sənin kimi adlı-sanlı olmaz ki?
– Yoxsa mənim güclü pəhləvan olduğuma inanmırsan? Məni bütün dünya tanıyır. Hamı qabağımda zağ-zağ əsir. Neçə pəhləvanın kürəyini yerə vurmuşam, ancaq hələ mənim dizimi yerə gətirən olmayıb.
– Bilirəm.
– Dördböyrək pəhləvanı mən yıxmışam.
– Bilirəm.
– Kəlboyunu da mən dizimin altına almışam.
– Onu da bilirəm.
– Haçaürək pəhləvanı necə danaboynu elədiyimi, yəqin, eşitmisən.
– Eşitmişəm.
– Bəs niyə gülürsən?
– Ona görə ki, o pəhləvanlar səndən güclüdürlər.
– Necə? Məndən güclüdürlər? Bəs niyə kürəklərini yerə vurub dizimin altına alıram? Bəs niyə qabağımda duruş gətirə bilməyib yıxılırlar?
– Şahın qorxusundan.
– Şahın buraya nə dəxli var?
– Var, əzizim, var. Əgər o, sənin dalında durmasa, bircə gündə yox olarsan.
– Elə şey yoxdur. Mənim özüm güclüyəm. Mənim qabağıma heç kim çıxa bilməz. Nə qədər adsan qazanmışamsa, özüm qazanmışam. Mənim dizimi yerə gətirən hələ anasından olmayıb. Ona görə mənə “Diziaynalı” deyirlər.
Rüstəm gülümsündü. Yuxarıdan aşağı baxıb qarşısındakı pəhləvanın pörtmüş sifətini, qılıncın dəstəsindən necə yapışdığını gördü. Onun xoruz kimi boynunu şax tutub dünyaya meydan oxumaq fikrində olduğunu anladı. Əlini pəhləvanın çiyninə qoyub ehmalca aşağı basdı. Diziaynalı ağırlıq altına düşmüş yay kimi sıxılıb balacalaşdı. Nə qədər silkələndisə, çiynindəki ağrıları ata bilmədi. Özü də hiss etmədən büzüşüb aşağı çökdü. Dizləri yerə gəldi. Rüstəm onun dizlərinin ehmalca yerə toxunduğunu hiss edib dayandı. Bir balaca da əlinin ağırlığını salsaydı, pəhləvanın dizlərindəki aynalar sına bilərdi. Rüstəm bunu istəmədi. Əlini boşaltdı. Pəhləvanın çiynindən yapışıb yuxarı qaldırdı. Sıxılmış “yay” indi də astaca açılıb dikəldi. Rüstəm əlini götürdü. Pəhləvan dərindən nəfəs alıb ufuldandı. Bilmədi, gözünü gün qamaşdırdı, yoxsa başının üstündə qığılcım oynadı. Özünə gələndə ayağının altında yer titrədi, başdaşları silkələnib şaqqıldadı. Rüstəm Zal yox oldu. Pəhləvan çiynini ovxalaya-ovxalaya onun qarasınca qışqırdı:
– Sənin ki belə gücün var, bəs niyə mənim kimi məşhur deyilsən?
Yerin altından səs gəldi:
– Sənə “aslanım” deyən mənə “pişiyim” desəydi, dünyanı çiynimdə gəzdirərdim.
Diziaynalı kürəyini söykədiyi başdaşının dibinə çömbəldi. Qolu ilə alnındakı soyuq təri sildi.
Qəbiristanlığa ağır və vahiməli bir sükut çökdü.
Dəvəçi
Dəvəçi can verirdi. Ev-eşiyindən uzaqda, qürbət diyarda, səhranın ortasında, quyu üstündəki ağacın kölgəsində. Düz üç gün idi ki, bədəni od tutub yanırdı. Gah titrəyir, günün qızmarında kürkə bürünürdü, amma titrəməsi kəsmirdi, gah da elə bil bədəninə qor dolurdu, istidən dili-dodağı təpiyirdi. Yaxasını, başını açıb qumun içində eşələnirdi. Evdə olsaydı, qızı başına fırlanar, ayağını ovxalayar, kürəyini ovub tez-tez alnına sərin dəsmal qoyardı. Arvadı gecəli-gündüzlü yastığının dibini kəsdirərdi. Amma burada heç kəsi yox idi. Bir dəvəsi idi, bir də özü. Yazıq dəvə əldən düşmüşdü. Kişinin gah başına dolanırdı, gah da ayağına. Bircə ona gücü çatırdı ki, tez-tez ağzını su ilə doldurub sahibinin üzünə çiləyirdi. Kişi nəfəsini dərib bir azca dincəlirdi. Dəvənin ona yazığı gəlirdi. Axı neçə il idi ki, ünsiyyət bağlamışdılar. Birlikdə səhralar aşmış, susuz çöllər keçmiş karvanlara başçılıq edərək, diyardan-diyara keçmişdilər. Elə vaxt olmuşdu ki, qum boranına düşmüşdülər. Dəvə yerə yatmışdı. Sahibi isə onun böyrünə qısılaraq canını ölümdən qurtarmışdı. Necə deyərlər: duz-çörək kəsmişdilər.
