Əli Bəy Azəri

Bizi ümidsiz qoyma


Скачать книгу

bir rus qızı idi. Atası Gennadi rus ordusunun peşəkar zabitidir. Rusiyanın Volqoqrad şəhərində hərbi xidmət keçərkən Yevdakiya ilə evlənib. Ailənin böyük qızı Nadya elə Volqoqrad şəhərində dünyaya gəlib. Bir neçə ildən sonra Gennadini təyinatla Azərbaycana göndəriblər. Elə o vaxtdan ailə Salyan rayonu ərazisində yerləşən hərbi şəhərcikdə yaşamalı olub. Yulya da burada dünyaya gəlib. Təxminən on beş il burada yaşayandan sonra Gennadini Uzaq Şərqə xidmət keçməyə göndəriblər, daha doğrusu, o, özü bunu rəhbərlikdən xahiş edib. Təqaüdə çıxmazdan əvvəl Uzaq Şərqdə yaxşı staj yığacaqdı, maaşı da yüksək olacaqdı.

      Gennadi ilə Uzaq Şərqə getməyə arvadı Yevdakiya razılıq verməyib. O, gedəndən sonra daha iki il həmin hərbi şəhərcikdə yaşayıb, əvvəlki işində işləyib. Böyük qızı Nadya da orta məktəbi bitirəndən sonra anasının yanında işə düzəlib.

      Hər şey Yulya Tibb texnikumuna qəbul olandan sonra başlayıb. Gennadi təqaüdə çıxandan sonra Azərbaycana deyil, Volqoqrada qayıdacağını yazıb. Anası ilə Nadya da köçüb getməyi təklif ediblər. Yulya isə oxuyacağını, sonra da Azərbaycanda qalıb işləyəcəyini bildirib. Bu o vaxta təsadüf edirdi ki, ölkə dağılmağa sürüklənir, daxildə parçalanma gedirdi. Müstəqil dövlətlərin yaranması ilə çoxlarının ölkələrdən-ölkələrə köçünə təkan vermişdi.

      Yevdakiya ilə Nadya köçməyə qərar verəndə Yulya inadından geri çəkilmədi:

      –Sizin vətəniniz Volqoqraddırsa, mənim də vətənim Azərbaycandır. Siz gedin, mən qalıb oxuyacam.

      –Bəs sonra? – Anası israrla soruşdu. – Sonra da gedib müharibədə yaralananların yaralarını sarıyacaqsan?

      –Bəli! – Bu Yulyanın ağlına da gəlməzdi, amma anasının deməyi ilə beyninə girdi.

      –Onda qal.

      Anası ilə bacısı köçüb getdilər, Yulya isə təhsilini davam etdirdi. Müharibə təzə-təzə alovlanırdı. Bir müddət anası pul göndərir, yardım edirdi. Elə ki, təhsilini başa vurdu, anasının yardımları kəsildi.

      Həmin vaxt daha çox gənclər ölkənin müdafiəsinə qoşulurdu. Yulya da qərarını verdi.

      Çox keçmədi ki, tale onu Haramıda döyüş mövqeyində olan hərbi hissəyə gətirdi. Umudla tanışlıq da elə burda baş verdi. Həmin gün Umudgilin ekipajını və çoxlu tankçını Ağdam cəbhəsindən Haramıya gətirmişdilər.

      İndi Yulya Umudun boynuna ən əziz, ən doğma adamı kimi sarılmışdı. Sağ-salamat gördüyünə nə qədər sevinirdisə, bir neçə saatdan sonra itirəcəyinə təəssüflənirdi. Xeyli müddətdən bəri isinişdiyi adamı bir daha görməyəcəyindən qorxur və hıçqırırdı.

      –Gəlin çəkilək kənara, qoy yüngülləşsinlər. Bayaqdan hiss edirdim ki, bahar buludu kimi dolublar.

      Mayor Orduxanov iranlını da götürüb kənara çəkildi. Onun əlini iki əlləri arasına alıb sıxdı.

      –Heç bilmirəm, sizə necə təşəkkürümü bildirim. Bizə bu sevinci yaşatdığınıza görə o taylı qardaşlarımıza minnətdarıq.

      İranlı başı ilə qarşılığını bildirdi, hansısa sənədləri mayor Orduxanova verdi, sənədin birinə də qol çəkdirib özündə saxladı. Mayor Orduxanov əlil arabasının sənədi olduğunu zənn etdi və farsca yazılmış anlamadığı kağızları Rövşən həkimə ötürdü. İranlı görüşün uzun çəkdiyini görüb ciddiləşdi:

      –Babam! – dedi. – Xəstanızı götürün, mən arabanı aparmalıyam. Vəxtim yoxdu gözlamağa.

