Ələsgər Siyablı

Dünya tarixinin Turan Dövrü


Скачать книгу

bir subar mədəniyyətinə malik idilər. (A.Ungnad, 1936, Səh. 23)

      Sumer və subirlərin eyni kökdən olduqları fikrini müdafiə edən Emil Forrer subir dilini İkiçayarasının bir sumer dialekti kimi qəbul edir. (A.Ungnad. 1936, Səh. 230)

      Turan nəzəriyyəsinin ən böyük müdafiəçilərindən biri olan böyük fransız assuroloqu Fransua Lenorman yazırdı ki, mən Asiyanın doğusunda yaşayan insanları turanlılar, dillərini isə Turan dili adlandırmışam. Lenorman turanlıların ilkin vətəni haqqında “yüksəliş və təkrar dönüş” adlandıra biləcəyimiz bir nəzəriyyə irəli sürmüşdür. Həmin nəzəriyyəyə görə Altay dağları turanlılar üçün üzərinə qalxaraq yüksəlmək və yeni yerləşim məntəqəsini tapmaq üçün bir çıxış nöqtəsidir. Hər dəfə Altay dağlarında məskunlaşaraq artıb çoxalan, qüdrətli bir axına çevrilən turanlı türklər yenidən öz yurdlarını tərk edərək yer üzərinə yayılırlar və bu hadisə tarixin müxtəlif dövrlərində yenidən təkrarlanır. Lenormana görə Kastrenin irəli sürdüyü Altaylı adı turanlıları məhdud bir məkana bağladığından bu ad daha geniş mahiyyət daşıyan Turan adı ilə əvəz olunmalıdır. (F.Lenormant. 1875, Səh. 381)

      Turanlıların və türklərin aid edildikləri irq tiplərindən ən önəmlisi də, Aralıq dənizi irqidir. Aralıq dənizi irqinin sosial və fiziki təsvirini ilk dəfə 1851-ci ildə şotland antropoloqu Vilyam Rhipli vermişdir. Onun fikrincə Aralıq dənizi irqinə mənsub insanların qafatasları dolixokefal, gözləri badam formasında tünd qəhvəyi və ya qara, mülayim genişlikdə və ya uzunsov sifət, ensiz, nazik burun, tez bozlaşan qəhvəyi və ya qara saçlara malikdirlər. Onlar orta boylu bədən quruluşuna, dəriləri zeytun rəngində və tünd çalara malikdir.

      Aralıq dənizi irqinin ən böyük tədqiqatçılarından olan Amerikalı antropoloq, Harvard universitetinin professoru Karleton S.Kun bəşər irqlərinin tədqiqinə dair bir çox əsər nəşr etmişdir. Onun irəli sürdüyü konsepsiyaya görə yuxarı paleolit-mezolit dövründə Avropa əhalisi neandertal qarışığına malik Homo sapienslərdən ibarət olmuşdur. Lakin neolit dövründə onlar Şimali Afrikadan və Yaxın Şərq tərəfdən gələn aralıq dənizi tipinə aid insanların güclü axını ilə qarşılaşdılar. Bunun sonucu olaraq təmiz Aralıq dənizi tipi yalnız Avropanın güneyində qorunub saxlanmışdır. Avropanın mərkəzində isə bu qarışım nəticəsində yeni bir insan tipi irqi olan Alp irqi meydana çıxdı. K.Kun türkləri və Sumerləri dolixokefal qafatasına malik tip olaraq Aralıq dənizi irqinə aid edirdi.

      Sumerlərin ilk sülalə dövrünə aid arxaik tanrı heykəlləri sıx saqqallı, düz burunlu, saçları düz və ya dalğavari şəkildə təsvir olunmuşdur.

      Onun fikrinə görə Avropaya zəngin çəmənlik və bərəkətli çöllər axtarışı ilə gəlib yerləşən insanlar nə sumerlilər, nə də babillilər deyildilər, lakin onlara qohum olan bu xalqların köçləri mədəniyyətəqədərki metal dövründə baş vermiş və Mesopotamiyanın mədəni təsirinə məruz qalmışdılar. Oksus və Yaksart ətrafı əraziləri əhatə edən mərkəzdən bir neçə istiqamətdə köç dalğası baş vermişdir. Arilər gəlmədən öncə İran yaylasının əhalisi uzun başlı dolixokefal idilər. (Coon C.S. 1939, Səh. 91)

      Ural yaylasında yaşayan fin-uqor xalqları türklərlə birlikdə Altay dil ailəsinə mənsub olub ural və sumer dilləri ilə qohumluq əlaqəsinə malik olmuşlar. Altaylılar ağ rəngdə və avropoid idilər. Hunların Avropaya gedən hissəsi də ağ rəngli avropoidlər idilər. Türklər tarixən əsasən ağ dərili avropoid altaylılardan ibarət idilər. Onların az bir hissəsi monqoloidlərlə qarışmışdılar. Türkmənlər, azərbaycanlılar, osmanlı türkləri, səlçuklular ağ rəngli evropoidlər olub əsl türklərdirlər və onlar heç bir zaman monqoloid qarışığına malik olmamışlar. Sibirdə yaşayan monqollar, tunquslar daha sonrakı dövrlərdə Monqolustandan və Altaydan gələrək burda türklərlə qaynayıb qarışmışlar. (Coon C. S, 1939, Səh. 239)

