sat, apar bazarda.
Hər işinə-gücünə özün çat.
PAYIZ KÜLƏYİ
Yaz uzunu canım bişdi,
Payız girdi, qabaq qışdı,
Külək əsdi, soyuq düşdü.
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
Külək əsir gün batandan,
Bulud gəlir dörd bir yandan,
Yağış verməz zərər hər an.
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
Canım külək, gözüm külək,
Başımıza açma kələk,
Qoy barı-meyvəni dərək.
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
Külək əsir bağa sarı,
Tökəcək heyvanı, narı,
Qalacaq yarıbayarı.
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
Alma, armud, heyva, üzüm,
Ağaclarda düzüm-düzüm,
Aman, külək, eşit sözüm:
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
Dağa-daşa duman çökür,
Yarpaqları külək tökür,
Ağacları burub bükür.
Əsmə külək, əsmə külək,
Ümidimi kəsmə, külək!
BÜLBÜL
Bahar fəsli cavan bülbül,
Açıldı gülüstan, bülbül,
Gülü yada salan bülbül,
Oxu bir qədər, can bülbül!
Yazın hüsnü çəmən-güldür,
Bənövşə, lalə, sünbüldür,
Onun da hüsnü bülbüldür,
Oxu, oxu, hər an, bülbül!
Yazın divanəsi sənsən,
Gülün pərvanəsi sənsən,
Oduna onun yanan sənsən,
Gül başına dolan, bülbül!
Yaza yaşıl çəmən azdır,
Bənövşə, yasəmən azdır,
Gülün qədrin bilən azdır,
Gül qədrini bilən bülbül!
Yaz açılmaz, gül olmasa,
Gül olmaz, bülbül olmasa,
Bunlar bir, yekdil olmasa,
Çəkər ah-fəğan bülbül!
Yazın həsrətkeşi çoxdur,
Yazı yad etməyən yoxdur,
Həvəs bülbüldə nə çoxdur,
Həmən yazdır, həmən bülbül.
Bahar əyyamı hər ildə,
Çox halət var qızılgüldə,
Qanıb bu əhvalı bülbül də,
Açır dil lal olan bülbül.
FƏSİLLƏR
Qar gedər, yer açılar,
Göydən rəhmət saçılar,
Çəmən, çiçək açılar,
Bil, bu, hansı fəsildir.
Quşlar bala balalar,
Maldar ot-ələf çalar,
Sünbül çıxar, dən olar,
Bil, bu, hansı fəsildir.
Meyvə dəyib dərilər,
Xırman-taxıl döyülər,
Aləm behiştə dönər,
Bil, bu, hansı fəsildir.
Qar aləmi ağardar,
Xalq malı dama salar,
Hər evdə ocaq yanar,
Bil, bu, hansı fəsildir.
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır,
Üçü yığıb gətirir,
Üçü vurub dağıdır.
YAĞIŞ
Yağış gəlir yağa-yağa,
Yarəb, yağa bizim bağa,
Çəmən, gülə, dağa, düzə,
Yeri doyunca içirə.
Ey aləmin canı yağış!
Yağ, islat dünyanı, yağış!
Hava hərdəm gözəlləşə,
Aça çiçək çəmən, meşə.
Yağmur yağıb, günəş doğa,
Çıxa əkinçilər işə.
Ey aləmin canı yağış!
Yağ, islat dünyanı, yağış!
Bostançılar, əkinçilər
Yaz olanda yağış dilər.
Yerə, yurda toxum əkər,
Ağacların dibin qazar.
Ey aləmin canı yağış!
Yağ, islat dünyanı, yağış!
Əkin elin süfrəsidir,
Taxıl qeybi100 xəznəsidir.
Öküz, kotan, mala, toxum.
Xalqa ruzi təknəsidir.
Ey aləmin canı yağış!
Yağ, islat dünyanı, yağış!
SÖHBƏT
Yaz olanda yağar yağış,
Otlar uzanar bir qarış,
Qaranquş eylər sifariş:
– Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.
Yaz olanda açar güllər,
Baş çıxardar qərənfillər,
Xəbər göndərər bülbüllər:
– Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.
Yaz olanda çölün düzü,
Heyvanlara verər ruzu,
Bunu qanıb deyər quzu:
–