Əli Bəy Azəri

Bizi ümidsiz qoyma


Скачать книгу

həmin ərazilərin də keşiyini qonşu Qazmalar zastavası çəkirdi. Doğru fikirləşmisiniz, həmin ərazilər ilboyu ekstremal şəraitlərlə üzləşir, qışda boranı, çovğunu, yazda da şimşəyi, dolusu, leysanı əskik olmur. Orada ilk növbədə təbiətin şıltaqlığına sinə gərmək gərəkdir. İydəlidə bir keçid olmalıdır – gərək ki, həmin keçiddən ancaq sərhədçilər istifadə edirlər. Qatar cəmisi beş-on saniyə dayanır. Qatarın həmin yerdən gecə keçdiyini nəzərə almaq, zastavaya xəbər göndərmək lazımdır ki, qarşılamağa gəlsinlər. Yoxsa, zastavanı gedib tapa bilməzsən.

      …-Hə, oğlum, deyəsən, yuxun gəlir, yaman fikrə getmisən. – Savalan kişinin qəfildən dillənməsi Osmanı fikir-xəyal aləmindən ayırdı. – Çayını iç, get yat.

      –Yaxşı. – Osman soyumuş çayını birnəfəsə içib yatmaq üçün otağa yollandı.

      Otaqda çarpayıdan, tumboçkadan başqa bir dənə də şkaf vardı – yuxarı başda qoyulmuşdu. Universal şkafdı, paltar, əşya üçün nəzərdə tutulmuşdu, yoxsa kitab rəfiydi, bilinmirdi. Şkafın ortasında qoyulmuş güzgünün hər iki tərəfində nisbətən böyük ölçüdə götürülmüş şəkillər qoyulmuşdu. Osman həmin şəkillərin Savalan kişinin əcdadlarına məxsus olduğunu düşündü: “Savalan kişi ata-anasının şəkillərini niyə öz otağında saxlamır ki? Bir də valideynlərin şəklini böyüdüb ramkaya saldırmırlarmı?”

      Məxsusi olaraq baxmaq istəməsə də ani olaraq nəzərini şəkillərə zilləyib çəkdi – şəkillər cavan adamların şəkilləriydi, sağ tərəfdəki qız, sol tərəfdəki isə oğlan şəkiliydi. “Axı Savalan kişi dedi ki, bu otaq onun nəvəsinin otağıdır. Hə, yəqin nəvəsi Babəklə onun arvadının şəkilləridir. Yox, yox, o ki, on birincini təzəcə qurtarıb, universitetə bu il qəbul olunub. Bu yaşda da adam evləndirərlər?” Şəkillərə bir də diqqətlə baxdı, qız ona yaman tanış gəlirdi. Osman şəkildən ona boylanan qızı görmüşdü, amma harada görmüşdü, onu yadına sala bilmirdi. Heç paltarını da soyunmadan çarpayıya uzandı – elə şəkillərə baxa-baxa yuxuya getdi. Savalan kişinin otağa girib işığı söndürməyindən də xəbəri olmadı.

      Səhərin alatoranlığında yola çıxdı. Savalan kişi dediyi kimiydi, dağların qoynuna doğru bir cığır vardı, kəhər at ancaq cığırla irəliləyirdi, onu sürməyə ehtiyac yoxdu, özü gedirdi. Çətini Bıtarın yamacını çıxıncaydı, oradan o tərəfə yol dolayılanırdı, həm də zastava ovuc içi kimi görünürdü. Zastavaya Qazmalar stansiyası tərəfdən gələn şosse yolu ilə heç bir yerdə kəsişməyən cığır, görünür, çox yaxın məsafədən keçirmiş. “Buranı piyada da gəlmək olardı” – gəlib çatandan sonra Osman belə düşündü. Ancaq piyada gəlməyə çamadanı və əşya çantası maneçilik törədəcəkdi.

      Leytenant Osmanov zastavaya çatanda səhər bölgüsü aparılırdı. Nəzarət Buraxılış Məntəqəsinin (qısa olaraq NBM adlandırırlar) növbətçisi at belində gələn leytenantı görcək bildi ki, zastavaya gəlib, ya yoxlamadır, ya da xidmət yerinə təşrif buyurub. Odur ki, iti addımlarla yaxınlaşıb özünü təqdim etdi, heç imkan vermədi ki, leytenant atın belindən yerə düşsün.

      –Cənab leytenant! Nəzarət Buraxılış Məntəqəsinin növbətçisi çavuş İbrahimov.

      –Leytenant Osmanov. – Atdan düşüb o da özünü tanıtdı. – Zastava rəisinə xəbər ver.

      –Zastava rəisi indi səhər bölgüsünü aparır. – Çavuş İbrahimov imkan vermədi ki, leytenant sözünü bitirsin. – Siz bir az səbr edin, bölgü qurtarsın, mən özüm xəbər verəcəyəm.

