kənar bir adam olanda vur-çatlasın başlardı. Bu cür həyat, yəqin ki, onu bezikdirmişdi, özünəməxsus bir bucaq axtarırdı. Bir də, yaşı nəzərə almaq lazımdır; belə bir vəziyyətdə adaxlı seçməyə vaxt yoxdur, adam hər kəsə olsa, hətta yunan dili müəlliminə belə ərə gedər. Bir də, bizim qızlarımızın çoxu istəyirlər ki, kimə olursa olsun, təki ərə getsinlər. Hər halda, nə cür oldusa, Varenka bizim Belikova açıq-aşkar meyil göstərməyə başladı.
Bəs Belikov? O, bizə gəldiyi kimi Kovalenkogilə də gedirdi. Onlara da gedər oturar və danışmazdı. O, sükut içində oturur, Varenka isə “Viyut vitri” romansını oxuyur, ya qara gözlərilə dalğın-dalğın ona baxır, ya da ki birdən qəhqəhə çəkib gülürdü.
Məhəbbət aləmində, xüsusən evlənməkdə təlqin böyük rol oynayır. Hamı – yoldaşları da, xanımlar da Belikovu inandırmağa başladılar ki, o mütləq evlənməlidir, həyatda ona evlənməkdən başqa heç bir şey qalmamışdır. Biz hamımız onu təbrik edirdik, üzümüzü ciddiləşdirərək cürbəcür cəfəngiyyat söyləyirdik, guya, evlənmə həyatda ən ciddi addımdır; bundan başqa, Varenka da pis qız deyildi, yaraşıqlı idi, mülki müşavirin qızı idi və özünün xutoru vardı, ən başlıcası da o idi ki, bu qadın Belikova nəvazişli, səmimi münasibət bəsləyən birinci qadındı. Odur ki Belikovun ağlı başından çıxdı və doğrudan da, evlənmək fikrinə düşdü.
İvan İvanıç dedi:
– Bax belə bir vaxtda qaloşla çətiri onun əlindən almaq lazım idi.
– Təsəvvür edin ki, mümkün olmadı. O, Varenkanın şəklini stolun üstünə qoymuşdu və hey mənim yanıma gəlib, Varenkadan, ailə həyatından və evlənməyin ciddi bir addım olduğundan söhbət açırdı, tez-tez Kovalenkogilə gedirdi, ancaq həyat tərzini heç dəyişmirdi. Hətta, əksinə, evlənmək qərarı ilə onda xəstəlik əlamətləri baş qaldırdı: arıqladı, rəngi solğunlaşdı və daha dərindən öz qılafına girdi.
O, zəif, çəpəki bir təbəssümlə gülərək mənə deyirdi:
– Varvara Savviçna mənim xoşuma gəlir, orasını da bilirəm ki, evlənmək hər adama vacibdir, ancaq… Bilirsiniz, bu vəziyyət birdən-birə baş verdi… Bir az düşünmək lazımdır.
Mən ona:
– Düşünmək nə üçün? – deyirdim. – Evlənin, qurtarsın getsin.
– Yox, evlənmək ciddi addımdır, əvvəlcə işin mahiyyətini və gələcəyini götür-qoy eləmək lazımdır… yoxsa əngəl çıxar. Bu məsələ məni o qədər narahat edir ki, gecələr səhərə kimi yata bilmirəm. Sözün düzü, bir az ehtiyat edirəm. Varenka ilə qardaşının təfəkkür tərzi qəribədir, onlar, bilirsinizmi, qəribə mühakimələr yürüdürlər, xasiyyətləri də çox ötkəmdir. Adam evlənməyinə evlənər, ancaq qorxuram ki, sabahı bir xata çıxar.
Odur ki evlənmək üçün qıza təklif etmir və məsələni hey təxirə salırdı. Bu hal direktorun arvadının və bütün bizim xanımlarımızın böyük təəssüfünə səbəb olurdu. Belikov qarşıdakı vəzifələri, məsuliyyəti götür-qoy eləyir və buna baxmayaraq, hər gün Varenka ilə gəzirdi. Sonra o, yenə ailə həyatından söhbət etmək üçün mənim yanıma gəlirdi. Çox ehtimal ki, axırda evlənməyi təklif edəcəkdi və bizlərdə can sıxıntısından və bekarçılıqdan baş verən minlərcə gərəksiz, sarsaq izdivacdan biri də baş verəcəkdi. Ancaq birdən-birə kolossalische scandal9 baş verdi. Burasını da qeyd etməliyəm ki, Varenkanın qardaşı Kovalenkonun tanışlığının ilk günündən Belikovdan zəhləsi gedirdi və onu görən gözü yox idi.
