olmur ki?
– Nədir, sənin belə oğlan xoşuna gələrdi?
– Hansı oğlan?
– Əlində qarmon tutanı deyirəm də. Özünü pəncərədən içəri soxanı.
– O özünü pəncərədən içəri soxmurdu, – Petka düzəliş verirdi; o, filmdə baş verənləri yadında dəqiq saxlayırdı, babasısa çaşdırırdı, bu da Petkanı əsəbiləşdirirdi. – O, pəncərəyə mahnı oxumaq üçün dırmaşırdı.
– Axır dırmaşırdı da. Bir dəfə, yadımdadır, pəncərəyə dırmaşdım ki…
– Bəs sənin beləsi xoşuna gəlməzdi ki?
– Kimi deyirsən?
– Necə yəni kimi?! Pəncərəyə dırmaşan oğlanı deyirəm də. Birinci özün başladın ki.
– Bircə qırıq da, – baba çeçələ barmağının ucunu göstərdi. – Dəlibala Vanyadır mənimçün. Gic-gic oxuyur və gəzir… Bizdə belə bir dəlibala Vanya vardı – işi-gücü sərsəri kimi oxumaq və gəzmək idi.
– Axı o sevir! – Petka əməlli-başlı əsəbiləşirdi.
– Nolsun ki, sevir?
– Sevdiyinə görə oxuyur da.
– Nə?
– Deyirəm sevir, ona görə də oxuyur!
– Bizdə beləsini hoydu-hoyduya götürərdilər! Addım atmağa imkan verməzdilər. Sevir… Sevəndə utanarlar. Yoxsa ki səsini başına atıb kənd boyu gəzir… Hansı dəli bu sərsəriyə ərə gələr! Axı o, ciddi oğlan deyil. Bizdə, yadımdadır, qız sevəndə iki küçə o yanda gəzərdik, utandığımızdan özümüzə yer tapmazdıq. Sevirsən sev də, daha səsini başına niyə…
– Necə yəni niyə?
– Özünü niyə gülünc yerə qoyur? Yadımdadır, biz…
– Yenə “biz, biz”. Axı indi adamlar başqa cür olublar!
– Niyə başqa cür olsunlar ki? Özündən uydurma, həmişə eyni cür olublar. Bizdə məgər belə sərsəri çox görmüsən?
– Axı bu, yenə də kinodur. Müqayisə etməyin yeri yoxdur.
– Mən heç müqayisə etmirəm də. Deyirəm, oğlan gerçəyə heç bənzəmir, vəssalam, – baba dediyindən dönmürdü.
– Axı hamının xoşuna gəlirdi! Hamı gülürdü! Hətta mən də gülürdüm.
– Hələ balacasan, ona görə də sənə gülməli gəlir. Bax mən hansı yerində gəldi gülmərəm.
Baba böyüklərlə hər deyəndə incəsənət mövzusunda mübahisə etmirdi – bacarmırdı. O saat əsəbiləşir, söyüş söyürdü.
Yalnız bircə dəfə böyüklərlə möhkəm tutaşmışdı, bu bircə dəfədə də başını bəlaya soxmuşdu.
Hadisə belə olmuşdu.
Petkayla komediyaya baxıb qurtarandan və klubdan çıxandan sonra, həmişəki kimi, filmi müzakirə etməyə başladılar.
– Adama lap acıq gəlir: şeytanlar (aktyorlar) özləri qaqqıldayırlar, sənsə mal kimi oturub üzlərinə baxırsan, adamın heç gülməyi də gəlmir! – baba yenə qızışmışdı. – Heç sənin gülməyin gəlirdi?
– Yox, – Petka etiraf etdi. – Təkcə bircə dəfə, onlar maşını aşırdanda.
– Mən də elə onu deyirəm! Biz axı bu zəhrimara görə pul ödəmişik – köhnə pulla iki manat! Bunlar bizi əməlli-başlı ələ saldılar.
– Özü də yekə-yekə “Komediya” yazıblar.
