Stepan fikirli halda qaranlıq pəncərəyə baxırdı. Artıq içkidən ayılmışdı.
– Silahın yoxdur? – sahə müvəkkili başını protokoldan qaldıraraq soruşdu.
– Həyatım boyu özümlə murdar şeylər gəzdirməmişəm.
– Yolda nə ilə qidalanırdın?
– O biri iki nəfər ehtiyat götürmüşdü…
– Onların neçə ili qalırdı?
– Çox…
– Onların qaçmağının, heç olmasa, mənası var idi. Bəs səni hansı şeytan yoldan çıxartdı?
– Yaxşı, zəhləmi tökmə! – Stepan əsəbiləşdi. – Öz işini gör, mən ki sənə mane olmuram.
Sahə müvəkkili başını bulayıb yenə kağıza tərəf əyildi:
– Düzünü deyim ki, mənə zəng vurulanda inanmadım ki, belə şey ola bilər, yer üzündə belə bir axmaq da tapılar. Sən demə, düz imiş…
Stepan pəncərəyə baxırdı, sakitcə fikrə dalmışdı.
– Yəqin, səninlə qaçan o iki nəfər də sənin bu hərəkətinə o ki var gülüb? – danışqan milis özünü saxlaya bilməyib yenə soruşdu.
Stepan onu eşitmirdi.
Milis onu maraqla, uzun-uzadı süzüb dedi:
– Amma üzünə baxan deməz ki, sən dəlisən, – və protokolu düzüb-qoşmağa davam etdi.
Bu zaman lal kənd sovetinə daxil oldu. Qapının kandarında durub həyəcan dolu gözləriylə gah milis işçisinə, gah da qardaşına baxdı…
– Me-mm?.. – deyə qardaşından nə baş verdiyini soruşdu.
Stepan özünü itirdi:
– Sən niyə burdasan?
– Me-mm?! – qız milisi göstərərək mızıldadı.
– Olmaya, bacındır? – milis soruşdu.
– Tutaq ki,…
Lal masaya yaxınlaşdı, sahə müvəkkilinin çiyninə toxunaraq qardaşını göstərib əliylə sualını başa saldı: “Sən onu nə üçün apardın?”
Sahə müvəkkili onu anladı.
– O, – Stepanı göstərib dedi, – həbsxanadan qaçıb! Qaçıb! Bax belə! – Sahə müvəkkili pəncərəni göstərib necə qaçdığını başa saldı. – Normal adamlar qapıdan çıxırlar, qapıdan… O isə pəncərəyə çıxıb və əkilib. İndi o… – Milis barmaqlarını bir-birinin üstünə qəfəs şəklində qoyub Stepanı lal qıza göstərdi. – İndi onu yenə bax bu gözləyir. İki! – O, iki barmağını aralayıb təntənə ilə silkələdi. – Daha iki il!
Lal başa düşdü. Artıq hər şeyi tam anladıqdan sonra onun ürkmüş mavi gözləri elə qeyri-insani əzabla alışıb-yandı, onlarda elə bir ağrılı ifadə öz əksini tapdı ki, milis dəhşətə gəldi. Qız qardaşına baxırdı. O da, öz növbəsində, həyəcandan ağarıb hərəkətsiz halda bacısına baxırdı.
– Bax indi ona de ki, o dəlidir, normal adamlar belə hərəkət etmirlər…
Lal boğaz səsiylə Stepanın üstünə atılıb onun boynundan asıldı…
– Apar onu buradan! – Stepan xırıltılı səslə milisdən xahiş etdi. – Apar!
– Mən necə aparım onu?…
– Apar, yaramaz! – Stepan kobud səslə bağırdı. – Apar, yoxsa sənin başını bu kətillə yaracağam!
Milis yerindən sıçradı, lalı qardaşından ayırdı… O, qardaşına doğru can atırdı. Movuldayırdı. Başını silkələyirdi.
– De ki, onu aldatmısan, zarafat eləmisən. Apar onu.
