşa yalan bəhanə uyduranda nəyəsə görə bizim sinfə gəlibmiş və onun dediklərini eşidib. Vaqonovu aldada bilməzsən, bu sənin üçün Bayquşbaş deyil. Elə corab söhbətində də Vaqonov Makedonun yalanının üstünə çıxdı!

      – De görüm, neçə cüt corabın var? Hə!

      Makedon qızardı, gözlərini partaya dikib qaldı. O bilirdi ki, Vaqonova kələk gəlmək mənasızdır. Bu adam tənbəllik eləməz, gedib hər şeyi özü yoxlayar. Makedon isə başqasının onun yalanının üstünü açmağını istəməz.

      – Altı cüt.

      – Altı cüt? Heç utanırsan?

      Əslinə qalsa, Vaqonov rəhmdil adamdır. Bəlkə də, rayon təhsil şöbəsindəki iclasdan qayıtdığı üçün belə hirslidir. Həmin iclasda ehtiyacı olan uşaqların qış paltarları məsələsi müzakirə olunub. Sən demə, üçüncü sinifdə oxuyan oğlanlardan biri sentyabr ayında məktəbə anasının çimərlik paltarında gəlib. Qadının beş uşağı var və hamısına əyin-baş alıb çatdıra bilmir. Ona görə də üçüncü sinifdə oxuyan oğlu məktəbə qadın çimərlik paltarında gedib. Sonra həmin uşağa rayon təhsil şöbəsində isti gödəkcə və şalvar veriblər. Amma hamı onu ələ salıb gülürmüş.

      Makedonla Namiq dərsdən sonra evə bir yerdə qayıdırdı və yolda Makedon bəxtindən şikayətlənirdi: heç Vaqonovun elə həmin vaxt sinfə girməyinin yeri idi?! İlk dəfə Vaqonov başqa dərs gedən vaxt sinfə girirdi.

      Namiq Makedonu sakitləşdirməyə çalışırdı, məsləhət görürdü ki, səhərlər tələsməsin, corabları taydəyişik salmasın.

      Elə indi də Makedon tində dayanıb bulka yeyə-yeyə Namiqlə danışırdı:

      – Bilirsən, nə var, bax biz burada dayanıb, bulka tıxırıq, müharibədə isə əsgərlər qara çörəklə siyənəkdən başqa heç nə görmürlər.

      – Yox! Doğru demirsən! Onlara quru süd, şokolad, donuz konservi də verirlər. Hamıdan əvvəl cəbhə lazım olan ərzaqla təmin olunur. Mən bunu dəqiq bilirəm.

      – Dəqiq bilirmiş! Haradan bilirsən?

      – Atam deyib. O hər şeyi bilir!

      – Sənin atan hər şeyi bilir? Sənin atan nə bilir axı, dezertir5 adamdır!

      Namiq pərt oldu, gözlərini bərəldib təəccüblə Makedona baxdı.

      – Nə dedin? Təkrar elə! Kimin atası dezertirdir?

      – Hirslənmə, ey. Başa düşürəm, əlbəttə, adama ağır gəlir, ancaq nə etmək olar. Dezertirdir də! Bax özün fikirləş: mənim atam haradadır? Cəbhədə. Bəs Saşkanın atası? Cəbhədə. Karinkanın, Zaurun, Əlinin atası – hamısı cəbhədədir. Vaqonov da axsaq olduğu üçün aparmadılar. Amma sənin atan? Div kimidir, səni bir əllə qaldırar. Düzdür, özün məndən iki yaş balacasan, ancaq görürəm, boyda gəlib mənə çatmısan. Ona görə sözümdən incimə, sənin atan – dezertirdir! Bunun nəyi pisdir? Birdən cəbhəyə getsə, öldürüb eləyərlər, sən də ananla tək qalarsan. Burada nə var ki? Bura təhlükəsizdir.

      – Yox, mənim atam dezertir deyil! – Namiq əminliklə dedi.

      – Yaxşı… Mən elə-belə dedim… birdən çıxdı ağzımdan. Deyirsən, dezertir deyil, demək, dezertir deyil. Mən ki komissar deyiləm. Mənə nə.

      Namiqin gözlərinə kədər çökdü və o, məyus halda Makedonun bulkasını yeyib qurtarmağını