Антон Чехов

Hekayələr


Скачать книгу

məlun yəhudi hətta ən şən havaları belə çox yanıqlı çalmağa çalışırdı. Yakov heç bir səbəb olmadan yavaş-yavaş yəhudilərə, xüsusilə Rotşildə nifrət və kin bəsləməyə başladı. Hər şeyi söz eləyir, Rotşildi pis-pis söyürdü. Hətta bir dəfə onu döymək də istəmişdi… Rotşild də incimiş, qəzəblə ona baxaraq demişdi:

      – Əgər istedadınıza hörmət etməsəydim, sizi çoxdan bu pəncərədən bayıra atmışdım.

      Sonra da ağlamışdı. Buna görə Bronzanı orkestrə gec-gec, lap çarəsiz qalanda, yəhudilərdən biri çatmayanda çağırırdılar.

      Yakovun ovqatı həmişə təlx idi, çünki həmişə zərərləri haqqında düşünürdü. Məsələn, bazar və bayram günlərində işləmək günahdır, bazar ertəsi – ağır gündür; beləliklə, o, istər-istəməz ildə üst-üstə iki yüz gün heç bir iş görmürdü. Gör bu nə boyda zərərdir! Əgər şəhərdə biri musiqisiz toy edərdisə, ya da Şaxkes Yakovu çağırmazdısa, bu da bir zərər! Polis nəzarətçisi iki il idi ki, xəstə idi və getdikcə zəifləyirdi. Yakov onun ölümünü səbirsizliklə gözləyirdi. Lakin nəzarətçi müalicə üçün quberniya şəhərinə getdi, işə bax ki, elə orada da öldü. Buyurun, bu da bir zərər, özü də azından on manat! Çünki onun tabutunu bahalı ipək parçaya tutmaq lazım idi. Bu zərərlərin fikri xüsusilə, gecələr Yakovu çox narahat edirdi; skripkanı yatağa, öz yanına qoyur, xəyalat onu basanda simini dartır, skripka qaranlıqda səslənirdi. Bundan da o, bir yüngüllük hiss edirdi.

      Keçən il mayın altısında Marfa birdən-birə xəstələndi. Qarı ağır nəfəs alır, çoxlu su içir və səndələyirdi. Buna baxmayaraq, səhər yenə sobanı özü yandırdı, hətta suya da getdi. Axşamüstü yenə yatağa düşdü. Yakov bütün günü skripka çaldı. Hava qaraldıqda hər gün zərərlərini qeyd etdiyi dəftərini götürdü, darıxdığından illik zərərə yekun vurmağa başladı. Min manatdan çox çıxdı. Bu, onu elə sarsıtdı ki, sayğacı yerə çırpıb tapdaladı. Sonra yenə qaldırdı, onu xeyli şaqqıldatdı və dərindən ah çəkdi. Sifəti qızarmış və tərdən islanmışdı. O fikirləşirdi ki, əlindən çıxmış bu pulu banka qoysaydı, ildə üstünə azı qırx manat faiz gələrdi. Demək, buradan da ona qırx manat zərər dəyirdi. Bir sözlə, hara baxsa, zərərdən başqa bir şey görmürdü.

      Birdən Marfa onu çağırdı:

      – Yakov! Mən ölürəm!

      O, arvadına baxdı. Marfanın üzü hərarətdən çəhrayı rəng almışdı. Eyni zamanda çox aydın və fərəhli idi. Arvadının üzünü həmişə solğun və qəmli görməyə alışmış Bronza özünü itirdi. Elə bil, arvad, doğrudan da, ölürdü və sevinirdi ki, nəhayət, həmişəlik olaraq bu daxmanın, tabutların və Yakovun əlindən canını qurtarır… Gözlərini tavana zilləmişdi, dodaqları tərpənirdi, sifətində xoşbəxtlik ifadəsi vardı, elə bil ki, xilaskarı olan ölümü görür və onunla pıçıldaşırdı.

      Səhər açılır, pəncərədən dan yerinin söküldüyü görünürdü. Yakov qarıya baxarkən yadına, nədənsə, bəzi şeylər düşdü: bütün ömrü boyu bir dəfə də olsun, ona mehribanlıq eləməmişdi, ona acımamışdı, bir dəfə də olsun, ona yaylıq almaq, yaxud toydan ona şirin bir şey gətirmək ağlına gəlməmişdi, əksinə, ancaq üstünə çığırmış, zərərlərinə görə onu söymüş, yumruqla üstünə cummuşdu. Doğrudur, onu heç vaxt döyməmişdi, lakin qorxutmuşdu, o da hər dəfə qorxudan yerində quruyub qalmışdı. Bəli, ona tapşırmışdı ki, çay içməsin, çünki onsuz da xərc çox idi. O da ancaq isti su içirdi. Bronza başa düşürdü ki, nə üçün indi arvadının üzü belə qəribə və fərəhlidir. Onu qorxu bürüdü.

