deyilsən tanıyam, biləm.
Mən eşq yolçusuyam, əlimdə qələm,
Eşqin yolçusunun şadımı olur?
Ay Vahid, adına hörməti saxla,
Dildən pərgarı da hərdənbir yoxla…
İnsandı, səhv edir, çox vurma oxla,
Sən atan oxların badımı olur?
Sevənin tanışı, bİlİşİ olmur
Özümüz zamanı qarşıdırırıq,
Zamanın bizimlə bir işi olmur…
Şəri insan səpir Yerin üzünə,
Başqa canlıların şər işi olmur.
Gedirik, bilmirik dağdı, dərədi,
Günümüz yüyənsiz, çılğın dəvədi…
Hər an ömrümüzə bir girəvədi,
Əlindən çıxdısa, dönüşü olmur.
Gedir dayanmadan zamanın köçü,
Soruşmur, ay yolçu, nəçisən, nəçi…
Üzündə əks olur hər kəsin içi,
Qəlbi qaraların gülüşü olmur.
Sudan hər kəs bir cür çıxarır çulun,
Xeyir axtarmayın, xeyirxah olun…
Haqq üçün fərqi yox, ağanın, qulun.
Sevənin tanışı, bilişi olmur
Fələklə nərtaxta oynama, gözəl
Fələklə nərtaxta oynama, gözəi,
Vaxtında beşini, şeşini atar
Hər bir xanəsində yüz tələsi var,
Vallahi, adamın leşini atar.
Sənin «dü bir» – inə atar «sə» qoşa,
«Sə bir» – lə çox çətin çıxasan başa…
Vurar şeş qoşayla oyunu başa,
Birin yox, üçün yox, beşini atar.
Bu dünya hasilə gələndən bəri,
Fırlandı,
çox başlar qopartdı pəri…
Cütləyər əlində o qoşa zəri,
Üstünə bir qara daşını atar.
Mənə yüz İl ömür arzula, dostum…
Mənə yüz il ömür arzula, dostum,
Fələk günlərimi bir – bir saymasın.
Qovuşum hər dürlü aydınlıqlara,
Göz görsün,
Qəlb vursun,
Əcəl duymasın.
Mənə yüz il ömür arzula dostum,
Keçdiyim yollara zirvədən baxım.
Çatdırım səsimi neçə mahala,
Gələn nəsillərin əlini sıxım.
Mənə yüz il ömür arzula, dostum,
Görüm insan oğlu qadirdi nəyə?
Görüm, ulduzları necə ram edir,
Hökm edir tufana, selə, küləyə?
Mənə yüz il ömür arzula, dostum,
Doyunca dinləyim kamanı, neyi.
Keçim dəryalardan, ayna sulardan,
Dolanım səmanı, yeddi qat göyü…
Ürəyim vurursa həyat eşqinə,
Azar da, bezar da bəhanədir ki…
Mənə yüz il ömür arzula dostum,
İnsan övladına yüz il nədir ki…
03.10.2018
Aşıq Haşım Qubalıya müxəmməs töhvəsİ
Səsin gəlir gah Şabrandan,
Gah da Qubadan ay Aşıq.
Xəbər tutursan hər zaman,
Eldən-obadan, ay Aşıq.
Əhvalımı sormursan heç,
Səhər səbadan, ay Aşıq…
Yeri gəlsə, yapışaram,
dəhrə, yabadan, ay Aşıq!
Nə sazından od tükənsin,
Nə də sobadan, ay Aşıq.
Al əlinə telli sazı,
Dolan meydanda mərdana,
Qoşma, təcnis, gəraylı de,
Ellər desin alqış sana,
Oğul istər sənin kimi,
Söz oxuya yana – yana,
Aşıq yoxdu bu mahalda,
Gələ qarşında dayana,
Sənət sənə əmanətdi,
Dədə babadan, ay Aşıq.
Vahid sənə heyrandı bil,
Nə gizlədim, ta nə danım?
Dinləyəndə gur səsini
Damarımda coşar qanım.
Azərbaycan yurdum mənim,
Xəzər mənim öz ümmanım…
Səhər yol alım Bakıdan,
Gəlim Şabranda dayanım, —
Qonaq olum söz süfrənə,
Evin abadan, ay Aşıq!
Bİr səmər buldumu sərvət adamı?
Sakit Məmmədova həsr olunur
Eşitdim, bazara düşüb güzərin,
Bir işin vardımı, heyrət adamı?
Bahalaşan nədi, ucuzlaşan nə?
Yenə dişləyirmi qiymət adamı!
Aldığın o ətin çıxmaz kababı…
Barı doldurdumu bir piti qabı?
Kişmiş, xurma, nabat, noğul, innabı,
Torbana doldumu, qismət adamı?
Fırlanır, dayanmır fələyin çarxı,
Qum basır çəməni, lil basır arxı..
Köhnə bazarçı da qaldırıb nırxı,
Bir səmər buldumu sərvət adamı?
Getməyə yox para, kafeyə, bara.
Şor – çörək yeməkdən gəlmisən zara…
Götür, söz boğçanı sürü bazara,
Görsün izzətini ləzzət adamı.
Yoxdu bu bazarda şairi sayan,
Köhnə səbətinə çürük