– Lənətə gələsiz! İndi gəl bunlarla əlləş, – milis qızı qapıya doğru apararaq deyindi. – O, indi gələcək, mən ona sizinlə görüşməyə imkan verəcəyəm! – o, qızı qandırmağa çalışırdı. – O, indi gələcək! Get! – Nəhayət, o, lalı sürüyüb qapıya doğru apardı və çölə atdı.
– Pah atonnan sənin! – o, qapını cəftəylə bağladı. – Fu-u… İndi bax, öz gördüyün işdən ləzzət al.
Stepan başını əllərinin arasına alıb gözlərini bir nöqtəyə zilləmişdi.
Sahə müvəkkili yarımçıq protokolu çantasına qoyub telefona yaxınlaşdı.
– Maşın çağırıram, rayona gedəcəyik, cəhənnəm olun başımdan. Giclər, başdanxarablar!
Lal isə ayaqları bir-birinə dolaşa-dolaşa kənddə küçənin ortası ilə qaçır və acı-acı göz yaşı axıdırdı. O hamıya, bu saat heç nədən xəbərsiz rəqs edib şənlənənlərə, qardaşını yenə də, nəyə görəsə aparmaq istədiklərini deməyə tələsirdi. Yaman tələsirdi.
TƏNQİDÇİLƏR
Babanın yetmiş üç, Petkanın, nəvəninsə on üç yaşı vardı. Baba soyuq, əsəbi və üstəlik, qulaqdan kar idi. Petka yaşına uymayan tərzdə sərbəst və hündür, üstəlik, utancaq və inadkar idi. Sözləri yaman tuturdu.
Həyatda hər şeydən çox kinonu sevirdilər. Babanın təqaüdünün yarısı biletə gedirdi. Ayın sonuna doğru vərdişi üzrə çıxarını hesablayan qoca bir az təəssüf hissiylə, bir az da şən səslə Petkaya elan edirdi:
– Beş manatı havaya sovurmuşuq!
Petka guya təəccüblənibmiş kimi, nəzakət xətrinə çiyinlərini çəkirdi.
– Eybi yox, yedirdərlər, – baba deyirdi (Petkanın atasıyla anası nəzərdə tutulurdu. Qoca Petkanın ata babası idi). – Kinoya getməksə bizim xeyrimizədir.
Həmişə birinci sırada otururdular: daha ucuz başa gəlirdi, üstəlik, baba da bu məsafədən yaxşı eşidirdi. Amma yenə də deyilənlərin yarısını axıradək başa düşmür, aktyorları dodaqlarının tərpənişindən anlamağa çalışırdı. Bəzən baba durma-tutma qəhqəhə çəkməyə başlayırdı. Halbuki zalda heç kəs gülmürdü. Petka babasının böyrünə dürtmə vurub donquldanırdı:
– Nə dəli kimi gülürsən?..
– Burasında nə dedi ki? – baba soruşurdu.
Petka eşitdiklərini babasının düz qulağına pıçıldayırdı:
– Sürəti azaltmadan.
– Ha-ha-ha, – baba bu dəfə alçaqdan özünə gülürdü. – Səhv başa düşmüşəm.
Bəzən günahsız birisi qətlə yetiriləndə baba ağlayırdı.
– Ay sizi, insanlar! – acı-acı pıçıldayır və yaylıqla burnunu silirdi. Ümumiyyətlə, ekranda gördüklərinə fikir bildirməyi xoşlayırdı; məsələn, əgər orada ehtirasla öpüşürdülərsə, qımışır və pıçıldayırdı:
– Ay sizi, şeytanlar!.. Bunlara bir bax… Hi-hi!
Əgər dalaşırdılarsa, stuldan yapışan baba gərgin və diqqətli baxışlarını ekrana dikirdi (cavanlıqda, deyilənə görə, hər fürsətdə dalaşmadan keçinmirmiş. Bacarırmış da).
– Yox,