– Komediya!.. Başlarına dəysin bu cür komediyaları.
Baba-nəvə evə hirsli gəldilər.
Evdəsə bu vaxt televizoradan kənd mövzusunda hansısa filmi izləyirdilər. Petkanın xalasıyla əri də şəhərdən qonaq gəlmişdi. Hamısı oturub televizora baxırdı. (Babayla Petkanın televizoradan zəhləsi gedirdi. “Mən hələ subay olanda, qardaşım Mikitasa artıq evlənəndə qapının deşiyindən otaqlarına baxmağı xoşlayırdım. Bu televizor da elə həmin qapının deşiyi kimidir”, – baba bir-iki verilişi izləyəndən sonra bu qənaətə gəlmişdi.)
Deməli, hər kəs oturub televizora tamaşa edirdi.
Petka dərhal dəhlizə keçib dərs oxumağa başladı, babasa hamıdan arxada dayanıb beş dəqiqə televizoru izlədi və bəyan elədi:
– Başdan-ayağa gopdur. Həyatda bu cür olmur.
Petkanın atası incik səslə dilləndi:
– Atacan, sus, mane olma.
– Yox, niyə ki, maraqlıdır, – şəhərdən təşrif buyurmuş qonaq nəzakətlə dilləndi. – Babacan, niyə belə olmur ki? Necə olmur ki?
– A?
– Qulağı bir az ağır eşidir, – Petkanın atası aydınlıq gətirdi.
– Deyirəm, niyə belə olmur ki? Necə olur ki? – nədənsə üzündə təbəssüm yaranan kişi sualını təkrarladı.
Baba nifrət dolu baxışlarını ona dikdi:
– Elə-belə də, olmur. Bax sən baxıb elə bilirsən ki, o, dülgərdir, amma mən o saat anladım: o, dülgər-zad deyil. O heç baltanı da düz-əməlli tuta bilmir.
– Petkayla atam tənqidçidirlər, – Petkanın atası babanın kobudluğunu azacıq yumşaltmağa çalışdı.
– Maraqlıdır, – şəhərdən gələn qonaq yenə dilləndi. – Bəs niyə bu qənaətə gəldiniz ki, o, baltanı düz tutmur?
– Ona görə ki özüm ömrüm boyu dülgərlik etmişəm. “Niyə bu qənaətə gəlmisiniz?”
– Baba, – bu dəfə söhbətə Petkanın xalası qarışdı. – Məgər iş bundadır?
– Nədə?
– Mənə insanın özü qat-qat maraqlıdır. Başa düşürsünüz? Mən onun əsl dülgər olmadığını bilirəm. Bilirəm ki, o, aktyordur. Amma mənə daha çox…
– Elə studiyada da belələri yazırlar, – Petkanın xalasının əri yenə üzündə təbəssüm dedi.
Petkanın xalasıyla əri çox ağıllıydılar və hər şeyi bilirdilər. Onlar babayla danışanda həmişə gülümsəyirdilər. Bu da babanın acığına gəlirdi.
– Sənə əhəmiyyətli deyil, mənə isə əhəmiyyətlidir, – o, qadının sözünü ağzında qoydu. – Onlar sənə kəf gələ bilərlər, amma mənə yox.
– Ha-ha-ha, – şəhərdən gələn qonaq qəhqəhə çəkdi. – Aldın payını?
Petkanın xalası da qımışdı.
Petkanın atasıyla anası babaya görə xəcalət çəkirdi.
– Ata, sənə də heç yaramaq olmur, – Petkanın atası narazı səslə dilləndi. – Yaxşısı budur, get Petkaya kömək elə. – Şəhərdən gələn qonağa tərəf əyilib yenə astaca aydınlıq gətirdi: – Oğluma dərslərini öyrənməkdə kömək edir, hərçənd özü hırnan zırı qanmır. Baba-nəvə bir-biriylə elə mübahisə edirlər ki, qıraqdan bax, qarnını tut!
– Maraqlı