Максуд Ибрагимбеков

Uşaqlığın son gecəsi


Скачать книгу

olmadı. Hər gün səhərdən axşama qədər evlərində eyni söhbət gedirdi.

      Bir dəfə qadın Kubinkadan qayıdıb Dovşana dedi:

      – Biz daha sabun satmayacağıq. Sən bircə dəfə sabun bişirəcəksən, ancaq bu dəfə çox bişirəcəksən. Mən bir adamla danışmışam, o satacaq, pulun az hissəsini özünə götürəcək, qalanını bizə verəcək. Bu pul müharibənin axırına qədər bizə bəs edəcək. Axı özün deyirdin, müharibənin qurtarmağına çox az qalıb…

      Dovşan yenə sabun bişirməyə başladı. Bir neçə gün dalbadal sabun bişirdi, arvadı hazır sabunları qəlibdən çıxarıb qurumağı üçün pəncərə qarşısına düzürdü. Sabunların hamısını yekə çamadana yığdılar və çamadan ağzına qədər doldu. Çamadanın ağzını bağlayandan sonra arvadı onu güclə yerdən qaldırdı. Ünvanı Dovşana verdi və onu küçəyə qədər ötürdü.

      – Axırıncı dəfədir! – ərinə dedi.

      Dovşan qaranlıq, kimsəsiz küçə ilə addımlayırdı. Bakıda komendant saatı ləğv olunsa da, küçələrdə heç kəs görünmürdü. Çox soyuq idi, yazın əvvəli idi. Dovşan tinə çatanda bir az dayanıb nəfəsini dərmək istədi, ağır çamadanı o biri əlinə götürüb yoluna davam etdi. Şamaxinkaya çatanda bir dəstə adamla rastlaşdı. Onlar da əllərində çamadanla, çiyinlərində yük torbası ilə gedirdilər. Adamlardan biri arxaya çevriləndə Dovşanı gördü.

      – Salam! – mehribanlıqla dedi.

      Dovşan o biriləri də tanıdı. Dəstədən olan beş nəfərə əvvəllər dərs demişdi.

      – Gecə vaxtı hara gedirsiniz? – Dovşan xəbər aldı.

      – Vağzala gedirik. Hamımızı çağırıblar. On yeddi yaşı tamam olan hər kəsi.

      – Bəs hara aparırlar sizi?

      – Bilmirik. Hərbi sirdir, bizə heç nə demirlər.

      Dovşan gənclərlə yanaşı gedir və deyirdi ki, onlar özlərini qorumalıdır, çünki almanlar darmadağın ediləndən sonra ölkənin gənclərə ehtiyacı olacaq və əgər haradasa çətinlik hiss etsələr, bir şeyi xatırlasınlar: xoşbəxt o adamdır ki, ürəyi Vətən eşqi ilə döyünür. Onlar vağzala çatanda qatar artıq dayanmışdı.

      Bu vaxt Dovşanın çamadanını daşıyan oğlan onu qaytarıb dedi:

      – Sağlıqla qalın, müəllim! Yəqin, bir də müharibədən sonra görüşərik.

      – Hə… – çamadanı oğlandan alan Dovşan fikirli-fikirli dedi. – Yəqin, müharibədən sonra…

      Səfərbərliyə alınmış gənclər üzərində “56 nəfərlik” yazılmış tünd-yaşıl rəngli vaqonun yanında dayanıb son dəfə öz doğmaları, yaxınları ilə görüşürdülər. Dovşan isə bir kənarda dayanıb bu mənzərəni seyr edirdi.

      Sonra bir leytenant qaçaraq gəlib çığırdı:

      – Vaqonlara! Beş dəqiqə sonra qatar yola düşür.

      Gənclər Dovşana yaxınlaşıb onunla vidalaşdılar.

      – Dayanın, – Dovşan onları saxladı. – Bir dəqiqə gözləyin!

      Çamadanı yerə qoyub qapağı açdı, oradakı sabunları çıxarıb keçmiş şagirdlərinə payladı.

      – Götürün! – deyirdi. – Çox yaxşı sabundur, sabun sağlamlıqdır. Cəbhədə sizə lazım olacaq.