Dəvə sahibinin xəstələnməsini çox görmüşdü. Bilirdi ki, qara qızdırma onun canından əl çəkmir. Bir gün titrəməsi tutur, o biri gün isə heç nə olmamış kimi ayağa durur və yola düşürdülər. Amma, deyəsən, bu dəfə kişinin azarı ağır gəlmişdi, üç gün idi, yerindən tərpənə bilmirdi. Halının ağır olduğunu dəvəçi özü də başa düşmüşdü.
Kişinin halı axşamüstünə yaxın yenə dəyişdi. İstisi qalxdı, gözünün qabağında yer-göy fırlandı. Onu qara basdı. Dəvəçiyə elə gəldi ki, evdədir, evlərinin lap qabağında axan çayın sahilində, taxtın üstündə uzanıb, amma istidir, göydən od yağır. O, əlini gözünün üstünə qoyub mavi boşluqlara baxırdı. Gördü ki, bir qaraquş qanad açıb göyün üzündə süzür. Quş süzdü, süzdü və birdən qanadlarını yığıb şığıdı, bir göz qırpımında aşağı endi və kişini caynağına alıb göyə qaldırdı, buludların arası ilə uçdular, çayı üzüaşağı, üzüyuxarı getdilər. Ona elə gəldi ki, qov kimi yüngüldür, onu qaraquş caynağında aparmır, özü uçur. İstəsə, dağların lap zirvəsinə qalxıb xar qardan götürər. Elə də oldu. Dağların üstü ilə uçdular. O, əlini uzadıb xışma-xışma qar götürdü, ağzına təpişdirdi, amma yanğısı sönmədi. Əksinə, qar cızıltı ilə əriyib yoxa çıxdı. Kişi əlini bir də qara uzatmaq istədi və elə bu an gördü ki, quş onu caynağından buraxıb, başıaşağı, daş kimi yerə enir. Bircə andan, yalnız bircə andan sonra parça-parça olacaq. Çığırdı, səsi gəlincə bağırdı və özü səsinə diksinib gözünü açanda gördü ki, dəvəsi yenə ordunu doldurub üzünə su çiləyir.
Döyüküb ətrafa boylandı. Gün yaxmağa hazırlaşırdı. Ağacın kölgəsi yerini dəyişmişdi. Kişinin üzünə gün düşmüşdü. Bunu hiss edən dəvə sahibinin üstünə uzandığı palazdan yapışdı, sürüyüb kölgə düşən tərəfə gətirdi. Kişi torlanan gözlərini dəvənin üzünə zillədi. Dəvə onun nə demək istədiyini başa düşdü və palazı sürüyüb lap ağacın dibinə gətirdi. Sahibinə kömək elədi ki, kürəyini ağacın gövdəsinə söykəsin. Dəvəçi bir balaca nəfəsini dərdi, gözünü dolandırıb ətrafa baxdı və əli ilə işarə etdi ki, dəvə yaxına gəlsin. Dəvə sahibinin önündə diz çöküb yerə yatdı. Göz-gözə baxdılar. Birdən dəvə boynunu uzadıb sahibinin dizi üstə qoydu. Kişi əlini qaldırıb onun yumşaq tükünü sığalladı.
– Deyəsən, ölürəm, gəl halallaşaq.
Dəvə başını qaldırıb sahibinin üzünə baxdı. Dəvəçi gördü ki, heyvanın gözləri yaşarıb, az qalır insan kimi hönkürüb ağlasın.
– Səni çox incitmişəm. Elə vaxt olub ki, iki dəvənin yükünü sənə yükləmişəm, üstəlik özüm də belinə minmişəm. Gecələr də sənə rahatlıq verməmişəm, karvanın birini yola salan kimi o birini götürüb ay işığında yola çıxmışam. Sir-sifətindən görmüşəm ki, narazısan,