dad verir, – şəkər kimi dad.
Ovunu bərədən qaçırma, səyyad,
Gecə sona çatır, qızıl dan gəlir.
Vahid, yenə qurdun irfan məclisi,
Yanar, ürəklərin çıxar istisi…
Bu dadlı məclisin ən həvəslisi, —
Sərrafı Ədalət Bədirxan gəlir!
Çəkİləydİ zirvələrİn dumanı
Səhər – səhər Əhməd Üştübün dostumun çəkdiyi Nüvədi və Üştübün mənzərələri qəlbimi kədərlə, gözlərimi yaşla doldurdu. Yurda həsrət qalan bütün həmvətənlərimə, eləcə də dəyərli Nüvədili dostlarıma həsr elədim bu şeri…
Könlüm sənə həsrət qaldı, Nüvədim,
Xəyal üçür yetim qalan bağlara.
Çəkiləydi zirvələrdən dumanın,
Kaş dönəydik o bəxtəvər çağlara.
Araz boyu, bahar gülən bir ayda,
Millətimiz o tayda, həm bu tayda…
Sevinəydi aman Allah, bu çay da,
Baxıb, baxıb hələ canı sağlara.
Vahid, sözün ürəkləri dağladı,
Zəhər oldu ağzımızın bal dadı.
Allı-güllü Nüvədimiz dardadı.
Aman bahar, gəlmə bizsiz dağlara…
27.04.2019
Qalıb
Səndən xəbər gəldi, xəbərin olsun,
Dedilər, hələ də şaxlığın qalıb!
Bir az gözəlliyin, bir az təpərin,
Bir az da şənliyin, şuxluğun qalıb!
Hər səhər durursan Günəşdən qabaq,
Çörək bişirirsən dolu bir tabaq…
Baxışın od saçır, duruşun qıvraq,
Qırğı tək yerişin, şıxlığın qalıb.
Gəldi qulağıma mülayim bir səs,
Ürək o ürəkdi, həvəs o həvəs…
Bilmirsən, biz niyə bir olmadıq bəs?
İçimdə ünvansız yoxluğun qalıb!
28.04.2019
Olmadı
Keçdi ömrüm – günüm həsrət içində,
Həsrəti duymağa zaman olmadı.
Uçdu xəyalımda ağ qağayılar,
Yelkən tək əlimə qonan olmadı.
Dəlilər qəhr edər aqil düşmanı…
Ən böyük rəqibim yel dəyirmanı.
Baxdım, Don Kixotlar tutub dünyanı,
Dərdini, sərini qanan olmadı.
Dinim İslam dini, əqidəm Tohid,
Eşqimə Yer şahid, ulduzlar şahid…
Hamının halına yandım da, Vahid,
Heç mənim halıma yanan olmadı
30.04.2019
Düşür
Ağ bulud dolanır göyün üzündə,
Yaşıl çəmənlərə xəfif şeh düşür.
İncilər süzülür ağ bənizindən,
Əllər daraq olur, dildən eh düşür.
Axşamdan sabaha doğur arzular,
Nəğmə tək ürəyə yağır arzular…
Zülməti nur ilə boğur arzular,
Səhərin boynuna həzin meh düşür.
Vahidəm, aşıqin sayarsan məni,
Səsimdən, sədamdan duyarsan məni…
Öpüb, gözün üstə qoyarsan məni,
Vallah, bu sevgiyə belə beh düşür!
30.04.2019
Deyİr
Aşıq Haşıma
Ay aşıq, mollaya çox vermə fikir
Bunu Vahid sənə lap çoxdan deyir.
Molla da aşığa toxunmur daha,
Ona nə, ya vardan, ya yoxdan deyir.
Ədəbdə, ərkanda çıxarsan ad – san,
Səsinə, sözünə el olar heyran.
Amma aşıq da var, danışır hədyan,
Danadan, keçidən, toyuqdan deyir.
Bilirəm, yönümüz qışa sarıdır,
Odun yox, qaz gəlmir, ömür yarıdır…
Vahid də ustadır, söz xirdarıdır
Dilini saxlamır, bayaqdan deyir
01.05.2019
Məhərrəm kİşİ
Çəmənlinin ağsaqqalı Məhərrəm kişinin xatirəsinə…
«Ata ocağına canımız qurban!»
Bunu Ramiz dedi, Məhərrəm kişi.
Nizami yurdunda yandırır çıraq,
Bilir, çıraq nədi, Məhərrəm kişi.
Keçdiyin yollarda qalıbdır izin,
Dillərdə əzbərdir çox kəlmən, sözün…
El – oba yanında ağ oldu üzün,
Tutdun hər bir vədi, Məhərrəm kişi.
Haqqı danışmağı elədin peşə
Qoymadın adına bir kölgə düşə…
Öz səsin, öz sözün oldu həmişə,
Səsin də gur idi, Məhərrəm kişi.
Çox fitnə – fəsadlar olsa da eldə,
Gileyi – güzarı qalmadı dildə…
Yerin var, yurdun var neçə könüldə,
Olacaq əbədi, Məhərrəm kişi!
03.05.2019
Söhrab Tahİr
4 may unudulmaz şairimiz Söhrab Tahirin xatirə günüdür. Bu kədərli gündə şairimizlə bağlı bir xatirəmi
bölüşmək istəyirəm.
1969 – ci ilin qış ayları idi. Onda mən 7 – ci sinifdə oxuyurdum. Dərsin qızğın çağında, o zaman məktəbimizin direktor müavini olan Kamil müəllim dalımca uşaq göndərib, məni müəllimlər otağına çağırdı. Mən müəllimlər