      Bu sözdən hamısı tutuldu. Mayor Orduxanov Rövşən həkimə, Rövşən həkim də İsgəndərə baxdı, sadəcə çiyinlərini çəkdilər.

      –Belə də olur. – Mayor Orduxanov təəssüflə dilləndi və işarə elədi ki, deyiləni eləsinlər.

      Tibb təlimatçısı ilə sanitar əsgər Umudu əlil arabasından dik götürüb hərbi-tibbi yardım maşınına tərəf apardılar.

      –Ora yox! – Mayor Orduxanov səsləndi. – “Niva” ya, özü də… qabaq oturacağa…

      Umudun ürəyi dağa döndü, o, belə də zənn etmişdi, mayor Orduxanov onu, elə o biri döyüşçüləri də özünə doğma, bəlkə də, qardaşdan yaxın bilirdi. Heç vaxt razı ola bilməzdi ki, keçmiş döyüşçüsü, özü də bu vəziyyətdə narahat yerdə aparılsın. Hələ yaşı qurumamış gözlərindən iki damcı sevinc yaşı axıb sifətini yandırdı.

      İsgəndərin rəngi-rufu dəyişdi, mayor Orduxanovu tərs-tərs süzdü: “Bu nə edir? Umud qabaqda oturacaqsa, deməli mən keçib arxada oturmalıyam? Hə, heç nə olmaz, elə Orduxanovla biz ikimiz də arxada oturacağıq!” Bir az rahatlandı, bir az təskinlik tapdı.

      İranlı kolyaskanı götürən kimi heç sağollaşmadan onlardan uzaqlaşdı.

      –Hamı yerinə! – Mayor Orduxanov səsləndi.

      “Niva” nın sürücüsü Rahib əli ilə sürücü oturacağını qabağa əyib əli ilə tutdu ki, İsgəndər arxa tərəfə keçsin. İsgəndər keçib yerini rahatlayandan sonra gözlədi ki, bəlkə mayor Orduxanov da arxa oturacağa keçəcək.

      –Nə gözləyirsən? – Mayor Orduxanov Rahibə baxdı. – Özün də arxaya keç.

      Rahib arxa oturacağa keçib İsgəndərlə yanbayan oturdu. İsgəndər pərt olsa da daha büruzə verməyi əhəmiyyətsiz bildi.

      –Bu şərəfi əldən buraxmaram. – Mayor Orduxanov yerini rahatlayıb mühərriki işə saldı.

      –Hansı şərəfi? – İsgəndər pərtliyini büruzə verməmək üçün maraqlandı.

      –Umud kimi qəhrəman döyüşçüyə sürücülük etmək şərəfini. Belə şans hər dəfə ələ düşməz.

      “Niva” qabaqda, yamyaşıl hərbi-tibbi yardım maşını da arxasınca yola düşdü. Baş yola çıxana kimi heç kim danışmadı. Elə ki, baş yola çıxıb sürəti tarazladı, mayor Orduxanov üzünü Umuda tutub gülümsündü. Umud fürsət gözləyirmiş kimi araya söz saldı.

      –Sizi də təbrik edirəm, “mayor” rütbəsi almısınız.

      –Çox sağ ol, Umud. – Sağ əlini sükandan ayırıb Umudun çiyninə vurdu. – Sən bundan da yüksək rütbəyə layiqsən. Hə, danış, görüm, babalar sənə necə qulluq göstərirdilər?

      –Sağ olsunlar. Bir dənə davranışları nəyə desən dəyərdi. Adamı o qədər mehriban dindirir, şirin-şirin danışdırırdılar ki, elə bil yaxın qohumların, kəndçilərindi. Bir də öz aralarında hamısı bir-birinə “ağa” deyə müraciət edirlər.

      –Bəs, babam? – İsgəndər müdaxilə etdi.

      –Sizə “babam, babam” demələrinə baxmayın…

      –Deməli, sən orda “ağeyi Umud” oldun… – Mayor gülümsündü.

      –Hə, elə deyirdilər… – Umud da qımışdı.

      –Özgə deyillər ki… onlar da bizdəndi… bizimdi… yarımız Arazın bu tayında… yarımız da o tayında…

      –Hərdənbir söhbət düşəndə onlar da belə deyirdi. – Umud nə fikirləşdisə əlavə etdi. – Yox, onlar