Kovalenko çiyinlərini çəkərək bizə deyirdi:
– Anlamıram, baş açmıram ki, siz belə çuğulçu, üz-gözündən zəhrimar tökülən adamla necə oturub-durursunuz? Eh, ağalar, siz belə yerdə necə yaşayırsınız? Sizin buradakı mühitiniz boğucudur, olduqca iyrəncdir. Siz məgər pedaqoqsunuz, müəllimsiniz? Siz rütbə dalınca qaçanlardansınız, məktəbiniz elm ocağı deyil, ədəb, namus divanxanasıdır və polis köşkü kimi turşumuş iy verir. Yox, əzizlərim, sizinlə bir qədər də yaşayıb öz xutoruma gedəcəyəm, orada xərçəng tutmaq və kəndli balalarına dərs vermək min dəfə bundan yaxşıdır. Mən çıxıb gedirəm. Siz isə öz İudanızla yaşayın, cəhənnəm olsun.
Ya da gözündən yaş gələnəcən gülür və qollarını ölçərək məndən soruşurdu:
– O, nə üçün gəlib mənim evimdə oturur axı? Ona nə lazımdır? Elə hey, oturur, baxır.
Kovalenko, hətta Belikova ləqəb də qoymuşdu, ona “Kirpi-biçim” deyirdi. Məlum şeydi ki, bunun üstündən biz ona bacısı Varenkanın “Kirpi-biçim”ə ərə getməyə hazırlaşdığını deməkdən çəkinirdik. Bir dəfə direktorun arvadı ona işarə etmişdi ki, bacısını Belikov kimi ləyaqətli, hər kəsin hörmətini qazanmış bir adama ərə versəydik, yaxşı iş görmüş olardıq. O bu məsləhətdən bərk pərt olub donquldanmışdı:
– Mənə nə. İstər lap ilana ərə getsin, mən özgənin işinə qarışmağı sevmirəm.
İndi qulaq asın, görün sonra nə oldu! Dələduzun biri karikatura çəkmişdi. Belikov, ayağında qaloş, şalvarının balağı çırmanmış, çətir altında Varenka ilə qol-qola gedir; karikaturanın altında “Aşiq Antropos” sözü yazılmışdı. Bilirsinizmi, nə qəribə oxşatmışdılar! Rəssam, yəqin, şəklin üzərində bir neçə gecə çalışmışdı; çünki bütün oğlan və qız gimnaziyalarının müəllimləri, məmurları – hamısı bu karikaturadan bir nüsxə almışdılar. Hətta Belikov özü də almışdı. Karikatura onda son dərəcə ağır təsir buraxmışdı.
Bir dəfə mayın birində, bazar günü, hamımız – müəllimlər də, gimnazistlər də gimnaziya binasına toplaşıb piyada şəhər kənarındakı balaca meşəyə getməyi qərara almışdıq. Belikov ilə bir yerdə ora getmək üçün evdən çıxdıq. Onun rəngi gömgöy göyərmişdi, qaşqabağı yerlə sürünürdü. O:
– Dünyada nə qədər pis, nə qədər yaramaz adamlar varmış, – dedi və dodaqları əsdi.
Mənim hətta ona yazığım gəldi. Gedirdik, bir də nə gördük! Kovalenko velosipedlə bizə yaxınlaşır, onun ardınca gələn yanaqları alma kimi qızarmış, şən və fərəhli Varenka da velosipedə minmişdi.
Varenka bağırdı:
– Biz irəli gedirik! Belə də gözəl hava olar? Gör nə qiyamət havadır.
Sonra hər ikisi gözdən itdi. Belikovun göyərmiş rəngi birdən-birə ağardı və o, sanki, yerində donub qaldı… Ayaq saxlayıb mənə baxdı.
– Bağışlayın, bu nə olan şeydir? – deyə məndən soruşdu. – Bəlkə, mənim gözüm yanlış görür? Gimnaziya müəllimlərinə və qadınlara velosipeddə gəzmək eyib deyilmi?
Mən:
– Eyib niyə olsun? – deyə cavab verdim. – Qoy gəzib kef eləsinlər.
O, mənim sakitliyimə heyrət edərək çığırdı:
– Necə eyib deyil? Nə danışırsınız?
O bu hadisədən o qədər sarsıldı ki, yoluna davam etmək istəməyib evinə qayıtdı.
Ertəsi gün hey əllərini əsəbiliklə ovuşdurur və diksinirdi, əhvalının