sağ-solumda,
Oxşayır əjdahaya.
Parıldadı qılıncım,
Dayanmaq olmaz daha.
Doğrandı xıncım-xıncım
Yeddi başlı əjdaha.
Qapı açıldı tay-tay,
Girdim Ayın içinə.
Gördüm bura gəlib yay,
Başlayıblar biçinə.
Bir sürü qanadlı at
Dəydi mənim gözümə.
Yüyürərək o saat
Bir at tutdum özümə.
Başına sünbül hördüm,
Minib çapdım o atı.
Heyf, yuxuda gördüm
Bu yaxşı əhvalatı.
Qar deyir
Çox gəzmişəm vətənin
Dağlarını, düzünü.
Süsənin, yasəmənin
Görməmişəm üzünü.
Ağaclar olub yalın
Mən gəzəndə bağları.
Bürümüşəm ağ, qalın
Yorğana budaqları.
Görməmişəm laləni,
O da tanımır məni.
Mən gələndə qış olur,
Çiçəklər yatmış olur.
Mayak
Buludlarda ay batır,
Ulduzlar bir-bir yatır.
O zümrüd gözlü mayak
Dəryada qalır oyaq.
Birdən qopsa fırtına,
Külək girməsə qına,
Gəmini alsa duman,
Mayaka gəlir güman.
Odur köməyə çatan,
Onu sevir kapitan.
Evimiz
Neftçilər prospektində,
“Azərneft”dən yuxarı;
Evimiz durur tində,
Baxır dənizə sarı.
Laylay deyir göy dəniz,
Eşidirik səsini.
Sakit axşamlarda biz
Duyuruq nəfəsini.
Başlayıb gecə sahil
Göy dənizlə söhbətə.
Biz gəmidə elə bil
Çıxmışıq səyahətə.
Tıq-tıq
Tıq-tıq… döyüldü qapı,
Kimsə gecikib əlbət.
Salacaq tappatapı,
Alacaq indi töhmət.
Sinifdə idi hamı,
İlqar gecikmir daha.
Deyir: – Axşam çantamı
Rahlayıram sabaha.
Müəllim dedi yerdən:
– Buyur, sinfə görək!..
Qapı açıldı birdən,
İçəri girdi külək.
Uşaqlar bərk küy salıb,
Birdən-birə gülüşdü.
Külək məəttəl qalıb,
Pəncərədən sürüşdü.
Rəssam Günəş
Rəssam Günəş ertə durdu,
Təbiətə min rəng vurdu.
Fırçasını çəkdi dağa,
Göy dənizə, yaşıl bağa,
Gah soluna, gah sağına,
Uşaqların yanağına.
Günəş gözəl bir rəssamdır,
Hər tərəfə rəngi çatdı.
Elə ki, gördü axşamdır,
Dağ dalına enib yatdı.
Nağaraçı
Nağaramı vurum-vurum,
Dum-ba-du-rum, dum-ba-du-rum.
Ağacların göy budağı
Oyanaydı səhər çağı.
Nağaramı vurum-vurum,
Dum-ba-du-rum, dum-ba-du-rum.
Göbələklər əl-qol atar,
Yallı gedər qatar-qatar.
Nağaramı vurum-vurum,
Dum-ba-du-rum, dum-ba-du-rum.
Uşaqlar çıxar küçəyə,
Şap-şup salar gölməçəyə.
Yay yağışı – mənim adım,
Kimi deyirsiz oynadım.
Nağaramı vurum-vurum,
Dum-ba-du-rum, dum-ba-du-rum.
Dalğalar və dəniz nağılı
Uşaqlar, bir nağıl var,
Onu söyləyim sizə.
Necə qaçır dalğalar
Sahilə və dənizə.
Sanki onlar uşaqdır,
İməkləməyə başlar.
Sahildəsə yumşaqdır
Hər cürə rəngli daşlar.
Guya ki, o daş, o qum,
Hamısı “şirniyyat”dır;
Ləzzətli rahat-lokum,
Şokalad və nabatdır.
Onlar cumur sahilə,
“Şirniyyat”ı yalayır.
Yığıb onu əlilə,
Ətəyinə qalayır.
Dəniz çağırır: gəlin!
Ananızla dincəlin.
Qoynumda saldım yeri…
Dalğalar dönür geri,
Quş kimi qanad açır
Yenə sahilə qaçır.
Yalayır “şirniyyat”ı,
Belə keçir həyatı…
Bu şeirdə, uşaqlar,
Mən nağıl etdim sizə
Niyə cumur dalğalar
Sahilə və dənizə,
Sahilə və dənizə.
Göydəki ulduz nədir?
– Quq-quluquu! – dedi xoruz,
Sarı darıdır ulduz.
Hər gecə Sənəm qarı
Səpir göylərə darı.
Səsləyim