Xaliq Azadi Məmmədov

Qəm yağışı


Скачать книгу

Son dəfə, deyəsən, uşaq bağçasına ilk ili gedəndə nəsə yazmışdım.

      Dərs qurtardı. Kitab dəftərlərimizi yığışdırdıq. İnqadan aldığım qələmi özünə

      qaytardım.

      – Sağ ol, İnqa. Köməyin dəydi, sənin qələmin olmasaydı batmışdım, necə ki, Bermud üçbucağında gəmilər batır! – deyə zarafat etdim.

      – İstəyirsən, gündə gəl qələmsiz, verərəm.

      – Yox, qələmin lazım deyil. Dosta, yoldaşa xeyir vermək istəyirsən, deyim neynəmək lazımdır?

      – Buna bax, "Stiven" in (müəllimin ləqəbi) cəngindən qurtarmışam, indi "sağ ol!" demək əvəzinə ilişir mənə.

      – Mən sənə "sağ ol" deyirəm, İnqa! Özü də, qələmi verdin-vermədin, fərqi yox. Sənin elə bir pərəstişkarın yoxdur ki, sənə mən dediyim qədər "sağ ol" desin!

      – Maraqlıdır, hansı xidmətimə görə?

      – Sonra deyəcəm. Hələ yetişməyib vaxtı. Amma, indi sözüm başqadır. Bax, xahişim budur, hansı auditoriyada dərs keçsək, sən məndən qabaq gəlsən, elə yerdə otur ki, arxa oturacaq boş olsun. Həmin oturacaqda, düz arxanda mənə yer saxla.

      – Yaxşı, bu nəyə görədir ki?

      – Saçlarına baxmaq mənə ləzzət verir.

      – Sən bura bilik qazanmağa gəlirsən, ya mənim saçlarıma baxmağa?

      – Bilirsən, son vaxtlar mən də tez-tez sual verirəm özümə: yorğun, axşam qaranlığı bu uzunluqda yolu məni bura gətirən birinci səbəb hansıdır, İnqanın saçları, yoxsa gələcəyin dumanlı müdir olmaq arzusu?

      – Və, əlbət də…

      – Əlbət də! Çox düz nəticə!

      Uşaqlardan biri qayıtdı ki,

      – İnqa, gör nə qədər çoxdur saçın, 5-10 sm kəs, ya, bir neçə tük saç qopart, ver, qoy assın sükanın üstündən.

      – Qoyardı qiymət kitabçasının arasına!

      – Doğrudan ha. Olardı talismanım!

      – Onda, day dərsə gəlməyəcək! Kim axşamlar bizi müftə dərsə gətirəcək, eləcə də, dərsdən aparacaq?

      Qəh-qəhə ilə çıxdıq çölə. Doluşduq avtobusa.

      Bir-iki gün gün keçdi. Söz-söhbət unuduldu (mən elə bilirdim!), hansısa auditoriyaya dərsə girdim. Yer tapıb oturmaq istəyirdim ki, İnqanı eşitdim:

      – Hara, Azad? Nə tez yaddan çıxartdın xahişini? Mən sənə arxada yer saxlamışam, buyur gəl, otur.

      İnqanın arxa tərəfi boş idi, keçdim ora.

      – Bu başqa məsələ! Belə olarsa, dərsə həvəs də olar adamda, – dedim, – bir də gördün əlaçı oldum!

      – Yaxşı, bəs sən tez gəlsən necə olacaq? – İnqa soruşdu.

      – Nə olar ki, həmin şey. Mən qabağımdakı yeri saxlayaram sənin üçün.

      Çox keçmədi ki, bu zarafat, bu hal adətə çevrildi. Tələbə yoldaşlar da qoşuldular bu işin icrasına. İnqa harada otursaydı, arxada bir yer boş saxlanılardı. Mən tez gəlsəydim, qabaqda boş yer gözləyəcəkdi İnqanı.

      3-cü hissə

      Bir axşam yenə dərsdən çıxıb avtobusa doluşduq, mən sükan arxasına, dostlar salona. Təzə yola düşmüşdük. Həmişəki tək, səs-küydən ağız deyəni qulaq eşitmirdi. İnqa sərnişinlərlə sürücü arasında olan şüşə arakəsməyə yaxınlaşdı. Pəncərəni açıb mənə bir şəkil uzatdı və astadan:

      – Al. Azad, belə şeyləri itirmək olmaz! – dedi.

