Сулейман Сани Ахундов

Qaraca qız


Скачать книгу

gedərik, orada sən yorğunluğunu alarsan, mən özüm tək yığaram, – deyə Abbas dəhrəsini və sicimini4 götürüb ayağa qalxdı və bacısının da əlindən tutub dağın döşündəki meşəliyə üz qoydu.

      Bir qədər meşə ilə gedəndən sonra bir gözəl və səfalı seyrəngaha çıxdılar. Bu seyrəngah yaşıl, təzə və tər otla, gözəl, ətirli, rəngli çiçəklərlə zinətlənmişdi. Rəngbərəng pərvanələr və arılar bu çiçəkdən o çiçəyə uçub bahar günəşi ilə oynaşırdılar. Hər rəngə çalan cürbəcür cücülər otlara mərcan kimi sarılmışdı. Bir tərəfdən çiçəklərin qoxusu, bir tərəfdən quşların cəh-cəhi və bir tərəfdən də baharın xoş mehi insanı biruh5 edirdi. Seyrəngahın bir tərəfi qayaya dirənmişdi. Bu qayadan bir bulaq axıb şırıltı ilə aşağı tökülürdü. Suyun zərrələri havada, günəşin şəfəqindən almaz parçaları kimi parıldayırdı. Bu bulaq “Şırlanbulaq” adı ilə məşhur idi. Zeynəb bu gülüstanı, bu çarqat6 kimi sərilmiş lalələri və çiçəkləri görcək yorulmağını unudub: – Ah nə gözəl çiçəklər var, – deyə qışqırdı və qardaşının əlini buraxıb gül yığmağa qaçdı. Abbas da ipini və dəhrəsini yerə qoyub qulançar yığmağa məşğul oldu. Zeynəb gah çiçək yığırdı və gah da qışqıra-qışqıra pərvanələri qovurdu. Bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı. O vaxt Abbas qulançar yığa-yığa çəməndən xeyli uzaqlaşıb bir kolluq dərəyə düşmüşdü.

      Gün qalxıb günortaya yaxınlaşdı. Qəflətən dağların arasına bir gurultu düşdü. Abbas elə bildi ki, göy guruldayır, amma yuxarı baxdıqda bir bulud da görmədi. Bu gurultudan bir dəqiqə keçməmiş elə bir gurultu başladı ki, deyəsən, bu saat göylər uçub yerə töküləcəkdir. Abbas başını yuxarı qaldırıb gördü ki, güllə dağların başından kəndlərinə və zəmilərdə yer əkən cütçülərin və qoyun otaran çobanların üstünə dolu kimi yağır. “Qul-durlar!” – deyə Abbas qışqırdı. Bir əvvəl istədi ki, dərədə gizlənsin. Sonra yadına düşdü ki, Zeynəb açıq yerdə qalmışdır. Dərhal bacısına tərəf qaçdı ki, onu da götürüb ayı kahasında gizlənsin.

      Abbas özünü o vaxt yetirdi ki, Zeynəb çəməndə başıaçıq, saçları döşünə tökülmüş, ovçu oxundan qaçan ceyrantək “Abbas, qardaş” – deyə o tərəf-bu tərəfə qaçıb qışqırırdı və dağlardan da birəhm quldurların güllələri onun üstünə dolu kimi yağırdı. Abbas ucadan səsləndi:

      – Bacı, Zeynəb, qorxma, buradayam!

      Zeynəb qardaşının səsini eşidib ona tərəf qaçdı. Lakin 30 qədəm getməmişdi ki, birdən “Ox!” deyib yerə yıxıldı. Abbas özünü bacısına yetirib gördü ki, Zeynəbin sinəsindən al qan qətrə-qətrə tökülüb, otlar və çiçəkləri lalə rənginə döndərmişdir.

      – Abbas, mənə su ver!

      – Dur, bacım, qaçaq Şırlanbulağa.

      Zeynəb istədi ki, qalxsın, amma bacarmadı. Abbas onu çox çətinliklə qucağına götürüb, bulağa tərəf aparmağa üz qoydu. Lakin 10 qədəm getməmişdi ki, quldurlar bunları təzədən gülləyə tutdular. Abbas özünü və bacısını bir çuxur yerə saldı ki, oranı güllə tutmurdu. Zeynəbin lalə kimi olan üzü solub ağ zanbağa dönmüşdü.

      – Abbas, yandım, mənə su ver! – deyə Zeynəb nalə edirdi.

      Bacısının susuzluğu Abbasın ürəyini nəhayət dərəcədə yandırdı.

