Şaiqin müxtəlif yaşlı uşaqlar üçün yazdığı bir çox əsərlər bizim milli ədəbiyyatımızda misli və bərabəri olmayan ən gözəl nümunələrdir,”
“Abdulla Şaiqin nəcib həyatı bir çıraq kimi həmişə xalq üçün yanmışdır. Bu çırağın işığında uşaqların da, böyüklərin də qəlbində yalnız xeyirxah duyğular, xeyirxah arzular baş qaldırmışdır,”
ÖN SÖZ
Bir əsrə yaxındır ki, “Xoruz”, “Keçi”, “Dovşan” şeirləri, “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” nağılları, demək olar ki, hər bir nəslin nümayəndələrinin dil açmağa başlayan körpəsindən ahıl yaşlılarına qədər hamının dilinin əzbəridir. Bəs bunun sirri nədədir?
Bu, həmin əsərlərin müəllifinin uşaq dünyasına təsir edə biləcək qədər pak, munis ruha malik olması və təbii ki, istedadı ilə əlaqədardır. Uşaq dünyasına nüfuz etmək, onun bir parçası olmaq üçün azyaşlıların hiss-həyəcanlarını, arzu-istəklərini, hətta sevmədiklərini dərindən bilmək və duymağı bacarmaq lazımdır. Abdulla Şaiq məhz belə bir təbiətə malik ustad idi. O, uşaqları çox sevirdi və bir ziyalı kimi dərk edirdi ki, uşaqlar millətin gələcəyidir; gələcəyini, inkişafını təmin etmək arzusunda olan bir millət öz tarixini bilməli, ana dilinə, milli mədəniyyətinə sahib çıxmalıdır. Abdulla Şaiq bütün fəaliyyətini məhz bu ideya ətrafında cəmləşdir-di. Onun çoxşaxəli fəaliyyəti apardığı ideoloji işin tərkib hissələridir.
Abdulla Şaiq Azərbaycanda milli ideologiyanın banilərindəndir. Onun yaratdığı “Şaiq Nümunə Məktəbi” ilə ölkəmizdə ana dilində təhsilin təməli qoyulub. Bu məktəb Azərbaycanın sonrakı inkişafında xüsusi xidmətləri olan milli təfəkkürlü ziyalı nəslini yetişdirdi. Cəfər Cabbarlı, Mikayıl Müşfiq,Tağı Şahbazi Simurq, Ruhulla Axundov, Böyükağa Talıblı, Niyazi, Hümmət Əlizadə, Mirzə İbrahimov, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli və başqaları məhz “Şaiq Nümunə Məktəbi”nin yetirmələridir.
Tədqiqatçı alim Yaşar Qarayevin də dediyi kimi, “pedaqoji intibahın görkəmli nümayəndələrindən” hesab edilən Abdulla Şaiq, həqiqətən də, Azərbaycanda məktəb-maarif işinin yüksəlişində mahiyyəti və miqyası etibarilə böyük uğurlara imza atmışdır. 1906-1907-ci illərdə Bakıda keçirilən müəllimlərin I və II qurultaylarında məhz Abdulla Şaiqin 30-a yaxın anadilli dərsliyin bəzilərinin müəllifi, bəzilərinin isə həmmüəllifi olmasına qərar verilib. Onun tərtib etdiyi “Uşaq çeşməyi” (1907), “Gülşəni-ədəbiyyatı” (1920), “Uşaq gözlüyü” (1910), “Gülzar” (1912), “Milli qiraət kitabı” (1919), “Türk çələngi” (1919), “Türkcə sərf-nəhv” (1924) və s. dərsliklər vasitəsilə uşaqlar ana dilini və milli ədəbiyyatı öyrənirdilər.