      Səhər açılandan sonra qonşusundan at arabası alıb Marfanı xəstəxanaya apardı. Orada xəstə az idi. Ona görə də çox yox, ancaq üçcə saat gözləməli oldu. Bu dəfə xəstələri həkim özü deyil, feldşer Maksim Nikolaiç qəbul edirdi. Yakov buna çox sevindi. Həkim xəstə idi. Şəhərdə hamı qoca Maksim Nikolaiç haqqında deyirdi ki, doğrudur, o içəndir, dalaşqandır, ancaq həkimdən çox bilir.

      Yakov qarını qəbul otağına gətirdi.

      – Salam, – dedi. – Bağışlayın, Maksim Nikolaiç, sizi boş-boş işlərlə həmişə narahat edirik. Özünüz görürsünüz ki, mənim bu övrətim, necə deyərlər, mənim rəfiqəm, belə dediyim üçün üzr istəyirəm, xəstələnmişdir…

      Feldşer çal qaşlarını çatdı. Bakenbardlarını tumarlaya-tumarlaya qarını nəzərdən keçirməyə başladı; arıq, sivriburunlu, ağzı açıla qalmış qarı kətilin üstündə oturub belini bükmüşdü, o, yan tərəfdən su içmək istəyən quşa oxşayırdı.

      Feldşer ağır-ağır:

      – Hm… Belə… – deyərək köksünü ötürdü. – İnfluentsadır, bəlkə də, isitmədir. İndi şəhərdə yatalaq da var. Hə, neyləyək? Şükür Allaha, qarı dövranını sürüb… Neçə yaşı var?

      – Yetmişinə bir il qalıb, Maksim Nikolaiç.

      – Neyləyək? Dövranını sürüb…

      Yakov nəzakət xatirinə gülümsədi:

      – Maksim Nikolaiç, cənabınız, əlbəttə, doğru buyurur. Xoş rəftarınıza görə sizə çox minnətdarıq! Ancaq icazə verin deyim ki, nəinki insan, hətta hər bir həşərat da yaşamaq istəyir.

      – Çox da ki istəyir! – Feldşer bu sözü elə tərzdə dedi ki, sanki, qarının yaşaması, ya ölməsi ondan asılı idi. – Belə, əzizim, alnına soyuq kompres qoyarsan, bu dərman tozundan da gündə iki dəfə ona verərsən. Hə, xudahafiz, bonjur3.

      Yakov feldşerin üzündəki ifadədən gördü ki, iş xarabdır, heç bir dərman tozu da kömək etməyəcək. İndi onun üçün aydın idi ki, Marfa tezliklə, bu gün də olmasa, sabah öləcək. O, yavaşca feldşerin dirsəyinə toxundu, göz vurdu və astadan dedi:

      – Maksim Nikolaiç, ona küpə qoymaq lazımdır.

      – Əzizim, vaxtım yoxdur, vaxtım yoxdur. Sən Allah, qarını da götürüb get. Xudahafiz.

      Yakov yalvarmağa başladı:

      – Bizə yazığınız gəlsin! Özünüz bilirsiniz ki, əgər onun, fərz eləyək, qarnı ağrısa, ya başqa bir xəstəliyi olsa, onda dərman tozu və damcı dərman kömək edər, axı ona soyuq dəyib. Soyuq dəyəndə birinci, gərək, qan alasan, Maksim Nikolaiç!

      Feldşer başqa xəstəni çağırmışdı. Qəbul otağına qoca arvadla bir oğlan uşağı girdi.

      Feldşer qaşqabağını tökərək dedi:

      – Get, get!… Özündən hoqqa çıxarma!

      – Onda, heç olmasa, zəli qoyun! Qoy həmişə sizə duaçı olsun.

      Feldşer özündən çıxıb qışqırdı:

      – Bir də ağzını açsan!.. Səfeh…

      Yakov da hirsləndi, qıpqırmızı qızardı. Ancaq bir söz demədi, Marfanın qoluna girib qəbul otağından çıxartdı. Ancaq arabaya minəndə xəstəxanaya acıqlı-acıqlı və istehza ilə baxaraq dedi:

      – Sizin kimi bic-haramzadaları qoyublar ora! Dövlətli adam olsaydı, küpə qoyardın, kasıb üçün bir zəliyə də heyfin gəldi. Əclaflar!

      Evə