      Azərbaycan türklərini, türkmənləri Aralıq dənizi irqinə aid edən K.Kun fikrini geniş şəkildə izah edərək yazırdı: “Xəzər dənizinin şərqində və Aral dənizinin cənubunda yaşayan türkmənlər Orta Asiyada Aralıq dənizi irqinin davamçılarıdırlar. Türkmənlər əsas etibarı ilə dolixokefaldırlar.

      Türkmənlərə ən yaxın qohum xalq olan Qafqazda və İranın böyük ərazisində məskunlaşmış azərbaycan türkləri monqoloidliyə daha az məruz qalmışlar. Azərbaycanlıların böyük hissəsi türkmənlərlə eynidirlər, az bir hissəsi yerli qafqazlılarla qaynayıb qarışmışlar. Azərbaycanlıların böyük hissəsi uzun qafalı dolixokefaldırlar, az hissəsi monqoloidlərlə qarışmış broxikefal tipinə mənsubdurlar”. (Coon C. S. 1939, Sh. 422, 424)

      Karleton Kun Aralıq dənizi tipinə aid etdiyi Sumerlərdən fərqli olaraq bu ərazidə “Armenoid” adlandırdığı subbraxikefal tipinə mənsub kəllə sümüklərinin də aşkar olunduğunu yazır. Yumrubaşlıqları ilə seçilən və “armanoid” adlandrılan bu tip III minillikdən etibarən bölgədə görünməyə başlayıb azlıq təşkil edirlər. (Coon C. S. 1939, Səh. 89)

      Yüz illər ərzində yaşadıqları ərazilərin coğrafi iqlim şəraitinin təsiri ilə bəzən fərqli fiziki xüsusiyyətlərə malik olan, lakin eyni dildə danışıb ümumi etnik kökə bağlı olan Ön Türklər antropoloji əlamətlərinə görə müxtəlif irqi tiplərə aid edilirdilər.

      III fəsil

      Tur, Turan, Türk adları və onların mənası haqqında

      Tur, Turan və Türk adlarının etimologiyası uzun illər ərzində bilim adamları arasında müəyyən mübahisə və müzakirələrə səbəb olmuş və onların mənasının izahı ilə əlaqədar bəzən bir birini təkzib edən çoxsaylı şərhlər irəli sürülmüşdür.

      Rəsmi tarixşünaslıqda Turan adının mənşəyi və bu eponimin etimalogiyası yalnız Avestaya, Şahnaməyə və yenə də fars dilli “Xudaynamə”yə əsaslanaraq izah edilir.

      Avesta ənənəsinə görə indiki İranın şimal şərqindən yuxarıda yerləşən bölgə Turan adlanırdı. Bu adın Avestadakı “Tuiriyanam Dahyunam” sözündən yarandığı və mənasının köçəri iranlı tayfalarını nəzərdə tutan “turların ölkəsi“ olduğu haqqında fərziyyələr irəli sürülmüşdür. Bu fərziyyələrə görə Sonrakı dövrlərdə bu söz “tura” və “Turan” forması alaraq turların ölkəsi anlamı daşımışdır.

      Turan ölkəsinə öz adını vermiş olan turlar haqqında ən erkən yazılı məlumat e.q. VI əsrə aid edilən Kiçik Avesta mətnləri hesab olunur. Köçəri heyvandarlıq təsərrüfatı ilə məşğul olan Turan tayfaları ilə oturaq həyat sürən İran arasındakı yüzilliklər boyu davam edən qarşıdurma ilk olaraq məhz Avestada təsvir olunmuşdur.

      Turan və Tur adının etimalogiyasının iran dilləri əsasında izahına qarşı 1875-ci ildə ilk çıxış edən böyük assuroloq Y.Oppert olmuşdur. Qədim mixi yazı mətnlərindəki elmi linqvistik dəlilləri əsaslanan Oppert Turan nəzəriyyəsinin banilərindən və sona qədər başlıca müdafiəçilərindən biri olmuşdur. O Turan adını və turanlıların etnik kökünü ari və iranlı mənşəyə bağlayan avrosentrist nəzəriyyəni puça çıxaran elmi fikirlərin müəllifidir. Avestanı, sanskrit mətnlərini və Firdovsinin “Şahnamə“ dastanını əsas qaynaq kimi qəbul edən Turan nəzəriyyəsi əleyhdarları araşdrıcılar Tur və Turan adının Avestadakı və sanskrit mətnlərindəki “turiya“ sözündən yarandığını iddia edirdilər.