yeri təklif etmişdi. Elə günü sabah onu axtarıb tapacaq və bu işə götürülməsini ondan xahiş edəcək. O, adam olmaq istəyir. O…
Sopi kiminsə əlini çiynində hiss etdi. Tələsik nəzər saldığı zaman qarşısında polisin enli sifətini gördü.
– Burada nə edirsiniz? – polis soruşdu.
– Heç nə, – Sopi cavab verdi.
– Onda gedək, – deyə polis Sopinin boynunun ardından tutub itələdi.
– Üç aylığa Adaya, – ertəsi gün hakim belə bir qərar çıxardı.
YALANÇI PARILTI
Mister Tauers Çendler otağında bayırlıq kostyumunu ütüləyirdi. Ütünün birini qızmaq üçün qaz pilətəsinin üstünə qoymuşdu, o birini isə səylə irəli-geri itələyərək istədiyi qatı almağa çalışırdı; bir azdan onun laklı çəkmə- lərindən ta jiletinin ensiz yarığının uclarınadək ox kimi necə dümdüz uzandığını görmək olacaqdı. Bizim qəhrəmanın geyimi barədə söylədiklərimiz elə bunlardan ibarətdir. Qalanlarını isə qoy alicənab səfalətin rəzil kə- ləkbazlığa vadar etdiyi şəxslərin özləri tapsınlar. Biz mister Çendleri ucuz mebelli otaqların pilləkənləri ilə endiyi zaman yenidən görəcəyik; səliqəli geyinmiş, özündənrazı, yaraşıqlı, zahiri görünüşcə tipik nyu-yorklu klub adamı – bir qədər darıxdırıcı görkəmi ilə əyləncə gecələrinə tələsən əyyaş.
Çendler həftəyə on səkkiz dollar alırdı. O, bir memarın kontorunda işləyirdi. İyirmi iki yaşı vardı. Arxitekturanı əsl incəsənət hesab edir və səmimi-qəlbdən inanırdı ki – amma bu barədə Nyu-Yorkda bəyanat verməyə risk etmirdi – məşhur “Ütü” göydələni23 öz memarlıq üslubu ilə Milan kilsəsindən24 geri qalır.
Çendler hər həftə maaşından bir dollar qırağa qoyurdu. Hər onuncu həftənin axırı bu üsulla topladığı kapitala simic Zaman Atanın dükanından bir axşam qopararaq əsl centlmen kimi əylənə bilirdi.
Özünü milyonerlərə və krallara xas reqaliyalarla25 bəzəyər, şəhərin reklam və vitrinlərinin daha gur işıq saçdığı hissəsinə gedər, ləzzət və təmtəraqla nahar edərdi. Cibindəki on dolların hesabına bir neçə saat varlı avara rolunu məharətlə oynamaq mümkün idi. Bu məbləğ yaxşı nahara, münasib etiketli bir şüşə çaxıra, çaypuluna, siqara, faytona və s.-yə kifayət edirdi. Yetmiş cansıxıcı axşamın hesabına əmələ gələn bu nəşəverici axşam vaxtaşırı doğulan səadətin əsasını təşkil edirdi.
Qızların cəmiyyət içinə ilk addımı yalnız bir dəfə olur; saçları ağaranda da həmin an onun yaddaşında xoşbəxt və təkrarolunmaz bir hadisə kimi yaşayır. Çendler də hər on həftədən bir bu axşamdan ilk dəfə olduğu kimi böyük ləzzət alırdı: palma ağaclarının altında kef əhlinin əhatəsində oturub bu cənnətin sakinlərini seyr eləmək və onların baxışlarını öz üzərində hiss etmək, qat-qat paltarlı gənc debütant qızın ilk valsına dəvət almaq… Bütün bunlar müqayisəedilməz idi.
Çendler Brodvey səyyar ziyafət paltarları sərgisinin tamhüquqlu iştirakçısı kimi addımlayırdı. Bu axşam o, təkcə tamaşaçı yox, həm də ekspert idi. Növbəti altmış doqquz günü o, köhnə kostyum geyinəcək, təsadüfi barların piştaxtası arxasında mənşəyi bəlli olmayan ümumi süfrə yeməkləriylə, öz otağında isə buterbrodlarla və pivə ilə qidalanacaqdı. Lakin bu onu təşvişə salmırdı. Axı o, nəhəng zahiri parıltılı şəhərin əsl oğlu idi və Brodvey fənərlərinin işıqlandırdığı bir axşam onun qüssə içində keçirdiyi çoxsaylı axşamların yerini doldururdu.