Uşaqların yaş və maraq dairəsinə uyğun şəkildə hazırlanmış bu dərsliklərdə ümumtürk mədəniyyətinin bütöv mənzərəsini görmək olar. Dərsliklərdə Məhəmməd Füzuli, Yunus İmrə, Nəfi, Seyid Əzim Şirvani, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Əhməd Hikmət, Xalid Ziya, Tofiq Fikrət, Rza Tofiq, Mahmud Əkrəm Rəcaizadə kimi yazıçıların əsərləri və bioqrafiyası yer alırdı. Seçdiyi nəzəri və əyani mətnlərdə şagirdlərə milli tarixə, milli mədəniyyətə sevgi, vətənpərvərlik duyğuları aşılayan müəllif, həm də vətənin təbiətini, heyvanlar və bitkilər aləmini azyaşlılara tanıdır və sevdirirdi.
Abdulla Şaiqin ədəbi bədii yaradıcılığı və pedaqoji fikirləri bir-birini tamamlayır. O bütün həyatını ədəbi, elmi yaradıcılığı və pedaqoji fəaliyyəti ilə böyüməkdə olan nəslin təlim tərbiyəsinə, savadlanmasına xidmət göstərmişdir. İstər dərsliklər üçün yazdığı, istərsə seçdiyi bədii mətnlərdə didaktik-əxlaqi motivlər üstünlük təşkil edir. Abdulla Şaiqin hər bir yaş dövrünə uyğun olaraq yazdığı uşaq əsərləri dilinin sadəliyi və oynaqlığı, tərbiyəvi ideyası, öyrədici olması baxımından əhəmiyyətlidir. Digər tərəfdən, ruhumuza yaxın, yaddaqalan olması bu əsərlərin xalq ədəbiyyatından qaynaqlanması ilə əlaqədardır. Ədib uşaq əsərlərini yazarkən Azərbaycan şifahi xalq ədəbiyyatının süjet və motivlərindən, obrazlarından sıx-sıx bəhrələnmişdir.
Uşaq ədəbiyyatının qızıl fonduna daxil olan, azyaşlılar üçün klassik ədəbi nümunələr yaradan Abdulla Şaiq yeni bir yol açmışdır. Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Mirmehdi Seyidzadə, Nüşabə Əlizadə, Mirvarid Dilbazi, Osman Sarıvəlli, Nigar Rəfibəyli, Mikayıl Rzaquluzadə, Əhməd Cəmil kimi xələfləri ədibin yolunu davam etdirmiş, uşaq ədəbiyyatını yeni və maraqlı əsərlərlə zənginləşdirmişlər.
Şeirlər
XORUZ
Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!
Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,
Qoymayırsan yatmağa,
Ay canı məstan xoruz!
YETİM CÜCƏ
Ay kiçicik, soluq cücəm,
Boynu buruq, yoluq cücəm!
Açma o nazlı dimdiyin,
Başlama qəmli cik-ciyin.
Tək gəzinib sıxılma çox,
Qəm yemə, sus, bir az dayan,
Mən olaram sənin anan.
Səni o səslə səslərəm,
Dən, su verib də bəslərəm.
Ağlama, ağlama, gözəl,
Qaç yanıma, dayanma, gəl!
UŞAQ VƏ DOVŞAN
U ş a q
– Dovşan, dovşan, a dovşan!
Qaçma dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi istəyəndən.
D o v ş a n
– Dura bilmərəm, dadaş,
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.
KEÇİ
Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi!
Yalqız gəzmə, dolanma,
Dağa-daşa dırmanma.
Bir qurd çıxsa qarşına,
Sən nə edərsən ona?
Çoban açınca gözün
Qalar iki buynuzun.
YENİ KÖMƏKÇİ
Tarlaya gəldi Nəbi,
Gördü səhərdən bəri
Atası tək işləyir,
Tarlasını xışlayır.
Nəbi dedi: – Ay ata,
Gəl mənə öyrət, daha
Sən otur, mən işləyim,
Tarlamızı xışlayım.
– Çox gözəl, oğlum, görək!
Gəl öyrəş, eylə kömək!
Verdi xışı, oturdu;
Nəbi ürəklə durdu,
Xış sürməyə başladı,
Atası alqışladı.
SƏHƏR
Günəş