      Qaydanı bilirdi deyə leytenant Osmanov zastavanın ərazisinə keçməyə cəhd göstərmədi. Atı yaxınlıqdakı dəmirağacın alçaq budaqlarından birinə bağladı. Sonra çamadanını atın belindən düşürüb NBM budkasının divarına söykədi, əşya çantasını da onun yanına qoydu. Indi yadına düşdü ki, səhərdən bəri dilinə bir dənə də olsun siqaret dəyməyib. Cibindən bir siqaret çıxarıb yandırdı. Sonra telefonunu çıxarıb baxdı, saat səkkiz iyirmi beşi göstərirdi. Amma burada, deyəsən set tutmurdu, çünki antenanın göstəriciləri həm “Narmobil” də, həm də “Baksell” də şkalasız qalmışdı. Osman telefonunun cibində qalıb sıxıldığını, buna görə də setin itdiyini zənn edib telefonu silkələdi, silkələdi, düymələrini aşağı-yuxarı tərpətdisə də bir şey dəyişmədi. Dəniz səviyyəsindən, bəlkə də min beş yüz metr məsafədən hündür olan bu ərazidə ola bilməzdi ki, mobil telefon işləməsin. Görünür, hansısa qurğu ilə şüanı dayandırıblar. Axı bura mühüm bir yer, dövlət sərhədlərinin keşiyini və mühafizəsini təşkil edən sərhəd zastavasının ərazisi idi.

      Siqaretini təzəcə çəkib qurtarmışdı ki, çavuş İbrahimov təngənəfəs gəldi.

      –Cənab leytenant! – deyə müraciət etdi. – Mayor Bədəlov sizi gözləyir.

      Leytenant Osmanov siqareti yerə atıb ayağı ilə söndürdü. Əl atıb çamadanı götürmək istəyəndə çavuş İbrahimov dilləndi:

      –Narahat olmayın. Biz gedək. Mən tapşıraram, əşyalarınızı hara lazımdırsa gətirərlər.

      Onlar bir-birinin ardınca NBM-dən içəri keçib zastava rəisinin dəftərxanası yerləşən birmərtəbəli binaya tərəf yollandılar.

      Leytenant Osmanov qapını döydükdə ucadan “buyurun” sözünü eşidən kimi içəri keçdi. Mayor Bədəlov masanın arxasından çıxıb onunla görüşmək üçün qapıya tərəf addımlayırdı.

      –Cənab mayor! Leytenant Osmanov xidmət keçmək üçün sizin sərəncamınıza gəlmişdir.

      Tanışlıq çox da uzun çəkmədi. Leytenant Osmanov özü haqqında qısa məlumat verdikdən sonra mayor Bədəlov zastava növbətçisinə selektor vasitəsilə baş leytenant Əzimovu çağırmağı tapşırdı. Şəxsi heyət üzrə müavin olan baş leytenant Əzimov sanki qapının arxasında durub çağırılacağını gözləyirmiş.

      –Cənab mayor! 18-ci nöqtənin yaxınlığında tutulan uşaqları danışdırdım. Şübhəli heç nə aşkar olunmadı. Uşaqlar qonşu Əvəlikli kəndindəndirlər. Dünən dərsdən sonra axşamüstü dağdağan yığmaq üçün meşəyə gedib əks istiqamətdə hərəkət edərkən qaranlığa düşüb azmışlar və sərhəd xəttinin yaxınlığında sərhəd naryadı ilə qarşılaşmışlar. Qorxub qaçmaq istəyərkən əsgərlərimiz onları yaxalayaraq zastavaya gətirmişlər. İcra nümayəndəsinə məlumat vermişik, valideynləri müəyyənləşdirilib.

      –Neynək. İndi sərhəd dəstəsinin qərargahından xüsusi şöbənin zabiti gəlir, yoldadır. Biz bir şey aşkarlaya bilmədiksə, o, uşaqlarla söhbət edər. Bəlkə bir şey tapıb üzə çıxartdı. Sonra da uşaqları ona təhvil verərik, qərargaha aparar.

      –Yoldaş mayor! Burada xüsusi şöbəlik nə var ki?! İcra nümayəndəsinə məlumat vermişəm. İndi uşaqların arxasınca valideynləri gəlməlidir.

      –Nə deyirəmsə, onu da elə. Burada məmə yeyəndən pəpə yeyənə kimi hər kəs bilir ki, ərazi sərhəd bölgəsidir. İndiyə kimi quş quşluğu ilə sərhəddin əlli-yüz metrliyində hərlənməyib. Yerli əhalidən heç kim sərhədçi görəndə qaçmayıb. Uşaqlar əsgərləri görəndə qaçmağa cəhd göstəriblərsə, deməli burada nə isə bir sirr var. Çünki meşədə azmış