      Hamı Dovşana deyirdi: “Siz nə edirsiniz, müəllim, sabun bizim nəyimizə lazımdır, qoyun qalsın…” Dovşan isə onlara məhəl qoymur, sabunları təkcə öz keçmiş şagirdlərinə deyil, vağzaldakı digər çağırışçılara da paylayırdı. Uşaqlar Dovşana təşəkkür etdilər. Bu vaxt parovoz fit verdi. Hamı tələsik vaqonlara doluşdu və pəncərələrdən, qapıdan Dovşana əl yelləməyə başladılar. Onun keçmiş şagirdləri ilə digər çağırışçılar bir-birinə qarışmışdı və hamı Dovşana əl yelləyirdi. Qatar yerindən tərpəndi, perronda dayananlar qatarın arxasınca baxır, kimsə hönkürtü ilə ağlayırdı.

      Sonra Dovşan boş çamadanı səliqə ilə bağlayıb evə getdi. Vağzalın çıxışında onun qarşısını kəsdilər.

      – Vətəndaş, bu çamadanda nə var? – hərbi patrul xəbər aldı.

      – Heç nə! – deyən Dovşan çamadanı açıb içini göstərdi. – Bunun içində heç nə yoxdur!

      – Yoxdur, yoxdur da, – patrul yorğun səslə dedi. – Daha nəyə gülürsünüz? İndi başqa dövrdür, vətəndaş… Müharibədir…

      O, sevincək gedir və gülümsəyirdi. Evə də gülə-gülə gəldi…

      – Verdin? – arvadı xəbər aldı.

      – Hamısını bir-bir verdim! – Dovşan sevincək cavab verdi.

      Heç kim bilmir, o gecə Dovşana nə oldu, amma o gündən bəri arvadı çığır-bağır salmır. Bu çox qəribə əhvalatdır, ancaq həmin gecə, doğrudan da, Dovşana nəsə oldu, hətta daha Dovşana da oxşamır.

      Artıq məktəbdə heç kəs ona “Dovşan” demir. Bu ləqəb yavaş-yavaş unudulur. Yəqin, bunun səbəbi onun məktəb direktoru olması deyil. Şagirdlər ona adı və soyadı ilə müraciət edirlər, hətta o, sinifdə olmayanda da bu müraciət forması dəyişmir.

      Hər ilə yenə də arvadının doğum günündə ona özünün hazırladığı ürək formalı, yasəmən rəngli əl-üz sabunu bağışlayır. Arvadı da deyir ki, bu sabun üz dərisinə yaxşı təsir edir.

1967

      PÜSTƏ AĞACI

      Bu çox asan işdir: bax bu maşa ilə fışıldayan alışqan bombanı götürürsən, onu əvvəlcədən evin damında hazır qoyulmuş su dolu çəlləyin içinə salırsan, sonra da çəlləkdən çıxan buxara tamaşa edirsən. Bundan sonra sirenlər səslənir, zenit toplarından atəş açılır və səmada projektorların işığı görünür. Eh!.. Ancaq müharibə vaxtı Bakıya bomba düşmədi. Bircə dənə də. Əlbəttə, şəhərdə buna bizdən, yəni həyətimizin uşaqlarından savayı təəssüflənən olmadı. Çox istəyirdik ki, heç olmasa, bircə dənə bomba söndürək, alışqan bomba yox ha, hansından olursa olsun, fərq etmirdi. Arzumuz ürəyimizdə qaldı. Boş yerə gecə keçənə qədər damda oturub hava hücumu gözləyirdik. Maşalar da, qarmaqlar da, baltalar da nahaq yerə damdakı lövhədən asılıb qalmışdı.

      Lövhəni divardan asmışdılar, üzərində hava hücumu zamanı zəruri tədbirlər barədə müfəssəl yazılmışdı. Biz orada yazılanları əzbər bilirdik. Özü də nahaq yerə. Bu lövhə müharibənin axırına qədər orada qaldı. Heç bir xeyri dəymədi. Sadəcə ayda bir dəfə upravdom gəlib yanğın çəlləyindəki suyu dəyişir, biz isə əylənirdik. Çəlləkdəki su tünd-yaşıl rəngə çalırdı, elə bil qara idi, upravdom hər dəfə deyirdi ki, çəlləyin içində çömçəquyruq əmələ gələcək, ancaq heç çömçəquyruq da yox idi. Yəqin, hiss edirmişlər ki, əvvəl-axır çəlləyin suyunu dəyişəcəklər və beləcə hamısı zibilə gedəcək.

      Bir sözlə, upravdomumuz yaxşı adam idi. Heç vaxt işlərimizə qarışmazdı. Həyətdə özümüz üçün hərbi qərargah düzəltmişdik, o gəlib ətrafı gəzdi, ayağı ilə