O elə hey addımlayırdı. Budur, artıq qırxıncı küçə həzzə aparan yolun işıqları ilə kəsişməyə başladı; hələ tez idi, amma insan yüksək cəmiyyətlə yetmiş gün ərzində cəmi bir dəfə ünsiyyətə girirsə, o zaman bu ləzzətin ömrünü uzatmaq istəyir. Parlaq, qaşqabaqlı, maraq dolu, məftun, meydan oxuyan, cəzbedici baxışlar ona dikilmişdi, çünki geyimi və görkəmi onun fərəhli və həzz dolu saatların pərəstişkarı olduğunu təsdiq edirdi.
Tinlərin birində dayanıb düşünürdü ki, bəlkə, artıq geriyə qayıtmağın, bədxərc vaxtlarında nahar etdiyi dəbdə olan təmtəraqlı restoranlardan birinə getməyin vaxtı çatıb? Elə bu an sürətlə tini burulmaq istəyən bir qız buzda sürüşərək şappıltı ilə səkinin üstünə yıxıldı. Çendler dərhal nəzakətlə ona qalxmağa kömək etdi. Qız axsaya-axsaya yaxınlaşıb divara söykəndi və utana-utana Çendlerə minnətdarlığını bildirdi.
– Deyəsən, ayağımı zədələmişəm, – qız ayağının burxulduğunu hiss edib dedi.
– Çox ağrıdır? – Çendler soruşdu.
– Yalnız ayağımı yerə bərk basanda. Məncə, bir neçə dəqiqədən sonra yeriyə bilərəm.
– Mən sizə kömək edə bilərəmmi? – gənc oğlan təklif etdi, – istəyirsinizsə, fayton çağırım, ya da…
– Təşəkkür edirəm, – qız astadan, amma minnətdarlıq hissi ilə söylədi. – Düz sözümdür, narahat olmağa dəyməz. Necə oldu axı yıxıldım?! Deyəsən, ayaqqabımın dabanları boş imiş.
Çendler qıza baxdığı zaman ona olan marağının sürətlə artdığına əmin oldu. Qız zərif və qəşəng idi, şux və mehriban baxışları vardı. Əynindəki qara rəngli sadə donu satıcıların geyindiyi paltara bənzəyirdi. Yeganə bəzəyi məxmər lent olan ucuz həsir şlyapasının altından parlaq, tünd-şabalıdı saçları görünürdü. Ona baxmaqla əsl zəhmətkeş bir qızın portretini çəkmək olardı.
Birdən gənc memarın ağlına yeni fikir gəldi. O, qızı nahara dəvət edəcəkdi. Onun təmtəraqlı, lakin tənha ziyafətində məhz bu çatışmırdı. Qısamüddətli gözəl məclisi qadınla birlikdə keçirə bilsə, bunun ləzzəti ikiqat artıq olardı. O, qarşısındakı qızın nəcibliyinə qətiyyən şübhə etmirdi – danışığı və ədası bunu təsdiqləyirdi. Sadə geyiminə baxmayaraq, gənc hiss edirdi ki, onunla bir masa arxasında oturmaq xoşuna gələcək. Bu fikirlər ağlına batdığı üçün o, qəti qərar qəbul elədi. Bəlkə də, o, ədəb qaydalarını pozdu, amma öz zəhməti hesabına yaşayan qızlar belə vəziyyətlərdə nadir hallarda rəsmiyyətə üstünlük verirlər. On dolları ağıllı-başlı xərcləyə bilsə, ikilikdə gözəl nahar edə bilərlər. Qızın boz həyatında bu naharın necə gözəl bir hadisə olacağını təsəvvür etmək çətin deyildi; qızın əsl heyranlığı sayəsində onun qələbəsi və aldığı həzz daha şirin olacaqdı.
– Fikrimcə, – o, ciddi şəkildə dedi, – ayaqlarınızın dincəlməsi üçün hesab etdiyinizdən daha artıq vaxt tələb olunur. Mən sizə kömək etmək istəyirəm, eyni zamanda mənə də lütfkarlıq etmiş olacaqsınız. Siz tindən çıxdığınız vaxt mən kədərli tənhalıqla baş-başa nahar etməyə hazırlaşırdım. Gedək, rahat bir şəraitdə oturarıq, nahar edərik, söhbətləşərik. Bu müddət ərzində ayağınızın ağrısı da azalar və əminəm ki, evə asanlıqla gedib çıxacaqsınız.
Qız Çendlerin xoşagələn və aydın sifətinə ötəri nəzər saldı, gözləri alışıb-yandı və mehribancasına gülümsədi.
– Amma