      Aldım şəkili. Bu şəkil mənim ən böyük istəyim – arzum idi, bu şəkil ən böyük itgim idi. Neçə illərdir ki, bu şəkil döş cibimdə ürəyimin döyüntüsünə yoldaş olub. Mənimlə hərbi xidmət keçib. Sevincimin, məhəbbətimin yadigarıdır bu şəkil. Necə ola bilərdi ki, bu şəkili itirmişəm.

      İki gündən sonra institutda tənəffüs vaxtı yaxınlaşdım İnqaya:

      – İnqa, sağ ol şəkili qaytardığına görə! Amma, zəhmət olmasa, başa sal. Haradan tapdın bu şəkili?

      – Qarderobdan.

      – Axı, nə bildin ki, o şəkilin sahibi mənəm? Şəkilin arxasında heç nə yazılmayıb!

      – Dəfələrlə dərs vaxtı sənin bu şəkilə baxdığını görmüşəm. Sən məni bağışla, Azad, əgər bu şəkili sənin əlində görməyim, baxmağım etika dairəsindən qırağa çıxırsa.

      – İnqa, elə demə. Şəkildir, görmüsən, nə olar?

      Bir neçə gün keçmişdi aradan. Dərsin sonu idi. Çıxmaq istəyirdim ki, İnqa yavaşdan:

      – Azad, bircə dəqiqə gözlə, bir yerdə çıxaq!

      Mənə elə gəlirdi ki, İnqa məndən nəsə soruşmaq istəyir amma, nədənsə çəkinirdi. Axır özüm dedim:

      – Nəsə sözün var, İnqa?

      – Var. Amma, bilmirəm necə soruşum?

      – Soruş, necə bacarırsan. Sənin sualın məni incitməz.

      – İnciməyəcəksən?

      – Səndən necə incimək olar, İnqa!

      – Sənin saatlarla qəmli oturmağını hamı görür. O şəkil doğrudanmı sənə çox əzizdir? O şəkildirmi, daha doğrusu, şəkildəki insandırmı sənin hər dəqiqə köks ötürməyinə, uzun-uzadı kədərə bürünməyinə səbəb? Həsrətdirmi səni qəmləndirən? Sən o şəkilə baxanda ətrafı tam unudursan.

      – İnqa, insana öz əli, gözü, ürəyi necə qiymətlidirsə mənə də o şəkil bir elə qiymətlidir.

      Bu söhbətdən sonra mən İnqanın qəflətən dəyişdiyini, kədərləndiyini gördüm.

      Əfsuslar, mən İnqayla söhbətimdə dərdimi sonacan demədim ona. Şəkil sahibinə həsrətin əbədi olmağını, onu bir dəfəlik itirdiyimi demədim. Mən nədənsə, düşünmüşdüm ki, İnqa özü başa düşüb mənim şəkil sahibini bir yolluq itirdiyimi.

      İkinci səhvimsə İnqanın bir də təkrar dediyi bir cümlədən nəticə çıxara bilməməyim oldu.

      İnqanın dediyi cümlə bu idi:

      – Sən o şəkilə baxanda unudursan ətrafı.

      İnqa artıq sual vermədi. Ümumiyyətlə, İnqa artıq sual verməyi sevmirdi. Mənim yadıma gəlmir ki, İnqa o dövrdə, ya sonralar, hətta, bədbəxtliklər bir-birinin dalıyca onun başına töküləndə belə artıq sual versin. İllər keçəndən sonra onun bu xasiyyətinin səhv olduğunu gördüm. Əgər vaxtında ürəyindəki sualları ortaya qoya bilsəydi biz iki gənc insan arasında qaranlıqlar qalmayacaqdı, gələcək fəlakətlər yolumuza çıxmayacaqdılar.

      – İnqa sual etmədi, mənsə izah etmədim- belə səhv prinsiplə keçdi hər günümüz…

      Beləcə günlər keçirdi, İnqayla aramızda olan dostluq-yoldaşlıq münasibəti öz simasını dəyişərək ecazkarlıq gəzən gəncliyin tələblərinə uyğunlaşırdı. Artıq hər