      – Bacı, bu saat sənə su gətirəcəyəm, – deyə Abbas bulağa tərəf yüyürdü. Güllə müdam7 onun üstünə yağırdı.

      Abbas özünü bulağa yetirdi. Araqçınını su ilə doldurub qayıtdı. Bu dəfə Abbas qaça bilmirdi: qorxurdu ki, suyu tökülsün. Abbas Zeynəbə o qədər yaxınlaşdı ki, onun “su” naləsini eşitdi. Birdən Abbas ufultu ilə yerə yıxıldı. Namərd güllə binəva uşağın sol böyründən dəyib dalından çıxmışdı. Abbas qalxıb yerimək istədi. Lakin üç qədəm getməmişdi ki, dübarə yıxıldı. Abbas sürünə-sürünə özünü bacısının üstünə saldı, gördü ki, gözləri yumuludur. Amma dodaqları ayrıla qalmışdır. Elə bil ki, deyir: “Qardaş, Abbas, mənə su ver”.

      Abbas Zeynəbi qucaqlayıb öpə-öpə deyirdi:

      – Bacı, Zeynəb, gözlərini aç, gəlmişəm.

      Bu hadisədən 6 saat keçdi. Dəxi tüfəngin gurultusu kəsilmişdi. Dağların arasını tüstü almışdı. Bu tüstü Qayadibi kəndinin yanmış evlərinin və bağlarının tüstüsü idi. 5-6 saat bundan qabaq cənnət bağına bənzəyən Qayadibi kəndi indi yanıb kül olmuşdu. Əhalisi isə bir parası qətlə yetişib, yerdə qalanı da qaçıb dağlarda, meşələrdə gizlənmişdi. Quldur Səfər qardaşının intiqamını belə aldı.

      Gün batdı, ay çıxdı. Nağıl olunan yerlərdən bir səs çıxmırdı. Heyvanlar və quşlar insanların vəhşi hərəkətindən elə xofa düşmüşdülər ki, hələ cürət edib yuvalarından çıxa bilmirdilər. Ay yavaş-yavaş qalxıb qəmgin-qəmgin insanların tutduğu vəhşi əməllərə baxırdı.

      Gecədən xeyli keçmiş bir arvad dağları, daşları, meşələri axtarırdı. Bu arvad Fatma və axtardığı da iki balası idi.

      – Zeynəb, Abbas, gözəl balalarım, yetim balalarım, haradasınız, səs verin!.. – deyə Fatma nalə edirdi.

      Lakin çəmən üstündə, lalələr arasında qucaqqucağa verib qanlarına qəltan olmuş Zeynəb və Abbas – bu iki məsum anaları Fatmanın naləsini eşitmirdilər.

      Qaraca qız

(“Məktəb” jurnalı, 1913-cü il, №1-22)

      Axşam çay süfrəsində əyləşən zaman Hacı Səməd qızı Fatimənin başını sığallayıb dedi:

      – Qızım, söylə görək, məktəbdən nə tazə xəbər gətirmisən?

      Fatimə:

      – Ata, bu gün dərs arasında həyətdə dəstədəstə olub qar ilə oynayırdıq. Gövhər, Zeynəb və Səltənət bir dəstə olub, qardan adam yapırdıq. Nabat da istədi, biz ilə oynasın, mən razı oldum, amma yoldaşlarım razı olmadı. Nabat çox çirkin və gözləri də çəp olmağa görə heç kəs onun ilə dostluq etmiyordu; ələlxüsus Gövhər onu sevmiyordu. Nabat kənarda durub bizə məzlum-məzlum baxıyordu. Birdən Gövhərin ayağı sürüşüb yerə yıxıldı və başı daşa dəyib qanadı. Bunu görcək hamıdan tez Nabat Gövhəri qucaqlayıb gözləri yaşlı dedi:

      – Ağlama, bacım, qorxma, heç zad olmaz.

      Gövhər bunu görüb dedi:

      – Ah, sən nə gözəl yoldaşmışsan! Mən bilməmişəm, əfv et!

      Bunu deyib Nabatı qucaqladı və öpdü. Bu ittifaq8 bizə çox artıq təsir etdi.

      Hacı Səməd dedi:

      – Qızım, insanın zahirinə baxma, batininə bax! Türkdə bir məsəl var, deyərlər ki: “Ətə baxma, dona baxma, içindəki cana bax!” İndi Qaraca qızın hekayəsini söylərəm, özün görərsən.

      Atalarından