gəncliyini itirdin, ana.
Nə toyda şad oldun, nə də düyündə,
Unutdun ətrini gül-çiçəyin də,
Bu qədər qayğını zərif çiyində,
Bilmədim, nə təhər götürdün, ana?
Vahidəm, sinəmdə dağ neçə-neçə,
Qarışdı gözümdə gündüzlə gecə,
Mən səni dünyadan aparım necə?
Sən məni dünyaya gətirdin, ana.
Atalarınızı sevin Vahid Çəmənli
(Atam aşıq Valehin əziz xatirəsinə)
Həyatda bir atasız, xəyallarda bir atalı dünyam vardı, Ata. Hər addımımda, hər sözümdə, hər aldığım-verdiyim nəfəsimdə sən vardın. Adın dilimi göynədirdi. Atalı uşaqları görəndə dodağım həsrətdən paralanırdı. Amma özümü tox tuturdum. Qəribədi, mənə elə gəlirdi ki, bizim ayrılığımız müvəqqətidir. Haçansa qayıdacaqsan. Bu ayrılıq bitəcək.
Səni gözləyə-gözləyə sənsiz yaşamağı öyrəndim.
Səni gözləyə-gözləyə sənin kimi oturub-durmağı, danışmağı öyrəndim.
Səni gözləyə-gözləyə sənin kimi sevməyi öyrəndim.
Səni gözləyə-gözləyə dünyanı, insanları sənin kimi duymağı, onlara sənin kimi dəyər verməyi öyrəndim.
Səni gözləyə-gözləyə anladım ki, sən bir daha geri dönməyəcəksən, anladım ki, bu həsrət heç zaman bitməyəcək. Yazdığım şer də atasız cocuğun gəlimli-gedimli dünyaya sualları idi. Bu suallar uzun zaman cavabsız qaldı. Sonralar, çox-çox sonralar hər şeyi anladım. Bir şeyi də anladım. Bizi ayıran illər, zaman keçdikcə bizi bir-birimizə yaxınlaşdırır. Bir tövsiyyəm də var: Atalarınızı sevin.
Yenə qəlbimdə fərəh,
Sən yadıma düşürsən.
Saçımı oxşayır meh,
Sən yadıma düşürsən.
Çəmən, meşə göyərir,
Sən yadıma düşürsən.
Qış gedir, bahar gəlir,
Sən yadıma düşürsən.
Sarmaşıq gül sarılıb
Səhərlərin boynuna.
Yoxsa ulduzlar qopub,
Səpələnib eyvana,
Vaxt keçir, görünmürsən,
Qalıb qulağım səsdə.
Soyuyub buza dönür
Çayın masanın üstə,
Sən yadıma düşürsən.
Gecələrin nəğməsi
Mənə necə tanışdır.
Xan çinarın bu gecə
Təzə nağıl danışır.
Qızılgül qönçələnib
Budağında alışır.
Qonşuda toy çalınır,
İki aşıq yarışır,
Sən yadıma düşürsən.
Başımı sığallayıb
Qonşu bir noğul verdi,
Qonşu hardan biləydi,
Nədi körpənin dərdi?
Qonşu qonşu olsaydı,
Göz yaşımı silərdi.
Qonşu bir noğul verdi,
Atam bir cib verərdi —
Sən yadıma düşürsən.
Ay işığı tükənib,
Sanki süzgəcdən axır.
Sanki ay da utanır,
Mənə kənardan baxır.
Oynamağa səbrim yox,
Bu gün gözlərim gülmür.
Gəlib könül almaqda
Ay da bir məna görmür,
Sən yadıma düşürsən.
Kim düzsün ümidləri
Yoluma düzüm-düzüm,
Sənsizliyə dözməyə
Qalmayıb məndə dözüm.
Bacıma nişan gəlir,
Ata oluram özüm,
Mən səni hardan tapım?
Mən səni harda gəzim?
Sən yadıma düşürsən,
Sən yadıma düşürsən…
Dəli Çəmənli haqqında ballada
Qarabağın qucağında,
Allı – güllü, Ən laləli,
Ən sünbüllü, Ən bülbüllü bucağında.
Bir kənd vardır,
Çəmənlidir onun adı.
Çəmənlimdir!
Şehə batmış çəmənimdir!
Ürəyimdir!
Dirəyimdir!
Çörəyimdir!
Əbədilik gərəyimdir!
Əbədilik verib mənə
Ulu Tanrı bu diyarı.
Neçə – neçə igidlərin yadigarı.
O sarsılmaz igidlərdən
İlham alıb bu gün mən də,
Böyük dastan yaratsaydım Çəmənlimdən…
Qarabağım, qəm otağım,
Qəza – qədər öz ortağım.
Tale yüklü arzulara
Həsrət qalan
bir yatağım.
Sakit – sakit keçib gedir
Bu zamanın gərdişində neçə insan.
Sənsə belə şax qalmısan,
Şux qalmısan.
Tarixlərdə adın qalıb «Dəli» kimi
Bir vüqarlı
Dəli ömrü yaşamısan.
Dəlidağ tək,
Dəli